“Nəyi
istəməmişəm, onu da çəkməmişəm”
Bu
yaxınlarda mətbuatda məşhur rejissor Eldar Ryazanovun
neyrocərrahiyyə xəstəxanasına yerləşdirilməsi
ilə bağlı xəbərlər yayıldı. Xəstəxananın
həkimi bildirib ki, rejissor əməliyyat olunmayacaq.
Çünki cərrahi müdaxilə xəstə
üçün ağır nəticələr verə bilər.
Osteoxondrozdan əziyyət çəkən E.Ryazanovun görmə
və eşitmə ilə bağlı problemləri
yaranıb. Maraqlıdır, milyonlarla insanlara həyatın
ironiyasını, istehzasını, gülüşünü
göstərən, səmimi dialoqları eşitdirən Eldar
Ryazanov bundan sonra filmlərini görə, dialoqlarını
eşidə bilməyəcək...
Görkəmli rejissorun 83
yaşı var. 1950-ci ildə Q. Kozintsovun emalatxanasında
rejissorluq fakültəsini bitirdikdən sonra Sənədli
Filmlərin Mərkəzi Studiyasında işləyib. 1955-ci ildə
“Saxalin adası” sənədli filminə görə Kann
kinofestivalında mükafat alıb. Bir il sonra rejissor onu məşhur
edən “Karnaval gecəsi” kinokomediyasını çəkir.
Bundan sonra komediya üslubuna köklənir. Onun filmləri
gülməli və heyranedicidir. Rejissorun sevimli janrı
tragikomediyadır: “Avtomobildən qorun!” (1966), “Uğur
ziqzaqı” (1968), “Quldur qocalar” (1971), “Qəribə təsadüf
və ya həmişə təmizlikdə!” (1975), “İşdə
məhəbbət macərası” (1977), “Qaraj” (1979). Bu filmlərdəki
obrazlar 60-70-ci illərin rus-sovet kinokomediyalarının əsas
simalarıdır. Detoçkin, cərrah Lukaşin, müstəntiq
Myaçikov həmin illərin simvoluna çevrilir.
E.Ryazanov komediya janrından əl
çəkmir, amma “təmiz” komediyaya da üstünlük
vermir. Çəkdiyi filmləri ilə rus-italyansayağı
komediyanı qoruyur. Necə ki, bunu “İtalyanların Rusiyada
qeyri-adi macəraları” (1973) filmində parlaq aktyor Andrey
Mironovla birgə həyata keçirir. E.Ryazanov klassikaya da
müraciət edir. O, 1984-cü ildə Andrey Myaqkov və
Nikita Mixalkovla birgə “Amansız romans” filmini çəkir.
Sovet hökumətinin yenidənqurma siyasəti rejissoru məcbur
edir ki, satiraya müraciət eləsin. 1987-ci ildə Leonid
Filatov və Valentin Qaftla birgə “Fleyta üçün
unudulmuş melodiya” filmini çəkir. Bir il sonra “Hörmətli
Yelena Sergeyevna” (1988) tragikomediyası çəkilir.
Sovet
kinosunu dünyaya tanıdan “Karnaval gecəsi”
“Karnaval gecəsi” filmi ekranlara
çıxan kimi rejissor Eldar Ryazanovu bütün ölkə
tanıdı. Film prokatda 48,64 milyon tamaşaçı
topladı. Gənc Lyudmila Qurçenko da yeni ili məşhurluqla
qarşıladı. Ancaq əvvəllər onu rola təsdiqləmək
də istəmirdilər.
“Qəribə təsadüf və
ya həmişə təmizlikdə” filminin premyerası
1976-cı ilə təsadüf etdi. Filmi eyni vaxtda üç
kamera çəkirdi. Eldar Ryazanov bizə çox sadə
görünən bu film haqqında deyir: “Film üzərində
iş fevral-mart aylarında gedirdi. Ən böyük çətinlik
onda idi ki, o il güclü qar yağmışdı. Qarsız
da keçinə bilməzdik, çünki yeni il
nağılına bənzər bir film çəkirdik. Qar
olmayanda isə yerə süni qar tökməyə məcbur
olurduq.
Qar məsələsini həll
etmişdik ki, yeni bir problem ortaya çıxdı. İppolit
roluna təsdiqlənən Oleq Basilaşvili üçün
artıq kostyumlar da hazır idi. Çəkilişə
başlayana yaxın aktyorun atası öldü. Aktyoru Yuri
Yakovlev əvəz etsə də, xoşbəxtlikdən
kostyumlar ona dar gəldi. Çoxlarının yadındadır
ki, baş qəhrəman İppolitin şəklindən
qurtulmaq üçün onu pəncərədən atır.
Tamaşaçılar bunu hiss etmirlər, pəncərədən
atılan Yuri Yakovlevin şəklidir. Amma yerdən
qaldıranda artıq Basilaşvilinin şəkli olur. Bu
kadrı yenidən çəkməyə vaxtım
çatmadı”.
Tamaşaçılar bu filmin, demək
olar ki, bütün epizodlarını əzbər bilirlər. Amma yenə
də hər il 31 dekabrda
bu filmi maraqla seyr edirlər.
Rejissor bunun səbəbini belə izah edir: “Məncə,
komediya filmində personajları elə çəkmək lazımdır
ki, onlar özlərində tamaşaçıya
qarşı simpatiya oyada bilsin, bununla
bahəm gülməli
olsunlar. Mənə elə gəlir
ki, komediyaya köklənmiş insan, birincisi insanları sevməyi bacarmalıdır,
ikincisi, yumor hissinə malik olmalıdır, üçüncüsü
isə zamanı duymalıdır”.
“Komediyanı böyük kütlə qarşısında
göstərmək lazımdır”
Ryazanovun son filmlərindən biri “Yataq otağının
açarı” adlanır.
Filmdə hadisələr inqilabdan
əvvəlki Rusiyada cərəyan edir. Əgər rejissor bundan əvvəlki filmlərində
hadisələrin gedişini
bir ailənin və ya kiçik
bir cəmiyyətin daxilində həll edirdisə, bu filmdə tam əksinədir.
“Yataq otağının
açarı” bir yataq otağını açmaqla kifayətlənmir.
Ryazanov inqilabdan əvvəlki Rusiyanı bu açarla açır.
Digər
filmlərindən fərqli
olaraq bu filmdə gülüşə
çox üstünlük
verilmir. Yalnız “yataq
otağı çərçivəsində”.
Rejissorun film haqqında dediklərindən:
“Komediyanı böyük
kütlə qarşısında
göstərmək lazımdır.
Onda gülüş reaksiyası
həvəslənməyə tabe olur. İnsanlarda yumor hissi müxtəlifdir
- əgər biri sadəcə gülümsəyirsə,
digəri stuldan yıxıla bilər.
Kim ki, az
gülür, başlayır
başa düşməyə.
Siz eşitmisiniz ki, kimsə “məndə yumor hissi yoxdur” desin?
Musiqi duyumu olmadığını
təsdiqləmək olar,
amma yumor hissinin olmadığını
demək təhqiredicidir”.
Məşhur rejissor istər
sovet dövründə,
istərsə də sonra heç vaxt sifarişlə film çəkməyib. Özü
isə bunu belə izah edir: “Nəyi istəməmişəm, onu
da çəkməmişəm,
indi də belə edirəm. Özümün istəyim olmadan
heç nə etməyəcəyəm. Mən öz-özümlə
yarışa girmək
istəmirəm”.
İntiqam Hacılı
Mədəniyyət.-
2010.- 17 sentyabr.- S. 10.