“Elazığ
çələngi”
Sentyabrın 15-də, Qafqaz İslam Ordusunun Bakını
daşnak-bolşevik irticasından azad etdiyi tarixi günün
92-ci ildönümündə Milli Kitabxanada çağdaş
Elazığ (Türkiyə) şairlərinin şeirlərindən
ibarət “Elazığ çələngi” kitabının təqdimat
mərasimi keçirilib. Kitab “Manas” və “Ozan” nəşriyyatlarının
birgə layihəsi əsasında çap edilib.
Tədbirin Türkiyə və Azərbaycandan olan iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş xilaskar türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu, Milli Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Ozan” nəşriyyatının direktoru Asif Rüstəmli, “Manas” yayım evinin direktoru Şener Bulud və başqaları çıxış ediblər. Çıxışlarda belə bir məqam xüsusi qeyd edilib ki, Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun tərkibində Bakını azad edərkən qəhrəmancasına həlak olmuş şəhidlərdən ikisi - Şevki Əfəndi və Timur Hasan Türkiyənin Elazığ vilayətindən olublar.
Natiqlər vurğulayıblar ki, “Elazığ çələngi” kitabı Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələrinə xidmət göstərmək, müasir oxucuları Elazığ poeziyası ilə tanış etmək məqsədi ilə nəşr olunub. Topluda Elazığ əyalətində yaşayıb-yaradan 42 şairin şeirləri çap edilib.
Qeyd olunub ki, yaxın vaxtlarda Elazığda gənc azərbaycanlı şairlərin şeirlərindən ibarət kitabın çap edilməsi nəzərdə tutulur.
Tədbirdə
Elazığ şairləri yeni şeirlərindən
nümunələr oxuyublar.
Mədəniyyət.-
2010.- 17 sentyabr.- S. 8.