Milli pianoçuluq məktəbinin
təşəkkülündə Üzeyir
Hacıbəylinin rolu
Azərbaycan
xalqının dünya mədəniyyətinə bəxş
etdiyi ən böyük dühalardan biri, heç şübhəsiz,
böyük bəstəkar Üzeyir Hacıbəylidir. Onun
yaradıcılığı Azərbaycan musiqi sənəti
tarixinin parlaq səhifələrini təşkil edir. Bəstəkarın
klassik və müasir musiqinin sintezindən yaranan müxtəlif
janrlı əsərləri XX əsr dünya musiqisi xəzinəsinin
inciləri sırasında yer alır. Onun fəlsəfi məna
və ümumbəşəri ideyalarla zəngin irsi müəllifə
dünya şöhrəti gətirməklə yanaşı,
Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə
tanınmasında müstəsna rol oynayıb.
Azərbaycan professional musiqi təhsili
sisteminin yaranmasında da ən mühüm rol Üzeyir
Hacıbəyliyə məxsusdur. Məhz onun təşəbbüsü
ilə 1921-ci il avqustun 26-da Dövlət Konservatoriyası
açılıb. Bu təhsil müəssisəsinin 90 illik
inkişaf yolu pianoçuluq məktəbi sahəsində də
böyük yaradıcılıq nailiyyətləri ilə əlamətdardır.
Üzeyir Hacıbəyli dahi
uzaqgörənliklə musiqi qavrayışında əsrlərlə
davam edən ətaləti dəf edərək orijinal Şərq
musiqi mədəniyyətinin inkişafında ümumavropa ənənələrinin
tətbiqini həyata keçirməyin yollarını
axtarıb tapıb. O, «İskusstvo» jurnalında dərc
etdirdiyi «Azərbaycan musiqi maarifi məsələləri»
adlı məqaləsində əsas məsələlərdən
biri kimi «musiqi təhsili ocaqlarının açılması
yolu ilə bütün Azərbaycan əhalisinin musiqi təhsilini
təmin etmək, onlara əsrlərdən bəri inkişaf
edən və dünyaya bir sıra dahilər bəxş edən
ümummusiqi mədəniyyətini təlqin etmək» məsələsini
irəli çəkirdi.
Qeyd etmək lazımdır ki, o
dövrdə Bakıda klassik rus musiqi pedaqogikasının ən
yüksək ənənələri ruhunda tərbiyə
almış çox istedadlı, öz işinə sadiq
musiqiçilər işləyirdilər. Onların arasında
birinci dərəcəli pianoçular da vardı. Azərbaycan
pianoçuluq məktəbinin inkişafında yaşlı nəslin
nümayəndələri olan professorlardan Q.Şaroyev,
M.Brenner, K.Səfərəliyeva kimi musiqiçilər
böyük rol oynayıb, öz fəaliyyətləri ilə
Azərbaycan Dövlət Konservatoriyasının inkişaf
tarixinə parlaq səhifələr yazıblar.
Azərbaycanda fortepiano mədəniyyətinin
əsasını qoyanlardan biri kimi Sankt-Peterburq
Konservatoriyasının məzunu Qeorqi Qeorqiyeviç
Şaroyevi (1890-1969) xüsusi ilə qeyd etmək
lazımdır. 1931-ci ildə professor Q.Şaroyevin sinfini
respublikamızda ali professional musiqi təhsili alan ilk azərbaycanlı
pianoçu Kövkəb Səfərəliyeva bitirib. Onun
yaradıcılığı bilavasitə Üzeyir Hacıbəylinin
təsiri altında formalaşıb. K.Səfərəliyeva
yaradıcılıq fəaliyyətinə də Üzeyir
Hacıbəylinin rəhbərlik etdiyi xorda konsertmeystr kimi başlayıb.
Onun zəmanətilə 1935-ci ildə Leninqrad (Sankt-Peterburq)
Konservatoriyasının məzunu M.Brenner (1907-1973) pianoçu
kimi pedaqoji fəaliyyətə cəlb edilir. Bir çox
istedadlı pianoçular onun yetirməsidir. O, Azərbaycanda
sözün əsil mənasında milli fortepiano
ifaçılığı mədəniyyətinin əsasını
qoyub. Məhz onun, Q.Q.Şaroyev və K.Səfərəliyevanın
tələbələri bu gün Bakı Musiqi
Akademiyasının fortepiano fakültəsinin əsas müəllim
heyətini təşkil edir.
1920-ci illərdə Azərbaycan
Dövlət Konservatoriyasının 6 şöbəsi
vardı: fortepiano, vokal, orkestr, nəzəriyyə, bəstəkarlıq
və Şərq şöbəsi. 1930-1970-ci illərdə
burada əsas baza kafedraları tam şəkildə
formalaşmışdı: ixtisas fortepiano, Azərbaycan xalq
musiqisinin tarixi və nəzəriyyəsi, simli alətlər,
nəfəs və zərb alətləri, vokal, bəstəkarlıq,
musiqi tarixi, musiqi nəzəriyyəsi, xor dirijorluğu, xalq
çalğı alətləri, kamera ansamblı. Hazırda
Bakı Musiqi Akademiyasında 19 kafedranı birləşdirən
4 fakültə var.
Üzeyir Hacıbəylini musiqi
ifaçılarının tədrisində milli repertuarın
yaradılması problemi narahat edirdi. O, bu məsuliyyətli vəzifəni,
yəni milli mövzulara əsaslanmış bədii pedaqoji
repertuarın formalaşdırılmasını o vaxtlar
fortepiano kafedrasına rəhbərlik edən Q.Şaroyevin
öhdəsinə buraxır. Son dərəcə böyük
enerji ilə işə başlayan Q.Şaroyev materialları
toplayır, tematik planı hazırlayır, bəstəkarlar
üçün konsultasiyalar təşkil edir, yazılan əsərləri
redaktə edir və onların nəşrini təmin edir. Onun
başçılığı altında bilavasitə
fortepiano və fortepianonun iştirakı ilə instrumental
ansambl üçün nəzərdə tutulmuş bir
sıra transkripsiyalar yazılıb. Bunlardan «Koroğlu»
operasının transkripsiyasını (müəllifləri
Q.Burşteyn və B.Zeydman) və «Arşın mal alan» musiqili
komediyasının transkripsiyasını (müəllifi
N.Karnitskaya) göstərmək olar. Transkripsiyaların meydana gəlməsində
əsas məqsəd, ilk növbədə, pedaqoji
repertuarın genişləndirilməsi idi.
1939-cu ildə Azərbaycan
professional musiqi mədəniyyəti tarixində önəmli
hadisə ilə yadda qaldı: ali musiqi tədris ocağı
olan konservatoriyanın rəhbərliyi dahi bəstəkar və
ictimai xadim Üzeyir Hacıbəyliyə
tapşırıldı. O dövrdən başlayaraq, burada
professional musiqi təhsili üçün çox əlverişli
şərait yarandı, respublikada musiqi təhsilinin təşəkkülü
yolunda çox qəti addımlar atıldı. Məhz bundan
sonra Azərbaycan Dövlət Konservatoriyasının məzunları
pedaqoji işə dəvət olundular. 1939-cu ildə K.Səfərəliyeva
da bu təhsil ocağına dəvət aldı. O, Azərbaycan
musiqi mədəniyyəti xadimləri arasında çox
görkəmli yer tutur. Respublikamızda fortepiano tədrisinin
formalaşması, milli fortepiano repertuarının
yaradılması onun adı ilə bağlıdır.
Üzeyir Hacıbəylinin rəhbərliyi altında 1945-ci
ildə K.Səfərəliyeva tərəfindən
yazılmış «Azərbaycan ladları əsasında pyeslər»
məcmuəsi böyük metodiki və praktik maraq doğurur.
1920-1930-cu illər Azərbaycan
musiqi mədəniyyəti tarixində milli instrumental musiqi əsərlərinin
meydana gəlməsi ilə önəmlidir. Bu illər həm
də milli və Avropa ənənələrinin sintezi əsasında
bəstəkarlıq məktəbinin formalaşması illəri
idi.
Azərbaycanda fortepiano
janrının bünövrəsini qoymaq Asəf
Zeynallının öhdəsinə
düşmüşdü. A.Zeynallının fortepiano pyeslərinin
əsas üslub xüsusiyyətləri Üzeyir Hacıbəyli
və Müslim Maqomayev tərəfindən əsası
qoyulmuş üsluba, yəni milli, səciyyəvi cizgilərin
ifadə vasitələri ilə sintezinə dayanır.
Avropa və klassik Şərq musiqi
mədəniyyətinin sintezi yolunda 1945-ci ildə dərc
olunmuş «SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin bəstəkarlıq
sinfinin tələbələri tərəfindən Azərbaycan
ladlarında yazılmış iki sonatina» mühüm rol
oynadı. Bəstəkarın pedaqoji fəaliyyətinin bu
tarixi abidələrində Azərbaycan muğamları
üçün səciyyəvi olan lad-ritmik xüsusiyyətlər
əsasında «Avropa» formasını qurmaq cəhdi həyata
keçirilir.
Üzeyir Hacıbəylinin
yaradıcılıq fəaliyyəti müharibədən
(1941-1945) sonrakı dövrlərdə Azərbaycan fortepiano
musiqisində yeni janr nümunəsinin - F.Əmirov və
A.Babayev tərəfindən yazılmış fortepiano və
xalq çalğı alətləri orkestri üçün nəzərdə
tutulmuş konsertin meydana gəlməsi üçün bir
stimul oldu. Bu konsertin meydana gəlməsi təsadüfi deyildi.
Hələ 1931-ci ildə Üzeyir Hacıbəyli tərəfindən
xalq çalğı alətləri orkestri təşkil
edilmişdi. Onun tərkibinə tar, kamança, balaban və
digər xalq çalğı alətləri orkestrindən əlavə
fortepiano - sırf Avropa aləti də daxil idi. Xalq
çalğı alətləri orkestri üçün ilk
nümunə Üzeyir Hacıbəylinin 2 ¹-li «Fantaziyası»
oldu. Burada bəstəkar fortepiano alətinə önəmli
yer ayırır. Beləliklə, XX əsrin birinci
yarısında Azərbaycan fortepiano mədəniyyətinin
formalaşma prosesi bütün aspektlərdə - istər bəstəkar
yaradıcılığında, istərsə də pedaqogika
və ifaçılıq sahəsində - Azərbaycan milli
musiqi mədəniyyətinin patriarxı sayılan Üzeyir
Hacıbəylinin nəzarəti altında keçib.
Üzeyir Hacıbəylinin Azərbaycanda
musiqi təhsilinin inkişafı sahəsində rolu əvəzsizdir.
Onun maarifçilik baxışları, ictimai-təşkilati fəaliyyəti
müasir fortepiano təhsilinin yaradılmasında əsaslı
rol oynayıb. Onun kadr siyasətinin əsasında, bir tərəfdən,
musiqiçi ifaçıların səviyyəli tədrisini
təşkil etmək üçün rus fortepiano məktəbinin
yüksək ixtisaslı mütəxəssislərinin dəvət
edilməsi, digər tərəfdən, gənc istedadları təhsil
almaq üçün Moskvaya göndərmək dururdu.
Üzeyir bəy Azərbaycan fortepiano musiqisinin bünövrəsini
qoymaqla yanaşı, həmçinin o dövrdə gənc bəstəkarların
- A.Zeynallı, Q.Qarayev, F.Əmirovun
yaradıcılığında inkişaf yollarını da
müəyyən etdi.
Dahi bəstəkar Azərbaycan
musiqi mədəniyyəti tarixində yeni inkişaf
yollarının və milli bəstəkarlıq məktəbinin
özülünü qoyaraq musiqi tariximizdə ilk opera, ilk
musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin
yaradıcısı kimi tanınıb. O, ilk azərbaycanlı
folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam)
nəzəriyyəsini araşdırıb üzə
çıxarmış və əsaslandırmış ilk azərbaycanlı
musiqişünas-alimdir.
Üzeyir Hacıbəyli, yüz
illik dövr keçsə də, hələ də ədəbi-bədii
dəyərini itirməmiş yazıları ilə tanınan
publisist, felyetonçu və librettoçu-dramaturqdur. O,
görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda
ən böyük musiqiçi-ictimaiyyətçi kimi, Şərqdə
ilk musiqili teatrın və ilk Konservatoriyanın
yaradıcısı və ilk yolgöstərəni,
sükançısı kimi Azərbaycan xalqının
tarixində və mədəniyyətində ən
böyük simalardan biri kimi yaşayır və yaşayacaq.
Şübhəsiz ki, alimlərimiz,
musiqişünaslarımız zəmanəmizin böyük bəstəkarı
Üzeyir Hacıbəylinin yaradıcılığını
hələ uzun illər boyu araşdıracaq, öyrənəcək,
haqqında müxtəlif fikirlər söyləyəcək,
həmişəyaşar sənətinin yeni-yeni
çalarlarını açacaq, nəşr edəcəklər.
Jalə
Qulamova,
sənətşünaslıq
namizədi
Mədəniyyət.-
2010.- 17 sentyabr.- S. 7.