Sumqayıtda
Üzeyir Hacıbəylinin abidə kompleksi
açıldı
Sentyabrın 15-də Sumqayıt şəhərində
Üzeyir Hacıbəylinin abidə kompleksinin təntənəli
açılışı oldu. Açılış mərasimini
şəhər İcra Hakimiyyətinin
başçısı Vaqif Əliyev açaraq
Sumqayıtın mədəni həyatında əlamətdar
hadisənin yaşandığını vurğuladı:
“Üzeyir sənəti hər bir azərbaycanlı
üçün milli qürur mənbəyidir. Onun ecazkar
musiqisi hər bir azərbaycanlı üçün ana
laylası qədər əzizdir”.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev dahi bəstəkarın 125 illik
yubileyi ərəfəsində belə bir abidənin
açılmasının önəmini qeyd edərək Azərbaycan
professional musiqisinin banisi Üzeyir bəyin yubileyinin hər kənddə,
hər şəhərdə qeyd olunduğunu, silsilə tədbirlərin
Fransada, Avstriyada, Almaniyada və dünyanın bir çox
ölkələrində qeyd olunacağını bildirdi. “Bu
gün Sumqayıtda həm Üzeyir bəyin abidəsinin
açılışında iştirak edirik, həm də ilk
dəfə milli teatrımızın 138-ci teatr
mövsümü bu şəhərdə açılır.
Belə düşünürəm ki, məhz bu gün
Üzeyir bəyin abidəsinin açılması rəmzi bir
xarakter daşıyır. Çünki milli
teatrımızı Üzeyir Hacıbəylisiz təsəvvür
etmək mümkün deyil”.
Mərasimdə Sumqayıt şəhərindəki
2 nömrəli İncəsənət Məktəbinin xalq
çalğı alətləri orkestri və
vokalçılar tərəfindən dahi bəstəkarın
əsərləri ifa edildi.
Üzeyir Hacıbəylinin abidə
kompleksi Sumqayıtda böyük bəstəkarın
adını daşıyan küçədəki xiyabanda
inşa edilib. Xiyabanın eni - 23 metr, ərazinin uzunluğu -
61 metr təşkil edir. 1340 kvadrat metrlik
abadlaşdırılan sahənin təxminən 740 kv.m hissəsində
tamet döşəmə salınıb,
yaşıllaşdırılan sahələrdə, əsasən
çəmən, dekorativ ağac və kollar əkilib,
oturacaqlar, müasir işıqlandırma sistemi
quraşdırılıb.
Sumqayıt şəhərinin
baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu
Ü.Hacıbəylinin abidəsinin ümumi
hündürlüyü 12 metr, postamentin oturacaq
ölçüsü 7,5 x 7,5 metrdir. Postament royal formasında
olub, qara qranitlə üzlənib, yüksələn hissəsi
orqan borularının simvolik təsviri kimi verilib, üzərində
5 metr yüksəklikdə yerləşən bürüncdən
hazırlanan barelyefin fonu isə ağ mərmərdən
üzük qaşı formasında işlənilib. Əks tərəfdən
isə eyni fon üzərində milli musiqi alətlərimizin,
tar, kaman və qavalın tökmə bürüncdən təsviri
yerləşib.
Təranə
Mədəniyyət.-
2010.- 17 sentyabr.- S. 3.