Dahi bəstəkarın 125 illik
yubileyi münasibətilə tədbir keçirildi
Sentyabrın 16-da “Azərbaycan
Respublikası Dağlıq Qarabağın Azərbaycanlı
İcması” İctimai Birliyinin
təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir
Hacıbəylinin anadan olmasının 125
illik yubileyinə həsr olunmuş
tədbir keçirildi.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında təşkil olunan tədbirdə çıxış edən İctimai Birliyin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov böyük bəstəkarın Azərbaycan və dünya musiqisinə böyük töhfələr verdiyini vurğuladı, onun ölməz sənəti ilə Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərindən danışdı. Ü.Hacıbəylinin doğulduğu torpağın bu gün işğal altında olduğunu xatırladan B. Səfərov gələcəkdə belə anım tədbirinin Şuşa şəhərində qeyd olunacağına əminliyini bildirdi. Sonra bəstəkarın abidəsi önünə gül dəstələri qoyuldu.
Bakı
Musiqi Akademiyasında təşkil olunan konsertə bəstəkarın
“Arazbarı” əsərinin ifası ilə
başlanıldı. Şuşa rayon Mədəniyyət və Turizm
Şöbəsinin nəzdində fəaliyyət göstərən
“Con Tempo” solistlər
ansamblının ifasında Üzeyir
Hacıbəylinin və gənc şuşalı bəstəkarların
əsərləri yenidən işlənmiş şəkildə
təqdim olundu. Konsertin
bədii rəhbəri Nizami Zeynalov, dirijoru isə Əməkdar
incəsənət xadimi Fəxrəddin Kərimov
idi.
Mədəniyyət.-
2010.- 17 sentyabr.- S. 2.