MƏN
və ÖZÜM
İlham Rəhimli
Söhbət-esse
Söhbətləşənlər:
Mən. 1971-ci ildən keçib 2011-ci ilin astanasına çatan İlham Rəhimli
Özüm. Bugünkü İlham Rəhimli
Mən: - Teatrşünas olmaq uşaqlıq arzundur?
Özüm: - Yox! Qətiyyən yox!..
Mən: - Belə deyim də, bəs nəçi olmaq istəmisən?
Özüm: - Orta məktəbi Yevlax şəhərində bitirmişəm, 1966-cı ildə. Uşaqlıqda, təxminən 6-cı sinifdən sonra rəssam olmaq istəmişəm.
Mən: - Bəs necə oldu ki, teatrşünaslığı seçdin?
Özüm: - Doqquzuncu sinifdə oxuyanda mənim və həmyaşıdlarım, şəkil çəkməklə birgə məşğul olduğumuz Əhməd Rzanın, Nizami Verdiyevin rəsmləri Moskva, Kubanın paytaxtı Havana şəhərlərində sərgilənib. Əhmədlə Nizami bu sənətin arxasınca getdilər. Əhməd Bakı Rəssamlıq Məktəbinə, Nizami isə Tatarıstanda eyni tipli texnikuma daxil oldular. Mən sənədlərimi Politexnik İnstitutunun memarlıq fakültəsinə verdim, amma avqustun 16-da, ya 17-də fizika imtahanından kəsildim. O vaxt 4-5 imtahan götürülürdü. Bizdə fizika dördüncü imtahan idi.
Mən: - Kəsdilər, yoxsa kəsildin?
Özüm: - Kəsildim. Biletimə düşən sualları bilmədim. Ümumiyyətlə dəqiq elmləri orta məktəbdə o qədər də yaxşı oxumamışam. Həvəsim olmayıb.
Mən: - İmtahandan kəsiləndən sonra Bakıda qaldın?
Özüm: - Yox. Həmin illərdə şəhər qeydiyyatı olmayanı Bakıda heç bir işə götürmürdülər. Qayıtdım Yevlağa. Burada 4 saylı kalonda işlədim.
Mən: - Nə işlədin?
Özüm: - Ştata çilingər kimi götürülmüşdüm, amma dispetçer köməkçisi işləyirdim. Maşınlara putyovka yazırdım.
Mən: - Bəs İncəsənət İnstitutuna necə gəlib çıxdın?
Özüm: - Danışıram də. Vacib bir məqam var, qoy onu qeyd edim. Bizim dövrümüzdə iş stajı olanlara ali məktəbə qəbul zamanı müsabiqədə (müvəffəq qiymət alanlar arasında müsabiqə keçirilirdi) üstünlük verilirdi. Mənim də bir illik iş stajım vardı…
Mən: - Dayan görüm. Deyirsən ki, avqust ayında institutdan kəsilib qayıtmısan. İşə qəbulunu sentyabr ayından hesablasaq axı heç bir il eləmir, doqquz ay ancaq olur.
Özüm: - Ali məktəbə təqdim etdiyim arayışda yazmışdılar ki, guya 1966-cı ilin iyun ayından işləmişəm.
Mən: - Deməli saxta arayış
almısan?
Özüm: - Bir az
elə çıxır. Üç ayı
qanunsuz yazıblar.
Mən: - Aydındı... Teatr İnstitutuna imtahan verməyindən
danış.
Özüm: - Azərbaycan Dövlət
Teatr İnstitutunun rəssamlıq fakültəsinə daxil
olmaq istədim. İyun ayında gəldim
Bakıya. O vaxtı bu ali məktəb
Buynaksk küçəsi, ev 3-də (indiki Şeyx Şamil)
yerləşirdi. İçərişəhər
metrosundan 200 metr yuxarıya tərəf. Qəbul
komissiyası ikinci mərtəbənin dar bir otağında
yerləşirdi. Oturanların başı üzərindən
divara kağız lövhə vurulmuşdu: «rəssamlıq
fakültəsinə qəbul». Yaxınlaşdım
ora. Ötəri işlərimə
baxıb qaytardılar, heç sənədlərimi qəbul
etmədilər.
Mən: - Nə deyib qəbul etmədilər?
Özüm: - Komissiyada oturanlar
dedilər ki, işlərin zəifdir, əvvəlcə rəssamlıq
məktəbini bitir, sonra bura gələrsən.
Mən: - İşlərim deyəndə
nəyi nəzərdə tutursan?
Özüm: - Digər sənədlərlə
yanaşı, akvarellə və qələmlə çəkilmiş
şəkillərimizi də təqdim edirdik. Mən də on
iki iş gətirmişdim. Altısı akvarellə
çəkilmiş natürmort və mənzərələr,
altısı da qələmlə işlənmiş rəsm
nümunələri idi.
Mən: - Bəs niyə Bakıya
iyun ayında gəlmişdin?
Özüm: - Həmin dövrdə
qəbul imtahanları Teatr İnstitutuna 6 iyulda, qalan ali məktəblərdə isə 1 avqustda
başlayırdı. Teatr İnstitutuna sənədlər
iyunun 5-dən qəbul edilirdi.
Mən: - Sənədlərini
götürməyəndə nə qərar
çıxardın?
Özüm: - Rayona qayıtmaq istəmədim.
Divardan asılmış qəbul elanına
baxdım. Aktyorluq, rejissorluq, mədəni-maarif
fakültələri mənlik deyildi. Həmin
ixtisaslar barədə heç anlayışım yox idi.
«Şünas» sözü xoşuma gəldi.
Sənəd götürənlərdən
soruşdum ki, bu «teatrşünaslıq» nədir?
Oranı bitirən nə iş görür? Bir
neçə söz dedilər, anlamadım. Axırı güc-bəla ilə başa saldılar
ki, teatrşünaslıq həm də dramaturgiya ilə
bağlıdır. Orta məktəb həcmində
ədəbiyyatı az-çox bilirdim. Bəxtimi
sınamaq üçün sənədlərimi candərdi
teatrşünaslığa verdim. Qərarım da bu idi
ki, imtahandan kəsilsəm, sənədlərimi başqa ali məktəbə verərəm.
Mən: - Bu dəfə hansı
institutu seçəcəydin?
Özüm: - Yenə Politexnik
İnstitutunun memarlıq fakültəsini. Nə isə... Birinci imtahan ixtisasdan idi. Abituriyentləri
sorğu-suala çəkirdilər. Növbə
mənə çatdı. Miz arxasında
üç müəllim əyləşmişdi. Bir nəfər
bəstəboy adam kəhrəba
müştükdə siqaret çəkə-çəkə
otağın yuxarı başında asta-asta var-gəl edirdi. Müəllimlərdən ikisi heç
ağızlarını açmadılar. Sorğuda
teatrdan heç bir suala cavab verə bilmədim.
Mən: - Həmin müəllimlərin
adlarını deyə bilərsənmi?
Özüm: - Onların
adlarını tələbəlik dövründə öyrəndim,
simaları yadımda yaxşı qalmışdı. Kəhrəba müştükdə siqaret çəkib
var-gəl edən rektor Rahib Hüseynov idi. İmtahanı Rza Təhmasib, Ələmdar Quluzadə
və Mahmud Allahverdiyev götürürdülər.
Sorğuları cavablandıra bilməyəndə Rza Təhmasib
gülə-gülə, bir az da kinayə
ilə dedi: «Bala, get rayonda özünə bacara biləcəyin
bir iş tap. Səndən teatr adamı olmaz».
Amma əsasən Cəfər Cabbarlının, bir az da Əbdürrəhim bəy Haqverdiyevin, Mirzə
Fətəli Axundzadənin yaradıcılıqları barədə
suallara cavab verdim. Bu, asta-asta var-gəl edən
Rahib Hüseynovun xoşuna gəldi. O, bizə
yaxınlaşdı, Cəfər Cabbarlıdan daha bir neçə
sual verdi. Sonralar bildim ki, onun
doktorluq işi Cəfər Cabbarlı və teatr mövzusu ilə
bağlıdır. Hə, cavablarım
Rahib müəllimi qane etdi. Soruşdu: «iş stajın
var?» Cavab verdim: «Bəli, var. Bir il». Bir az şübhəynən mənə baxdı. İmtahan vərəqəmi mizin üstündən
götürdü. Ucadan «Qurbanəli» deyib,
kimisə səslədi. İçəri bəstəboy,
sarışın bir adam daxil oldu. Rahib
müəllim imtahan vərəqəsindən adımı
oxuyub amiranə tərzdə dedi: «Get aşağıdan
İlham Rəhimlinin sənədlərini bura gətir». Heç iki-üç dəqiqə keçmədi
Qurbanəli sənədlərimi gətirdi. Sənədlərimə
baxıb gördülər ki, həqiqətən bir illik
iş stajım var. Bu staj da dadıma çatdı. Mənə
şərtlə qiymət verdilər: «O biri imtahanlara
buraxılsın. Qəbul olunsa, birinci semestr
yaxşı oxumasa, institutdan xaric edilsin».
Mən: - Deyəsən orta məktəbdə
ədəbiyyat müəllimin güclü olub?
Özüm: - Dörd müəllimdən
ədəbiyyat dərsi almışam. Azərbaycan
dili və ilk ədəbiyyat müəllimim Məhbubə
xanım olub. Sonra bu dərsi Nəzmiyyə
xanım, Surxay müəllim, Dursun müəllim keçiblər.
Məhbubə xanımdan mürəkkəb
cümlə qurmağı, Nəzmiyyə xanımdan dram
janrına marağı, Dursun müəllimdən oxuduğum bədii
əsəri təhlil etməyi, Surxay müəllimdən
folklora rəğbəti öyrənmişəm.
Mən: - Elə bir imtahan verdin?
Özüm: - Yox. Ədəbiyyatdan
yazılı və şifahi, bir də tarixdən də imtahan
verib qiymət aldım. Beləcə, oldum
tələbə.
Mən: - Orta məktəbdə necə
oxumusan?
Özüm: - 8 sentyabr 1949-cu ildə
anadan olmuşam. Yevlax rayonunun Malbinəsi kəndində.
Bir yaşım olar-olmaz, ailəmiz
Yevlağın özünə köçüb.
Ünvanımz Xəqani küçəsi, ev
9-dur. Ata yurdumuz oranı sayıram…
Mən: - Orta məktəbdən
sual verdim axı...
Özüm: - Qoy əvvəlcə
doğulduğumu deyim də.
Mən: - Onsuz da həmin sualı
verəcəydim. Məni qabaqladın. Buyur görək.
Özüm: - Məktəbə 6
yaşında getmişəm. 1955-ci ildə.
Mən: - O vaxtı elə əksər
uşaqlar 6 yaşında məktəbə gedirdilər də...
Özüm: - Orası elədir... Deməli, birinci sinfi dörd «məktəbdə»
oxumuşam. Bir rüb o vaxtı Pristin
adlanan küçədəki MTS deyilən binanın
uçuq-salxaq bir otağında oxumuşam. 1-ci «b» sinfində.
Mən: - MTS nə deməkdir?
Özüm: - Maşın Təmir
Stansiyası. Yəni, kolxozların
maşın-traktorlarının təmir edildiyi yer. Sonra şəhərin Bərdə yolu girəcəyində
MTS üçün təzə bina tikdilər.
Mən: - Məktəbdən
danış.
Özüm: - Həəə.
İkinci rübü Nizami küçəsində musiqi məktəbi
ilə yanaşı ikimərtəbəli uşaq
bağçasının bir otağında başa
vurmuşuq. Üçüncü rübdə dərsləri
5 saylı məktəbin bir sinif otağında
keçmişik. O da Nizami küçəsindədir.
Dördüncü rübü isə
promkombinatın Kommunist küçəsindəki ikimərtəbəli
binasının həyətə baxan otağında başa
çatdırmışıq. Bu
binanın yuxarı mərtəbəsində dərzixana,
aşağı mərtəbələrində isə
boyaqçı, bərbərxana və pinəçi
köşkləri vardı.
Mən: - Hər təzə yerdə
müəllimlərin dəyişirdi?
Özüm: - Yox. Bir
ay bizə dərsi Amaliya xanım Məmmədova deyib. Axıra qədər isə müəllimimiz Labidə
xanım olub. Sonralar onun oğlu Şıxəli
ilə bir məktəbdə paralel oxuduq.
Mən: - Lap meydan teatr aktyorları
kimi səyyar həyat sürmüsünüz.
Özüm: - Bir az
oxşarı var.
Mən: - Məktəb sərgüzəştinin
sonrası necə oldu?
Özüm: - 1956-cı ilin
sentyabrında Yevlaxda Mirzə Ələkbər Sabir adına təzə məktəb
açıldı, 2 saylı. Bizim evdən ora
4-5 yüz metr olar. 6-ci sinfi orada bitirdim.
7-ci, 8-ci və 9-cu sinfin yarısın internat məktəbində
oxudum. İki rüb gecə məktəbinə
getdim. 11-ci sinfi isə 1 salı məktəbdə
bitirdim.
Mən: - Şəhərdə sən
oxumamış məktəb qaldı?
Özüm: - Hə, dəmir yol məktəbi
deyilən təhsil ocağında oxumamışam.
Mən: - İdmanla məşğul
olmusan?
Özüm: - Futbol
oynamışam, bir az güləşə
getmişəm, internatda yaxşı voleybol komandamız olub. Stolüstü tennis üzrə idman
ustalığına namizəd normasını 10-cu sinifdə
yerinə yetirmişəm.
Mən: - Bayaq verdiyim sualımı
bir də təkrarlayıram: orta məktəbdə necə
oxumusan? Məktəbləri çox dəyişməkdə
nəsə bir müəmma yoxdur ki?
Özüm: - O qədər də
yaxşı oxumamışam. Üstəlik də
məktəb təlim-tərbiyə qaydalarını
vaxtaşırı pozmuşam. Əslində bəzi məktəblərdən
özüm getməmişəm…
Mən: - Qovublar?
Özüm: - Qovublar deyəndə,
tövsiyə ediblər ki, başqa məktəbə
keçsən yaxşıdır... Başa
düşürsən də.
Mən: - Attestat qiymətlərin
necədir?
Özüm: - O qədər də
fərli deyil.
Mən: - Doğulduğun yerə
qayıtmaq, orada yaşamaq istiyərdinmi?
Özüm: - İşimə,
peşəmə uyğun nəsə olsaydı, bəlkə də
hə. Amma böyük məmnuniyyətlə
11-ci sinifdə oxumaq istiyərdim. Özü də
yalnız 11-ci sinfi bitirdiyim uşaqlarla… Bu arzumun
reallaşdığını tez-tez yalnız yuxuda
görürəm. Təəssüflər...
Mən: - Bəlkə ilk məhəbbətin
həmin dövrlə bağlıdır?
Özüm: - Yox əşi. İlk məhəbbətim (ona məhəbbət demək
olarsa) ikinci sinifdə olub. Rus dili müəlliməmiz
vardı, Cülyetta xanım, oğlanlarımızın əksəriyyəti
onu sevirdi. O, azərbaycanca danışmırdı, biz də
heç «da» və «net»i bilmirdik. Cülyetta
müəllimənin üstündə hərdən davamız
da düşürdü.
Mən: - Qayıdaq 1967-ci ilə. İnstituta qəbul olandan sonra teatra tez maraq göstərdin?
(Ardı
var)
Mədəniyyət.-
2010.- 15 sentyabr.- S. 12.