Mən
və özüm
İlham Rəhimli
Söhbət-esse
Söhbətləşənlər:
Mən. 1971-ci ildən keçib
2011-ci ilin astanasına çatan İlham Rəhimli
Özüm. Bugünkü İlham
Rəhimli
(Əvvəli ötən
sayımızda)
Özüm: - Əvvəlcə elə
bilirdim ki, Bakıda bir teatr var, hamı orda işləyir.
Kinodan bəzi aktyorları tanıyırdım axı.
Yavaş-yavaş Bakının teatr mühitinə
alışdım.
Mən: - Yaradıcılığa
nə vaxtdan başlamısan?
Özüm: - Mətbuatda ilk
yazım 1969-cu ildə çıxıb. «Azərbaycan gəncləri»
qəzetində. İnformasiya xarakterli kiçik yazı idi.
Ancaq müntəzəm yaradıcılığa son kursdan -
1971-ci ilin payızından başlamışam.
Mən: - Necə oldu ki, mətbuatla
sıx əlaqə yarada bildin?
Özüm: - Sentyabrda bizim kursun tələbələrini təcrübə keçmək üçün qəzet və jurnallara göndərdilər. Bölgüdə mən olmamışdım və kimin harda tanışı vardısa, özünü oraya yazdırdı. Səhərisi gün öyrəndim ki, mənim adımı «Kommunist» qəzetinə yazıblar. Qəzetin adının vahiməsi məni basdı. Təcrübə yerimi dəyişmək istədim, dedilər mümkün deyil. Üç gün ora getmədim, çəkindim. İnstitutda dedilər ki, təcrübə yerindən arayış gətirməsən diplom verilməyəcək. Beləcə, getdim «Kommunist» qəzetinə. Baş redaktor Ağababa Rzayev, redaktor müavini Adil Cavadlı, məsul katib Alp Ağamirov və şöbə müdiri Əfqan Əsgərov, belə deyim də, əlimdən tutub mənə jurnalistliyi öyrətdilər. Qısa müddətdə beş-altı yazım çıxdı. Beləcə, Ağababa Rzayevin qayğıkeşliyi ilə qəzetə işə götürüldüm. 19 il sərasər həmin qəzetdə ədəbi işçi, böyük müxbir, şöbə müdiri, «Azərbaycan» qəzetində baş redaktor işlədim.
Mən: - Qəzet sənə nə verdi?
Özüm: - Çevik
düşünməyi, hər hansı materialı operativ
hazırlamağı və ən əsası redaktə səriştəsi,
öz yazdıqlarımı pozmaq qətiyyəti öyrətdi,
tənqidçi cəsarətini formalaşdırdı.
Mən: - Paralel olaraq
teatrşünaslıqla məşğul olmaq çətin
deyildi ki?
Özüm: - «Ədəbiyyat və
incəsənət» şöbəsində işləmişəm
və onun da bir qolu teatr sənətinin təbliği ilə
bağlı idi. Namizədlik dissertasiyamı da
elə qəzetdə işləyə-işləyə
müdafiə etmişəm. Həm də 1975-ci
ildən müntəzəm şəkildə bugünkü Mədəniyyət
və İncəsənət Universitetində dərs deyirəm.
Mən: - Fasiləsiz
yaradıcılıqla məşğul olduğun 40 ildən
razısanmı?
Özüm: - O qədər də
yox.
Mən: - Sevmədiyin,
yaradıcılığına rəğbətin olmayan aktyor
və ya aktrisadan məqalə, yaxud portret-oçerk
yazmısanmı?
Özüm: - Əlbəttə.
Lap kitab da yazmışam.
Mən: - İndi onun əzabını
çəkirsənmi? Yaxud peşmansanmı?
Özüm: - Əzabını
çəkmirəm. Çünki
yazdıqlarım həqiqətə söykənir. Peşmanam ki, niyə həmin adamlardan yazmışam.
Mən: -
Peşmançılığının kökündə nə
durur?
Özüm: - Tərif
yazdığım bir sənətkarla sonradan insan kimi
ünsiyyətdə olanda onun adamlıqdan
uzaqlığını görmüşəm. Onda
yazdıqlarıma görə özümü
qınamışam... lap söymüşəm də...
Mən: - Həmin monoqrafiyanın
adını çəkə və yaxud kimdən bəhs
etdiyini deyə bilərsən?
Özüm: - Diqqətli oxucu
yaradıcılığımın ilkin dövrləri ilə
sonrakı mərhələsini bir az diqqətlə
müqayisə etsə, özü hər şeyi
açıq-aydın görə bilər.
Mən: - Müsbət resenziya
yazdığın bütün tamaşa və ya filmlərin bədiiliyindən
razı qalmısan?
Özüm: - Əsasən hə.
Mən: - Heç sifarişlə
yazmamısan?
Özüm: - Qəzetlərin
sifarişi ilə yazmışam. Vaxtilə
resenziyaları redaksiyalar əvvəlcədən
teatrşünaslara və ya teatr sənətində səriştəli
filoloqlara sifariş verirdilər.
Mən: - O sifarişdən demirəm...
Yəni «yuxarıların» sifarişi ilə.
Yaxud da, ürəyincə olmayan tamaşanı
tərifləmisənmi?
Özüm: - Olub... amma az. Lap
baxmadığım film haqqında da yazmışam və hətta
həmin resenziyaya görə mənə mükafat veriblər.
Mən: - Xatırlaya bilərsən?
Özüm: - Sovet dövlətinin
başçısı Leonid Brejnevlə bağlı
çoxseriyalı film vardı: «Çörək ətri». Mərkəzi Komitədən işlədiyim
«Kommunist» qəzetinə göstəriş verdilər ki,
sabahkı nömrədə film barədə resenziya çap
olunsun. Redaktor mənə tapşırıq verdi. Elə təkcə filmə
baxmaq 6-7 saat vaxt aparardı. Odur ki, «Kino
yenilikləri» jurnalından annotasiyanı götürdüm və
böyük bir resenziya yazdım.
Mən: - Heç olmasa sonralar həmin
filmə baxdın?
Özüm: - Yox, baxmadım. Pul mükafatını ləzzətlə xərclədim.
Hələ mənə xarici ölkəyə
pulsuz turist putyovkası da verdilər.
Mən: - Bu hərəkətindən
xəcalət çəkirsən?
Özüm: - Heç bilmirəm nə
deyim... Əşi, partiya bizim yanımızda o qədər xəcalətlidir
ki, bir dəfə də mənim onu aldatmağımnan
dünya dağılmazdı ha...
Mən: - Məqalələrində
səmimi olmadığın məqamlar varmı?
Özüm: - Var.
Mən: - Belə çıxır
ki, hansısa tamaşanı layiq olmayan səviyyədə tərifləmisən,
hə?
Özüm: - Olub...
Mən: - Nə üçün? Nəyə görə?
Özüm: - Yaxın olduğum,
istedadına rəğbət bəslədiyim rejissor və ya
aktyor dostumu tənqidlərdən qorumaq üçün.
Mən: - Dostbazlıq etmisən?
Özüm: - Yox! Dedim axı,
onların istedadlarına güvənmişəm.
Mən: - İstedad deyəndə nəyi
nəzərdə tutursan?
Özüm: - Fransız ədibi,
Nobel mükafatı laureatı Anatol Frans deyir ki, istedad (talant)
pul kimidir: ya var, ya yoxdur. Hər hansı istedad
xarakter olanda əsl sənət möcüzəsi baş
verir.
Mən: - Deməli, peşəkarlar
hamısı istedadlıdır...
Özüm: - Qətiyyən! Talantsız peşəkar da, peşəkarlığa
yiyələnməmiş (və yaxud yiyələnmək istəməyən)
istedad da sənətin sütunlarını laxladır.
Burada üç vacib şərtə diqqət yetirilməlidir:
istedad və
peşəkarlığın vəhdəti mütləq
psixoloji vəziyyətə meydan açır;
istedad
yaratmağa səfərbər olmursa, gec-tez əfəllik kimi
gözə çarpır;
istedad daim
çağdaşlıq səciyyələri
daşımayanda öz dəyərini itirir.
Mən: - Həyatda istedad ləyaqətə
və yaxud ləyaqət istedada mane ola bilərmi?
Özüm: - Ola bilər ki,
hansısa fövqəladə istedad sahibi öz ləyaqətini
itirsin... Fövqəladə istedadı olmayan
milyonlarla insan var. İnsanın şəxsi ləyaqəti bəlkə
də yeganə sərvətdir ki, heç kəs onu sahibinin əlindən
zorla ala bilməz. Ləyaqətli şəxs
öz istedadı ilə həmişə nəzakətlə,
munisliklə davranır. Onda şəxsiyyətin
özü-özünü dərki asanlaşır. Sənətkarın şəxsiyyət ləyaqəti
və qüruru pak olmalıdır. Qürur
ləyaqətsizlərə qonaq olmur.
Mən: - İstedadlı sənətkarın
özünə inamının kökündə nə durur?
Özüm: - Səhnə
istedadı qüdrətli olan, ləyaqətini ucu tutan sənətkar
güclü mənəvi təsirə qadirdir.
Mən: - Aşqabad, İrəvan,
Tiflis, Təbriz Azərbaycan teatrları barədə
ayrı-ayrı monoqrafiyaların kitab halında çap olunub.
Deməli, həmin şəhərlərin arxivlərində
də işləmisən. Dil problemi ilə
bağlı çətinliklə üzləşmirdin? Üzləşdinsə kömək edən oldumu?
Özüm: - Mən bu kitabları
yazmağa başlayanda artıq İrəvana getmək
qeyri-mümkün idi. Təbrizə, Tiflisə və
Aşqabada isə getməyə maddi imkanım olmadı.
Təbrizdən danışanda dodağı on yerdən
çatlayan neçə imkanlı millət «qəhrəmanına»
müraciət etdim... amma «hə» deyən olmadı...
Mən: - Bəs faktları necə
topladın?
Özüm: - Əsasən
Bakıda Salman Mümtaz adına Azərbaycan
Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində, Nizami adına ədəbiyyat və Cəfər
Cabbarlı adına teatr muzeylərində işlədim. Bir də
Mirzə Fətəli Axundzadə adına
Dövlət Kitabxanasında dövrü mətbutla
uğraşdım. Həmçinin
dostlarımın köməyi ilə Tiflisdən bəzi
materialların surətlərini əldə edə bildim.
Mən: - Tənqidçilərə
«qeybətçi» də deyirlər...
Özüm: - Bənzətmədə
müəyyən reallıq var... Ağıllı
düşüncənin məhsulu olan tənqidi mahirlər həssaslıqla
qəbul edirlər.
Mən: - Az
eşitməmişik, hansısa aktyorun oyunu, rejissorun səhnə
təfsiri barədə tənqid söyləyəndə deyirlər
ki, hünərin var özün oyna, yaxud özün tamaşa
hazırla.
Özüm: - Kimin fikri olduğu
yadımda deyil, amma gözəl deyib: heç vaxt yumurtlamayan adam qayqanağın dadını toyuqdan
yaxşı bilir... Məncə, geniş şərhə
ehtiyac yoxdur...
Mən: - Teatr tamaşasının
uğuru pyeslə bağlıdır, yoxsa yaradıcı heyətin
axtarışları ilə?
Özüm: - Müdriklərdən
biri deyib ki, pyes - üzüm, tamaşa - şərabdır. Teatr tamaşasının şərab kimi həzz, ləzzət,
ruha nəşə verməsi üçün yaradıcı
qrupun kollektiv bəhrəsi lazımdır. Pyesin fikir dərinliyinin əsas mahiyyəti, rejissorun
düşüncə yığcamlığının zənginliyi,
aktyorların duyğuların zərifliyini mənimsəyib həssaslıqla
təcəssüm etdirmək bacarığı,
tamaşaçıların teatr həqiqətini qavramaq
üçün daxili hazırlıqları birləşərək
sənət şərtiliklərini möhtəşəmliklə
reallaşdırır. Belə olan təqdirdə
tamaşaçı ən kəskin faciədəki hadisələrə
də «facianə», «ahu-zarla» baxmaqdan uzaqlaşır,
gördüklərini ciddi qavramağa, fəlsəfi məna
çıxarmağa çalışır.
Mən: - Rejissorluq sənətinə
can atan məşhur, yaxud az-çox tanınmış
aktyorlara necə baxırsan?
Özüm: - Uzun illər ölkəmizdəki
və ondan xaricdəki teatr proseslərini izləməkdən
bu qənaətə gəlmişəm ki, rejissorluğa nadir
hallarda daxilən zəngin və bu zənginliyi fəlsəfi-esteik
təravətlə təcəssüm etdirən aktyorlar gəlirlər.
Əksər hallarda (istisnalar azdır) aktyorluq
şövqünü itirən, səhnə ehtirası öləziyən
və şöhrətpərəstliyə aludə olan
aktyorlar rejissorluğa can atırlar.
Mən: - Tamaşanın
yaxşılığı üçün ilkin hansı
meyarı götürürsən?
Özüm: - Təqdim olunan səhnə
əsərinin heyrətləndirmək gücünü və
bədii emosionallığını.
Mən: - Rejissorda hansı bədii
keyfiyyətlərə üstünlük verirsən?
Özüm: - İlk növbədə
fikir azadlığı, ideya aydınlığı və iradə
əzmi olan rejissorlara rəğbət bəsləyirəm.
Mən: - Səhnə əsərinin
dəqiq qiymətləndirilməsində
tamaşaçının zövqünə
üstünlük vermək olarmı?
Özüm: - Ağıllı və
səriştəli tamaşaçının psixoloji-estetik qənaətləri
səhnə əsərinin «qan təzyiqini» dəqiqliklə tənzimləyir.
Teatr sözü yunan dilində «tamaşa» deməkdir.
Deməli, tamaşanın dəyərverəni də
tamaşaçı olmalıdır. İnsan
təbiətin qafiyəsiz misralarıdır, onların toplum
ahəngdarlığı üçün fərdi daxili zənginlikləri
vacibdir.
Mən: - Onda teatrşünaslar nəyə
lazımdır?
Özüm: - «Teatr tənqidçiləri»
desən daha dəqiq olar. Çünki teatrşünaslıq
elm kimi əsasən üç qola bölünür: teatr
tarixini araşdıran tədqiqatçılar, nəzəriyyə
ilə məşğul olanlar və teatrın cari problemləri
ilə bağlı tənqidçilər.
Mən: - Sən deyən kimi
olsun... Hər halda sualıma cavab almadım: teatr tənqidçisi
teatra və tamaşaçılara lazımdırmı?
(Ardı
var)
Mədəniyyət.-
2010.- 17 sentyabr.- S. 12.