Mən və özüm

 

    İlham Rəhimli  

 

   Söhbət-esse  

 

   Söhbətləşənlər:

  

   Mən. 1971-ci ildən keçib 2011-ci ilin astanasına çatan İlham Rəhimli

   Özüm. Bugünkü İlham Rəhimli

  

   (Əvvəli ötən sayımızda)

  

   Özüm: - Teatr tənqidçisi teatrla tamaşaçı kütləsi arasında anlaşma tarazlığı və səmimi ünsiyyət körpüsü funksiyasını ləyaqətlə icra etməlidir. O, tamaşaçıların emosional şəkildə qavradıqlarını, aldıqları həzzin əsasını, duyduqları zövqün mahiyyətini elmi teatrşünas dili ilə formalaşdırıb təqdim etməyi bacarmalıdır. Tənqidçi həmişə obyektiv olmağa cəhd göstərməsi, düşüncə kamilliyi ilə həm teatr sənətçiləri, həm də tamaşaçılar arasında öz sözünün kəsərinə inamı daha da möhkəmləndirməlidir. Bu inam yoxdursa, elə teatr tənqidi heç kəsə lazım deyil.

   Mən: - İstedadlı aktyorun şöhrətə can atması onun sənətinə xələl gətirirmi?

   Özüm: - Həyatın əzəli qanunlarından biri də budur ki, bütün insanlar şöhrətə can atırlar. Lakin akademik Azad Mirzəcanzadə demişkən: «əsl şöhrət böyük ağıl və zəka sahiblərinin, genişürəklilərin qazandıqları xalq məhəbbətidir». Saf şöhrət hissi ilə miskin mənsəbpərəstlik arasında sap nazikliyi qədər məsafə var... Ehtiyatı heç vaxt əldən vermək olmaz!

   Mən: - Bir qisim tamaşaçıların teatrı dərk etməməsinin, tamaşaya yalnız əyləncə kimi baxmasının kökündə nə durur?

   Özüm: - Mən riyaziyyatı çox pis qavrayıram. Məncə bu, fərdi düşüncəmin zəifliyi deyil. Sadəcə olaraq riyaziyyatın mahiyyətindəki dəqiqliyin füsunkarlığı, onun elm kimi möhtəşəm hüsnü mənim dərketmə əhatəmdən kənardır... Eləcə də fizika, kimya elmləri…

   Mən: - Onda teatr tamaşaçıda ilk növbədə nəyi formalaşdırmalıdır?

   Özüm: - Gördüklərini həssaslıqla qavrayıb reallıqdan şirələnən qərar qəbul etmək duyğusunu.

   Mən: - «İncəsənət qurban tələb edir» ifadəsinin kökündə nə durur?

   Özüm: - «Nə durur» yox, «nələr durur» desəydin daha düzgün olardı. Alimlər çılğınlığı əsasən dörd növə bölürlər: sanqvinik (diribaş, qanıqaynar), xolerik (tündməcaz, tez özündən çıxan), fleqmatik (soyuqqanlı, laqeyd) və melanxolik (bədbin, məyus). Fransız yazıçısı Stendal yazır: «İncəsənətə bir qədər melanxolik və kifayət qədər bədbəxt adamlar lazımdır»...

   Mən: - Teatr tamaşası ilk növbədə tamaşaçıda hansı hissləri aşılamalıdır?

   Özüm: - Tamaşa hər bir tamaşaçı ilə ayrılıqda həmsöhbət olmalıdır.

   Mən: - Qabiliyyəti necə büruzə vermək lazımdır?

   Özüm: - Qabiliyyət yalnız estetik dəyəri üzə çıxanda gözəldir.

   Mən: - Bir neçə yazında «rejissor sənət müdrikliyinə yiyələnməlidir» ifadəsini işlətmisən…

   Özüm: - Avstriya yazıçısı Stefan Sveyqin müdrik kəlamını bir az dəyişib deyə bilərəm ki, müdrik rejissor nail ola bilməyəcəklərindən əvvəlcədən imtina etməyi bacarmalıdır.

   Mən: - Tamaşaçıların səhnə əsərini emosional və idraki qavramaları üçün nə lazımdır?

   Özüm: - Tamaşalara çox baxan adamın beynində teatr sənətini qavramaq üçün model formalaşmalıdır. Yəni mürəkkəbliyi qavramaq üçün sadələrdən ibarət xəzinə toplanmalıdır. Onu «xəbər mənbəyi» də adlandırmaq olar. Təcrübə ilə qazanılmış xəbər mənbəyi sənətin mürəkkəbliklərini dərk etməyə zəmin yaradır.

   Mən: - Demək istəyirsən ki, tamaşaçını teatr formalaşdırır?

   Özüm: - Mütləq! Sadədən mürəkkəbə doğru. Bu işdə riyaziyyatın dəqiq qanunlarının prinsipləri əsas götürülməlidir. Vurma cədvəlini mənimsəmədən, bölməni, çıxmanı, toplamanı öyrənmədən qəliz tənliklərin həllini, ali riyaziyyatın mürəkkəbliklərini qavramaq, qavrayıb dərk etmək mümkünsüzdür.

   Mən: - Səhnədəki həqiqəti həyat həqiqəti kimi qəbul etmək üçün tamaşanın quruluşçu rejissoru nəyə üstünlük verməlidir?

   Özüm: - Hadisələrin, münasibətlərin həqiqiliyinə inam bütün zərrələrinə qədər əsaslandırılmalıdır.

   Mən: - Səriştəli teatr tamaşaçısı olmaq vərdişdir, mənəvi tələbatdır, yoxsa idraki təkamülün göstəricisidir?

   Özüm: - Rus şeirinin klassiki Aleksandr Puşkin yazır: «Böyük şəxsiyyətin fikirlərini izləmək bir elmdir». Böyük dramaturqun fikirlərini, nəhəng rejissorun sənət qənaətlərini, qüdrətli səhnə ustalarının ifadə vasitələrini izləməyi bacarmaq daha möhtəşəm bir prosesdir və kamilliyə aparan yoldur.

   Mən: - Hər yerdə qürur hissilə yazırsan ki, Cəlil Məmmədquluzadənin nəsri kimi dramaturgiyası da zəngin və çoxqatlıdır. Onun pyeslərinə güclü müasirlik ruhu hakimdir, obrazlarında emosional çılğınlıq, ehtiraslı dramatizm aşıb-daşır. Bu dediklərini hansı tamaşalarda daha parlaq, daha ifadəli şəkildə görmüsən?

   Özüm: - Bilavasitə özüm gördüyüm tamaşalara əsaslanıb fikir deyəcəm. Tofiq Kazımovun quruluşunda «Ölülər» (Akademik Mill Dram Teatrı. 1966-cı il), Mehdi Məmmədovun səhnə təfsirində «Dəli yığıncağı» (Akademik Mill Dram Teatrı. 1978-ci il), Azərpaşa Nemətin işləməsində «Danabaş kəndinin məktəbi» (Gənc Tamaşaçılar Teatrı. 1984-cü il) tamaşaları Mirzə Cəlil təfəkkürünə, Mirzə Cəlil fəlsəfəsinə, Mirzə Cəlil fəryadına, Mirzə Cəlil yanğısına və nəhayət, Mirzə Cəlil millətsevərliyinə yaraşan sənət hadisələridir.

   Mən: - Azərbaycan aktyorlarından kimləri dünya səhnələrində təsəvvür edə bilərsən?

   Özüm: - Yaradıcılıqlarına əyanı bələd olduğun aktyorlardan misal gətirsəm qənaətlərim daha səmimi görünər: Yusif Vəliyev, Məlik Dadaşov, Həsən Turabov, Səməndər Rzayev, Şəfiqə Məmmədova.

   Mən: - Adlarını ehtiramla çəkdiyin bu aktyorların ən yaxşı rollarını saya bilərsən?

   Özüm: - Məlik Dadaşovun Şeyx Nəsrullah, Həsən Turabovun İsgəndər («Ölülər»), Şəfiqə Məmmədovanın Maşa («Canlı meyit»), Səməndər Rzayevin Kaliban («Fırtına», Uilyam Şekspir), Yusif Vəliyevin Artur-OvodOvod», Etel Voyniç) rolları yaddaşımda daha dərin izlər buraxıb.

   Mən: - Bir az tarixə qayıdaq. Əslində sənin yaradıcılığının əsas hissəsi tarixi-tədqiqat işləri ilə bağlıdır. Azərbaycan teatr tarixində hansı aktyorların rejissorların müəyyən sənətkarlıq keyfiyyətlərini örnək kimi qeyd edə bilərsən? Baxdığın tamaşalarda səni daha çox özündən çıxaran xüsusiyyətlər.

   Özüm: - Janrın rejissor təfsirində aydın ifadəli olmaması, aktyorların qeyri-səmimiliyi.

   Mən: - Qırx ildir teatr prosesini izləyirsən. Bu dövrlə bağlı bənzər görünən (yəni bütün sualların əvvəlində «qırx ildə» ifadəsi olacaq), amma ayrı-ayrı mətləblərdən soraq verən sullarım var.

   Özüm: - Döşə gəlsin.

   Mən: - Ən çox bəyəndiyin müasir mövzulu tamaşa?

   Özüm: - Teatr prosesini, pis-yaxşı, 1967-ci ildən, Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olduğum vaxtdan izləyirəm. Qırx il teatr prosesinə yazılarımla qoşulmağımın tarixidir. Ona görə misallarımı 1967-ci ildən üzübəri çəkəcəm. Keçim sualın cavabına. İlyas Əfəndiyevin «Unuda bilmirəm» pyesinin Akademik Milli Dram Teatrındakı tamaşası. Onu 1968-ci ildə rejissor Tofiq Kazımov hazırlayıb.

   Mən: - Daha çox bəyəndiyin tərcümə pyeslərinin tamaşaları.

   Özüm: - Akademik teatrdan kənara çıxa bilməyəcəm. Lev Tolstoyun «Canlı meyit» (tərcüməçi Ənvər Məmmədxanlı, quruluşçu rejissor Mehdi Məmmədov. 1968-ci il), Branislav Nuşiçin «Nazirin xanımı» (tərcüməçi quruluşçu rejissor Tofiq Kazımov. 1970-ci il), Nodar Dumbadzenin «Darıxma, ana (tərcüməçi Adil Babayev, quruluşçu rejissor Ağakişi Kazımov, 1972-ci il) peyslərinin tamaşaları.

   Mən: - Hadisə saydığınız, amma teatr tənqidində layiqli qiymətini almayan tamaşalar olubmu?

   Özüm: - Əbdürrəhim bəy Haqverdiyevin «Pəri cadu» (AMDT. Tofiq Kazımovun quruluşu. 1969-cu il), Uilyam Şekspirin «Fırtına» (AMDT. Tofiq Kazımovun quruluşu. 1974-cü il), Əkrəm Əylislinin «Mənim nəğməkar bibim» (GTT. Ulduz Rəfili-Əliyevanın quruluşu. 1975-ci il) əsərlərinin tamaşaları.

   Mən: - Mehdi Məmmədovdan Tofiq Kazımovdan daha çox sitat gətirisən. Onların uğursuz işləri olmayıb?

   Özüm: - Başqa rejissorların quruluşları ilə müqayisədə onların bütün işləri peşəkarlıq nümunəsidir. Ancaq özlərinin uğurlu işləri ilə müqayisədə «alınmayan» quruluşları da olub. Mehdi Məmmədovun quruluşunda Səməd Vurğunun «İnsan» (AMDT. 1974-cü il), Maksim Qorkinin «Meşşanlar» (AMDT. 1975-ci il), Mixail Şatrovun «Mənim Nadejdalarım» (Azərbaycan Dövlət Rus Dram Teatrı), Tofiq Kazımovun Akademik Dram Teatrında Sabit Rəhmanın «Küləklər» (1970-ci il), İlyas Əfəndiyevin «Bağlardan gələn səs» (1975-ci il), Əkrəm Əylislinin «Yastı təpə» (1980-ci il) əsərlərinin tamaşalarını sənət hadisəsi kimi dəyərləndirməkdə çətinlik çəkirəm.

   Mən: - Elə bil kəskin söz deməyə çəkinirsən.

   Özüm: - Çəkinmirəm... Onların istedadlarının qüdrətinə böyük ehtiramım var.

   Mən: - Rəssamlardan kimin hansı tamaşaya verdiyi səhnə tərtibatını yaradıcılıq nailiyyəti sayırsan?

   Özüm: - Akademik teatrda Elçin Aslanovun «Ölülər» (Cəlil Məmmədquluzadə. 1966), «Xəyyam» (Hüseyn Cavid. 1970-ci il), Sənan Qurbanovun «Pəri cadu» (Əbdürrəhim bəy Haqverdiyev. 1969-cu il), Elçin Məmmədovun «Dəli yığıncağı» (Cəlil Məmmədquluzadə. 1978-ci il), «Biganələr oteli» (Rüstəm İbrahimbəyov. 1984-cü il), Rəşid Şerifin «Lənkəran xanının vəziri» (Mirzə Fətəli Axundzadə. 1999-cu il), Elçin Məmmədovla Nazim Bəykişiyevin birgə «Hamlet» (Uilyam Şekspir. 2002-ci il), Nazim Bəykişiyevin «Kaş araba aşmayaydı!..» (Otia İoseliani. 2006-cı il), Opera Balet Teatrında Tahir Tahirovun «Yeddi gözəl» baletinin (Qara Qarayev. 2009-cu il) tamaşalarına verdikləri səhnə tərtibatlarını.

   Mən: - Hansı tamaşalara bəstələnmiş musiqilər səhnə əsərinin ruhuna, rejissorun sənət poetikasına, teatrın estetik yaradıcılıq prinsiplərinə daha uyğundur?

   Özüm: - AMDT-dəTofiq Quliyevin «Canlı meyit», Cahangir Cahangirovun «Xəyyam», «Dəli yığıncağı», Qara Qarayevin «Hamlet» (1968-ci il), «Pəri cadu», Emin Sabitoğlunun «Unuda bilmirəm», «Şəhərin yay günləri» (Anar. Quruluşçu rejissor Tofiq Kazımov. 1977-ci il), Aqşin Əlizadənin «Məhəbbət əfsanəsi» (Nazim Hikmət. Quruluşçu rejissor Ələsgər Şərifov. 1977-ci il), Arif Məlikovun «Xurşidbanu Natəvan» (İlyas Əfəndiyev. Quruluşçu rejissor Mərahim Fərzəlibəyov. 1981-ci il), GTT- Arif Məlikovun «Söhrab Rüstəm» (1973-cü il), Ramiz Mirişlinin «Ana laylası» (İsgəndər Coşğun. Quruluşçu rejissor Müharib Tağıyev. 1976-cı il) tamaşalarına bəstələdikləri musiqi əsil teatr musiqisi idi.

   Mən: - Otuz beş ildir pedaqoji fəaliyyət göstərirsən. Öz aramızdır, az deyil... Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin yetirmələri varmı?

 

 

   (Ardı var)

 

   Mədəniyyət.- 2010.- 22 sentyabr.- S. 12.