Azərbaycan musiqi səmasının günəşi

 

   Üzeyir bəyin musiqisi səma musiqisidir, ruhlu, qanadlı, işıqlı. Hara istəsə uça bilər, hansı qəlbə istəsə qona bilər, zülməti, qaranlığı yara bilər...

   Beləcə 100 ildən çoxdur ki, Üzeyir bəyin musiqisi ruhumuzu qanadlandırır, dünya musiqi xəzinəsinin nadir inciləri kimi dinindən, dilindən, irqindən asılı olmayaraq hər kəsi heyrətləndirir, düşündürür və sevindirir...

  

   Sentyabrın 18-də Heydər Əliyev Sarayında dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə həsr olunmuş Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirildi. Tədbir Üzeyir bəyin adına layiq möhtəşəmliyi ilə yadda qaldı.

  

   Böyük bəstəkarın ruhunun və yaradıcılığının işığına yığışanlar əvvəlcə sarayın foyesində dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edən fotoşəkillər, materiallar, kitablardan ibarət sərgiyə tamaşa etdilər. Ötən əsrin əvvəllərində - qaranlıq və cəhalətin tüğyan etdiyi zamanda qələmi, istedadı, zəkası ilə xalqını aydınlığa çıxarmağa çalışan və güclü iradəsi, böyük şəxsiyyəti ilə buna nail olan Üzeyir bəyin fotoları onun həyat və sənət yolu barədə tamaşaçılarda dolğun təəssürat yaratdı.

   Dövlət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin yer aldığı tədbirdə çoxsaylı xarici qonaqlar, o cümlədən Azərbaycanda səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa iştirak edirdi. Tədbiri açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dahi bəstəkarın həyatından, çoxşaxəli yaradıcılığından və zəngin irsindən ətraflı söz açdı.

   Üzeyir Hacıbəylinin yaradıcılığı sayəsində Azərbaycan musiqisi öz tarixi inkişafında həm Şərq, həm də Qərb mədəni dəyərlərini əhatə edərək, bəşəri mədəniyyətlərarası dialoqun ən fəal üzvlərindən birinə çevrildiyini vurğulayan nazir dahi bəstəkarı nəinki musiqimizin, ümumiyyətlə, XX əsr Azərbaycan mədəniyyətinin yeni konsepsiyasının yaradıcılarından biri kimi səciyyələndirdi.

   “Milli musiqi mədəniyyətində yeni şaxənin - Avropa istiqamətli peşəkar bəstəkarlıq məktəbinin, ifaçılıq fəaliyyəti növlərinin, musiqi təhsili sisteminin yaranması və təşəkkülü Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır” - deyən nazir bildirdi ki, 1908-ci ildə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası həm Azərbaycanın, həm türk dünyasının, həm də ümumilikdə müsəlman Şərqinin ilk operası idi. “Bu əsərin dünya opera sənətində yeni, unikal bir janrın - muğam operasının nümunəsi kimi bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti onun 100 illiyini 2008-ci ildə UNESCO səviyyəsində bütün dünyada təntənə ilə qeyd edilməsi ilə bir daha təsdiqləndi”.

   Üzeyir Hacıbəylinin pedaqoq, alim, publisist, ictimai xadim kimi Azərbaycan mədəniyyəti tarixində müstəsna xidmətlər göstərdiyini qeyd edən nazir, müasir Azərbaycanın tarixi inkişaf istiqamətini müəyyən edən «türkləşmək, islamlaşmaq, müasirləşmək» ideyasına əsaslanan yeni məfkurənin musiqi sahəsində gerçəkləşməsinin Üzeyir bəyin adı və yaradıcılığı ilə bağlı olduğunu vurğuladı: “O, yeni təfəkkür tərzi və dünyagörüşünə əsaslanan milli tərəqqi məfkurəsini musiqi sahəsində həyata keçirmiş, XX əsrin birinci yarısında bu sahədə gedən taleyüklü yeniliklərin müəllifi və icraçısı olmuşdur. Milli musiqi mədəniyyətində yeni şaxənin - Avropa istiqamətli peşəkar bəstəkarlıq məktəbinin, ifaçılıq fəaliyyəti növlərinin, musiqi təhsili sisteminin, çağdaş musiqişünaslıq elmi-estetik baxışların yaranması və təşəkkülü Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır”

   Nazir vurğuladı ki, azadlığı uğrunda əsrlərlə mübarizə aparan Azərbaycan xalqının qəhrəmanlıq duyğularını, enerjisini musiqidə əbədiləşdirən Üzeyir Hacıbəylinin yaradıcılıq irsinin əhəmiyyəti təkcə musiqi sənəti, mədəniyyət aləmində deyil, həm də milli istiqlal məfkurəsi kontekstində böyük və əzəmətlidir: “Leyli və Məcnun»un, «Koroğlu»nun, «Sənsiz»in, «Arşın mal alan»ın, «Çırpınırdı Qara dəniz»in sədalarında olduğu kimi, xalq qəlbi və ruhunun ən incə tellərinə toxunaraq bənzərsiz bir ovqat yaratmaq qüdrəti onun əsərlərinə əbədiyyət vermişdir. «Koroğlu» operası milli opera sənətinin, musiqi mədəniyyətimizin ən uca zirvəsi olmaqla bərabər əlçatmaz zirvələrə qalxmağa, dəfedilməz maneələri aşmağa güc-qüvvət verən, tarixi yaddaşı oyadan ümummilli həmrəylik və mübarizlik rəmzidir. XXI yüzillikdə də Üzeyir Hacıbəylinin əsərləri dünya musiqisinin yaşayan, maraqla qarşılanan örnəkləri sırasında görkəmli yer tutur. “Koroğlu” operası bu gün də xalqları birləşdirən, ortaq mənəvi dəyərləri ecazkar musiqi dili ilə ifadə edən musiqi abidəsi olaraq sevilir. TÜRKSOY tərəfindən ərsəyə gətirilən, 6 türkdilli ölkənin musiqiçilərinin iştirakı ilə yaradılan “Koroğlu” tamaşasının Almatı, Bişkek, Bakı, Ankara və İstanbulda nümayişi böyük həmrəylik bayramına çevrilmişdir. Müxtəlif dillərə tərcümə edilərək bütün dünyada əfsanəvi uğur qazanan “Arşın mal alan” bizim günlərimizdə də yeni səhnə təcəssümünü yaşayır”.

   Dahi bəstəkarın xatirəsinin əbədiləşməsində, yaradıcılığının təbliğində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini nəzərə çatdıran nazir vaxtilə böyük öndərin təşəbbüsü və iştirakı ilə Şuşa şəhərində bəstəkarın ev-muzeyinin yaradılmasını, yubileylərinin təntənə ilə qeyd edilməsini, Heydər Əliyevin fərmanı ilə 1995-ci ildən Üzeyir bəyin doğum gününün - 18 sentyabrın Azərbaycan musiqisi günü kimi qeyd olunduğunu bildirdi.

   Nazir çıxışını bu sözlərlə davam etdirdi: “Üzeyir Hacıbəylinin çoxsaylı yaradıcılığının təbliği, öyrənilməsi, nəşri sahəsindəki son illər Heydər Əliyev Fondunun xidmətləri xüsusi ilə qeyd edilməlidir. Fondun “Üzeyir dünyası” layihəsi çərçivəsində dahi bəstəkarın musiqi əsərlərinin, publisistik və elmi-nəzəri işlərinin tam külliyyatı nəşrə hazırlanıb. Artıq ikinci ildir ki, ölkəmizdə Üzeyir musiqi günündə Beynəlxalq Musiqi Festivalına start verilir. Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən bu il Ü.Hacıbəylinin 125 illik yubileyi geniş miqyasda qeyd edilir. Olduqca xoşdur ki, bu mühüm hadisə münasibəti ilə keçirilən beynəlxalq musiqi festivalında Rusiya, Almaniya, Türkiyə, Amerika Birləşmiş Ştatları, Malayziya, İsveçrə, Sinqapur, Kanada və Azərbaycandan görkəmli ifaçılar, musiqi kollektivləri iştirak edəcəklər. Bu festival 2010-cu ildə UNESCO-nun elan etdiyi Mədəniyyətlərin Yaxınlaşdırılması Beynəlxalq İli çərçivəsində mühüm mədəni tədbirlər siyahısına salınmışdır. İnanıram ki, bu möhtəşəm mədəniyyət bayramı musiqi salnaməsində silinməz izlər qoyacaq, ümumən çağdaş milli mədəniyyətimizin yeni uğurlarının nümayişinə çevriləcək”.

   Mədəniyyət və turizm nazirinin çıxışı alqışlarla qarşılandı.

   Sonra Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında “Koroğlu” operasından uvertüra ilə bəstəkarın irsinin bir-birindən gözəl və mükəmməl sənət inciləri tamaşaçılara təqdim olundu. Şərqin ilk operası “Leyli və Məcnun”dan fraqmentlər orkestrin, Akademik Opera və Balet Teatrının xorunun müşayiəti ilə yeni kompozisiyada - gənc ifaçılar Vüsalə Musayeva və Səbuhi İbayevin ifasında, eyni zamanda, Dövlət Pantomima Teatrının artistləri Nargilə Qəribova və Bəhruz Əhmədlinin iştirakı ilə nümayiş olundu.

   “O olmasın, bu olsun” musiqili komediyasından parça Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Həsən Enami və İnarə Babayevanın ifasında alqışlar qazandı.

   Dövlət Rəqs Ansamblının ifa etdiyi “Cəngi” rəqsi gecəyə xüsusi rəng qatdı.

   Üzeyir bəyin dünya səhnələrində uğurla tamaşaya qoyulan ölməz “Arşın mal alan” musiqili komediyası Dövlət Musiqili Komediya Teatrının artistləri Fərid Əliyev və Nərgiz Kərimovanın ifasında maraqlı kompozisiya həlli ilə yadda qaldı.

   Musiqi nömrələrinin arasında Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən roliklər tamaşaçılara təqdim olundu. Xalq artisti İlham Əsgərov Üzeyir bəyin ömür-gün yoldaşı Məleykə xanıma yazdığı məktubda Üzeyir Hacıbəylinin böyüklüyü, səmimiliyi və sadəliyi bir daha nəzərə çarpır. Opera və Balet Teatrının balet artistləri və solist Alsu Gimadiyevanın ifasında “Koroğlu” operasından qızların rəqsi mükəmməl və parlaq rəqs nümunəsi kimi yadda qaldı.

   Abay adına Qazaxıstan Dövlət Akademik Opera və Balet Teatrının solisti Gülzat Daurbayeva “Koroğlu” operasından Nigarın ariyasını böyük məharət və ustalıqla ifa edib bol alqışlarla qarşılandı. Ankara Opera və Balet teatrının solisti Şenol Talınlının ifasında “Koroğlu” operasından Koroğlunun ariyası özünəməxsusluğu və yüksək səviyyədə ifası ilə alqışlandı. Azərbaycan Dövlət Xor Kapellası və orkestrin çıxışında “Bahar nəğməsi” səsləndi. Xalq artistləri Fidan və Xuraman Qasımovalar iki dahinin - Nizami Gəncəvi və Üzeyir Hacıbəylinin - ölməz sənət nümunəsi olan “Sənsiz” romansını böyük ustalıqla ifa etdilər. “Koroğlu operasından Çənlibel xoru sələndi və gecə “Koroğlu” operasının finalı Gülzat Daurbayeva və Şenol Talınlının ifası ilə başa çatdı.

   Gecədə Üzeyir bəyin çoxşaxəli irsi yığcam, rəngli, ətirli çələng kimi tamaşaçılara təqdim olundu. Necə ki, səhnə başdan-başa ağ çiçəklər və ağ qızılgüllərlə bəzədilmişdi.

   Böyük bəstəkarın 125 illik təntənəli yubiley gecəsi başa çatdı. Üzeyir bəyin hələ çox yubileyləri keçiriləcək, anılacaq, xatırlanacaq. Əslində dünya durduqca Üzeyir bəyin işıqlı musiqisi bir xalqın, bir millətin yaddaşında və ruhunda əbədi yaşayacaq...

  

 

   Təranə Vahid

 

  Xalq qəzeti.- 2010.- 22 sentyabr.- S. 9.