Korifey
sənətkarlar
Səhnəmizin və
ekranımızın Qayınanası
Teatr və kino aktyorları arasında elə sənətkarlar
var ki, şöhrəti onillərdən onillərə, bir
tarixi dövrdən digərinə keçərək
yaddaşlarda əbədi yaşayır. Xalq artisti Nəsibə
Zeynalova məhz belə sənətkarlardan idi.
Bir dəfə Nəsibə
xanımla söhbət edərkən
yaradıcılığa nə vaxtdan
başladığını soruşdum. Cavab həm gözlənilməz,
həm də maraqlı idi: «1936-cı ildən
yaradıcılıq fəaliyyətinə başlamış,
həmin ildən Bakı filarmoniyasında mahnı və rəqs
ansamblının rəqqasəsi olmuşam. O vaxt mənə
dedilər ki, rəqs etmək istedadın yoxdur. Mən də
1937-ci ildə Bakıdakı kolxoz-sovxoz səyyar teatrına
keçdim, teatr truppasının aktyoru oldum. Bakının kəndlərindən
tutmuş uzaq rayonlara qədər gedib tamaşalar verirdik.
Burada da mənə bildirdilər ki, aktyorluq
bacarığım yoxdur. Teatrdan çıxmalı oldum.
Üçüncü dəfə özümü Musiqili
Komediya Teatrında sınamağı qərara aldım. «Evli
ikən subay» tamaşasında Qaraçı qız rolunda
çıxış etdim. Elə o vaxtdan həmin teatrda
çalışmağa başladım. Kinoda isə ilk dəfə
1958-ci ildə «Ögey ana» filmində Fatmanisə rolunda çəkildim».
Qüdrətli gülüş
ustası, Azərbaycan teatr və kino tarixinə adını
qızıl hərflərlə yazmış Xalq artisti Nəsibə
Zeynalovanın mənim sualıma verdiyi cavabdan məlum olur ki,
görkəmli sənətkarın həyatı kimi
yaradıcılıq yolu da hamar və rahat olmayıb.
Aktrisanın həyat və yaradıcılığına həsr
olunmuş «Ayın görünməyən üzü»
kitabını oxuyarkən fikirləşirsən ki, insan həyatı
boyu nə qədər çətinliklərlə üzləşə
bilər? Bəzən insanın çiyinlərinə
düşən çətinliklər, problemlər o qədər
ağır olur ki, həyat onun üçün mənasını
itirir.
Nəsibə xanım da bir vaxtlar
onu komediya teatrı üçün sözün həqiqi mənasında
kəşf edən tanınmış rejissor Şəmsi Bədəlbəyliyə
üz tutaraq göz yaşları içində demişdi:
«Bezmişəm, Şəmsi, bezmişəm, hər şeydən,
haqsızlıqlardan, yalanlardan bezmişəm...»
Azərbaycan teatrının banilərindən və ilk aktyorlarından biri, komediya ustası Cahangir Zeynalovun hələ övladı olmamışdan qabaq ona verilən «Sizin varisiniz kim olacaq» sualına o, belə cavab vermişdi: «hələlik mənim varisim var: bizim səhnəmiz mənim varisim ola biləcək ən etibarlı övladdır». Teatrın böyük gələcəyinə inanan teatr xadiminin bir qızı oldu, adını Nəsibə qoydu. Balaca Nəsibə də böyüdü və atasının yolunu ləyaqətlə davam etdirdi.
C.Zeynalov vəfat edəndə qızı Nəsibənin üç yaşı vardı. 14 yaşından zəhmətə qatlaşan bu yeniyetmə qız Bakı Elektrik Təchizatı Şəbəkəsinin laboratoriyasında laborant, «Azərsənət» Birliyində mühasib köməkçisi, tramvay parkında tabelçi, topdansatış anbarında fəhlə işləyir.
Nəsibə xanım aktrisa olmaq fikrinə düşəndə anası Hüsniyyə xanım heç cürə bununla razılaşmır. Ancaq qızın qərarı qəti idi: mən aktrisa olacağam! O, 1938-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Texnikumu bitirəndən sonra Musiqili Komediya teatrında fəaliyyətini davam etdirir. Lakin bəxtindən teatr 1949-cu ildə müvəqqəti olaraq bağlanır və aktrisa həmin ildən Bakıdakı Nizami adına kinoteatrın yay zalında kassir, mədəniyyət evində dram dərnəyinin rəhbəri, Filarmoniyanın estrada sektorunda aktrisa işləyir. 1956-cı ildə Musiqili Komediya Teatrı yenidən qapılarını tamaşaçıların üzünə açır və Nəsibə xanım doğma sənət ocağına qayıdır.
Görkəmli aktrisanın ilk sənət müəllimləri - atası Cahangir Zeynalov, rejissorlardan Aleksandr Tuqanov, Şəmsi Bədəlbəyli, aktyor Ağasadıq Gəraybəyli olmuşlar. Tanınmış rejissor Ş.Bədəlbəyli vəfat edəndə Nəsibə xanım bir söz işlədir: «Şəmsi Bədəlbəyli ölümü ilə məni ikinci dəfə yetim qoydu...» Halbuki Ş.Bədəlbəyli vəfat edəndə Nəsibə Zeynalovanın nə az, nə çox, düz 70 yaşı vardı.
Həyat isə öz axarında davam
edirdi. Aktrisa öz fitri istedadı ilə insanlarda gözəlliyə
məhəbbət hissini aşılayırdı: O, eybəcərlikləri
ifşa edir, öz sənəti ilə tamaşaçılara
sevinc bəxş edir, onları güldürür, eyni zamanda,
düşündürürdü.
Nəsibə xanım uzun illər
çalışdığı Musiqili Komediya Teatrının
səhnəsində «Arşın mal alan» operettasında Cahan
xala, «O olmasın, bu olsun»da Sənəm, «50 yaşında
cavan»da Kələk xanım və Mələk xanım,
«Durna»da Şərəf, «Gözün aydın»da Nargilə,
«Ulduz»da Züleyxa, «Özümüz bilərik»də
Şölə xanım, «Ev bizim, sirr bizim»də Əsmət,
«Qayınana»da Cənnət və s. rollar oynayıb, hər bir
obraz xarakter aydınlığı, milliliyi və təbiiliyi
ilə aktrisaya şöhrət qazandırıb.
Görkəmli aktrisa qətiyyəti,
ağır zəhməti sayəsində tükənməz
istedadını ildən-ilə cilalayaraq, teatrda olduğu kimi,
kinoda da təkrarsız obrazlar yaradıb. Olduqca geniş
diapazona malik Nəsibə xanım «Mollanın sərgüzəşti»ndə
fırıldaqçı kənd mollasının arvadı
Gülsümü, «Böyük dayaq»da kolxozçu Tellini,
«Qanun naminə»də iki personajı - təkəbbürlü
və dikbaş Şəhla xanımı və kəndçi
qadını, «O qızı tapın»da daim kürəkənindən
narazı Meyransa xanımı, «Xoşbəxtlik
qayğıları»nda xeyirxah qonşu Kişvəri, «Qorxma, mən
səninləyəm»də əqli zəif Mərdanın hökmlü
anasını, «1001-ci qastrol»da Şərəbanı nənəni
, «Güllələnmə təxirə salınır»da
satıcı Xanbacını eyni inandırıcılıqla,
səmimiliklə və məharətlə oynayıb.
Lakin «Ögey ana» filmindəki
kiçik rol - araqarışdıran Fatmanisə,
«Ulduz»dakı təmiz qəlbli, xeyirxah ferma işçisi
Züleyxa, «Bizim Cəbiş müəllim»dəki
alverçi, yeri gələndə xeyirxah olan Suğra xala,
«Qayınana»dakı hökmlü və iddialı qayınana Cənnət,
«Yuxu»dakı mehriban və istəkli Məsmə nənə
obrazları aktrisaya daha böyük şöhrət
qazandırıb.
Bundan başqa, «Mozalan» satirik
kinojurnalının bir çox süjetlərindəki
rolları aktrisanın özünəməxsus yumoru, milli
koloriti, açıq temperamenti ilə seçilir. Bu rollar onun
ifasında olduqca təbii və inandırıcıdır.
1958-ci ildə çəkilmiş
«Ögey ana» məişət dramında Nəsibə
xanımın yaratdığı Fatmanisə obrazı ikinci
planda olsa da, tamaşaçıların yadından bu gün də
çıxmayıb. Film çəkilib qurtarandan sonra
quruluşçu rejissor Həbib İsmayılov aktrisa
üçün yazdığı xasiyyətnamədə onun
filmdəki işini belə xarakterizə edib: «Aktrisa Nəsibə
Zeynalova teatrda ona xas olan sadəliklə və incə yumorla
inandırıcı və fərdiləşdirilmiş obrazlar
yaradır. Sevindirici hal budur ki, aktrisa hər hansı bir obraza
asanlıqla daxil ola bilir. Bu cəhət kinematoqraf
üçün də olduqca qiymətlidir. Bu baxımdan
«Ögey ana» filmində Fatmanisə rolu üzərindəki
işi nümunə ola bilər. Gənc Nəsibə Zeynalova
bu filmdə qoca qarı obrazını canlandırır. O,
xaricən qocalıb əldən düşmüş, arıq
və sifəti qırışlarla dolu olan, saçları
pırpız, daxilən isə köhnə fikirli, araqarışdıran,
bisavad kəndli qadındır. Əsası isə budur ki,
bütün bunlara inanırsan. Ona görə inanırsan ki,
aktrisa milli koloritdə orijinal və inandırıcı obraz
yaratmağa müvəffəq olub...»
O vaxtlar Bakı
kinostudiyasının qonağı olmuş tanınmış
gürcü kinodramaturqu Georgi Mdivani filmə baxandan sonra qeybətcil
Fatmanisəni oynayan yaşlı ağbirçək
aktrisanın kimliyilə maraqlanmışdı. Sonra Nəsibə
xanımı onunla tanış edəndə gürcü
kinodramaturqu gözlərinə inanmayıb demişdi: «Bu cavan
qadını yox, filmdə qarını oynayan qoca aktrisanı
soruşurdum...»
Beləliklə də, hələ
bu filmdə aktrisa güclü xarakter, tipaj ustası
olduğunu nümayiş etdirmişdi. Bu fikri aktrisanın digər
filmlərindəki rollarına da şamil etmək olar.
Bəstəkar Süleyman Ələsgərovun
eyniadlı operettasının motivləri əsasında
rejissor Ağarza Quliyevin çəkdiyi «Ulduz» musiqili
kinokomediyasında Nəsibə Zeynalovanın
yaratdığı Züleyxa, tamaşada olduğu kimi, kinoda
da uğurlu ekran qəhrəmanlarından biridir. Meşşan
təbiətli, hökmlü Nazilədən fərqli olaraq
Züleyxa pak, namuslu, ismətli, zəhmətkeş Azərbaycan
qadınlarından biri kimi tamaşaçıların
yaddaşına həkk olunub. Uzun illər Musiqili Komediya
Teatrında görkəmli aktyor Lütfəli Abdullayevlə
birgə oynadıqları Züleyxa-Məhəmməd dueti
eyniadlı filmdə də təbii və inandırıcı
alınıb.
Rejissor Muxtar Dadaşov «Qanun naminə»
filmində Nəsibə Zeynalovanı iki rolda - təkəbbürlü
Şəhla xanım və qoca kəndli qarı rollarında
çəkib. Nəsibə xanımın ifasında Şəhla
xanım özündən razı, daş-qaş sevən,
özünü kübar xanım kimi göstərən, lakin
mənəviyyyatca kasıb qadındır. Aktrisanın digər
rolu kəndli qarı isə 30-cu illərin uzaq dağ kəndlərində
yaşayan, nadan, işini-gücünü buraxıb onun-bunun
sözünü gəzdirən adamların tipik nümayəndəsidir.
Rejissor Həsən Seyidbəylinin
çəkdiyi «Bizim Cəbiş müəllim» kinopovesti
Böyük Vətən müharibəsi illərində arxa cəbhədə
insanların çətin həyat tərzindən, onların
məişətindən, qayğılarından bəhs edir.
Burada uğurlu aktyor oyunları çoxdur. Filmdə müxtəlif
xarakterli, müxtəlif biçimli adamlarla tanış oluruq.
Bakıdakı böyük həyətlərdən birinin
sakini olan Suğra xala Nəsibə Zeynalovanın ifasında
xarakterli qadındır. Bu filmdəki rolu aktrisanın o
dövrdə kinematoqrafda ən yaxşı işlərindən
biri oldu.
İstər teatrda, istərsə də
kinoda aktrisaya əsl şöhrət qazandıran Cənnət
xala obrazı olub. Təsadüfi deyil ki,
kinematoqrafçılarımız da Məcid Şamxalovun məşhur
«Qayınana» pyesinə maraq göstərmiş və əsərin
motivləri əsasında eyniadlı musiqili kinokomediya
yaradıblar. Geniş yaradıcılıq diapazonuna malik
aktrisa filmdə Cənnət üçün yeni cizgilər,
boyalar, maraqlı mizanlar axtarıb tapsa da, teatrdan fərqli
olaraq rejissor Hüseyn Seyidzadə bu obrazı bədii kamillik səviyyəsminə
qaldıra bilməyib. Buna baxmayaraq kinoda qayınananı
qayınana edən Nəsibə xanımın koloritli, duzlu
oyunu olub. Təsadüfi deyil ki, film 1979-cu ildə Aşqabadda
XII Ümumittifaq kinofestivalında uğurla nümayiş
etdirilmiş və aktrisa Nəsibə Zeynalovaya diplom
verilmişdi.
Musiqili Komediya Teatrının Moskva
qastrolları zamanı görkəmli aktrisanın
yaradıcılığı ilə tanış olan
teatrşünas Valentina Rıjova «Teatr» jurnalının 1968-ci
il 8-ci nömrəsində «Nəsibə Zeynalova ilə
görüş» məqaləsində yazıb: «Bu görkəmli
aktrisa hazırda tutduğu yaradıcılıq mövqeyinə
görə dünyanın ən məşhur komik səhnə
ustaları ilə bir səviyyədə durmağa tam layiqdir».
Öz gözəl oyunu ilə
ümumxalq məhəbbətini və rəğbətini
qazanmış Nəsibə Zeynalova fitri istedada malik
böyük sənətkar idi. İstedad, həvəs və zəhmət
- bu üç amil onun həyatında və
yaradıcılığında ömrü boyu bir vəhdətdə
olub. O, obrazı özündə yaşadırdı,
özü də obrazda yaşayırdı.
Vaxt ötür, maraqlar, zövqlər,
tələblər dəyişir. Kino da dəyişikliyə
uğrayır, müasirləşir. Lakin N.Zeynalovanın
çəkildiyi filmlər və onun yaratdığı qəhrəmanlar
yaşayır və yaşayacaq.
Aydın Kazımzadə
Mədəniyyət.-
2010.- 22 sentyabr.- S. 13.