Kukla Teatrında “O olmasın, bu olsun”
Sentyabrın 19-da A.Şaiq adına Azərbaycan Dövlət
Kukla Teatrı 79-cu mövsümünü Üzeyir Hacıbəylinin
dünyaca məşhur “O olmasın, bu olsun” musiqili
komediyasının premyerası ilə açdı. Premyerada
balaca tamaşaçılar, teatrsevərlər, sənət
xadimləri ilə yanaşı, mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev də iştirak edirdi.
Adətən balacaların üz
tutduğu teatra bu dəfə daha çox böyüklər gələrək
balacaların səhnəsində “O olmasın, bu olsun”a
tamaşa etmək istəyirdilər. Onu da xatırladaq ki, əsər
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
“Üzeyir Hacıbəyli - 125” Beynəlxalq musiqi festivalı
çərçivəsində tamaşaya qoyulub.
Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmanzadə,
quruluşçu rəssamı Lətifə Quluzadə, kukla
ustası Tatyana Melnikovadır.
Tamaşaqabağı bir qədər
həyəcanlı görünən quruluşçu rejissor
Elşad Rəhmanzadə təəssüratlarını bizimlə
bölüşdü:
- Bütün teatrlar kimi, Kukla
Teatrı da Üzeyir Hacıbəylinin 125 illik yubileyinə
yüksək səviyyədə hazırlaşıb.
Tamaşa üzərində bir ilə yaxın işləmişik.
Bu tamaşa üçün Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə Sankt-Peterburq şəhərində
dünyada analoqu olmayan kuklalar hazırlanıb. İlk dəfədir
ki, teatrımızın səhnəsində ipli kuklalar
iştirak edir. Tamaşanın maraqlı tərəflərindən
biri də budur ki, Məşədi İbad rolunu Xalq artisti
Yaşar Nuri canlı ifa edir. Tamaşanı hazırlamaqda məqsədimiz
teatrımıza gələn balaca dostlarımızı
Üzeyir musiqisi və Üzeyir yaradıcılığı
ilə tanış etmək, böyük bəstəkarın
irsini kiçik yaşlarından uşaqlara sevdirməkdir.
Tamaşanın yüksək səviyyədə
alınması üçün əlimizdən gələni
etdik, son sözü isə təbii ki, tamaşaçılar
deyəcək.
Yeni tamaşada teatrın
aparıcı aktyorlarından - Rəhman Rəhmanov, Elmira
Hüseynova, Səriyyə Mənsurova, Hökumə Əbdürrəmanova,
Rəhim Rəhimov və bütövlükdə 11 nəfər
aktyor obrazları səsləndirir.
Aktyorlar olmasın, kuklalar olsun
Pərdələr qalxdı,
Üzeyir bəyin ölməz musiqisi işıq seli kimi ətrafa
yayıldı. İçərişəhərin möhtəşəm
qala divarları, köhnə Bakının ab-havası - yolları,
adamları, dəvə karvanı, bazarı
tamaşaçıları qoynuna alıb o dövrə
apardı. Tanış personajlar, milli
görünüşlü doğma kuklalar dil açıb
danışdı. Rüstəm bəyin, Gülnaz
xanımın, qulluqçu Sənəmin tanış
simaları, hərəkətləri, jestləri ilk andaca
xoş ovqat yaratdı. Tamaşaçıların arasından
səhnəyə çıxan Məşədi İbad
kuklalarla bir səhnəni məharətlə
bölüşdü. Əminliklə demək olar ki, Kukla
Teatrının səhnəsində Yaşar Nurinin ağlagəlməz
məharətlə yaratdığı Məşədi
İbad obrazı “O olmasın, bu olsun”un tarixində ən yaddaqalan
rollardan biri olacaq.
Tamaşa boyu alqışlar qazanan
“O olmasın, bu olsun”u sonda tamaşaçılar ayaq
üstündə alqışladılar.
Beləliklə, Kukla
Teatrının səhnəsində oynanılan “O olmasın,
bu olsun” yeni təqdimatı, fərqli oyun tərzi, sadəliyi
və səmimiliyi ilə yadda qaldı. Kukla Teatrının
repertuarında bundan sonra yer alacaq bu tamaşanı Üzeyir bəy
Hacıbəylinin 125 illik yubileyinə ən yaxşı hədiyyə
saymaq olar.
Təranə
Mədəniyyət.-
2010.- 22 sentyabr.- S. 4.