“Royalın
təntənəsi” pianoçular kvartetinin konserti keçirildi
Üzeyir Hacıbəylinin yubileyi münasibətilə
keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində
sentyabrın 20-də Azərbaycan Dövlət
Filarmoniyasında “Royalın təntənəsi” adlı
pianoçular kvartetinin konserti olub. Konsertdə iştirak edən
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
dahi bəstəkarın yubileyinə həsr olunmuş
festivalının uğurla davam etdiyini vurğuladı.
Festivalda müxtəlif ölkələrdən
musiqiçilərin iştirak etdiyini xatırladan nazir beynəlxalq
tədbir çərçivəsində ölkəmizə gəlmiş
tanınmış musiqiçilərin və musiqi kollektivlərinin
Azərbaycan mədəniyyəti, incəsənəti ilə
yaxından tanış olmaq imkanı qazandıqlarını
bildirib. “Bu cür festivalları keçirməkdə məqsədimiz
odur ki, əcnəbi musiqiçilər ölkəmizə gəlib
Azərbaycan mədəniyyəti ilə daha yaxından
tanış olsunlar. Eləcə də Azərbaycan bəstəkarlarının
əsərlərini bizim musiqiçilərlə bərabər
öyrənib bu əsərləri öz repertuarlarına daxil
etsinlər. Buraya gələn beynəlxalq səviyyədə tanınmış
və qəbul olunmuş ifaçılar artıq Azərbaycanın
musiqisini daha dərindən öyrənirlər”.
Proqramda Rusiyanın Əməkdar
artisti Aleksandr Gindin, nüfuzlu fortepiano və kamera müsabiqələrinin
laureatı Sergey Kudryakov, Fransada “De Saint-Lizier” festivalının
yaradıcısı və bədii rəhbəri, amerikalı
pianoçu David Livelinin ifasında maraqlı musiqi nömrələri
ifa olundu. Tanınmış musiqiçilərin ifasında səsləndirilən
R.Vaqnerin “Tanheyzer” uvertürası, C.Debussinin “Oyun”, M.Ravelin
“Balero” əsərləri iştirakçılar tərəfindən
maraqla qarşılandı. Konsert proqramı arası fasilələrdə
filarmoniyanın foyesində dahi bəstəkarın həyat və
yaradıcılığını əks etdirən rəsm və
fotolardan ibarət sərgiyə baxış keçirildi.
Ceyhun
Mədəniyyət.-
2010.- 22 sentyabr.- S. 4.