Şakir Şenol
Talınlı: «Türkdilli xalqların mədəniyyəti
dünyaya daha geniş tanıdılmalıdır»
Festivalda «Koroğlu»nun
ariyasını ifa edən Şakir
Şenol Talınlı isə əslən
azərbaycanlıdır. 1964-cü ildə Türkiyənin Qars vilayətində anadan
olub. 1989-cu ildə Ankara
Dövlət Operasına daxil olub. Bizimlə söhbətində sənət
yolu barədə danışdı:
- 21 ildir ki, Ankara operasında bütün aparıcı rolları oynayıram. 15-dən artıq operada baş rolu ifa etmişəm. Tez-tez xarici ölkələrə səfər edirəm. Bu mənim Bakıya 4-cü səfərimdir. Bundan əvvəl Bakıda Akademik Balet Teatrında Ü.Hacıbəylinin «Arşın mal alan» operasında Əsgər rolunu ifa etmişəm. 5 il əvvəl Vasif Adıgözəlovun yazdığı «Çanaqqala» oratoriyasının konsertini dirijor Yalçın Adıgözəlovla birlikdə təqdim etdik. Azərbaycan mənim ata-baba torpağımdır. Atam-anam erməni zülmündən qurtularaq İrəvandan Qarsa köçüblər. Ona görə də hər dəfə Azərbaycana gələndə çox şad oluram.
Şakir Şenol Talınlı 1985-ci ilə qədər Dövlət Rəqs Ansamblında rəqqas kimi çalışıb. Sonra isə opera müğənnisi kimi fəaliyyətə başlayıb: «Yadımdadır ki, elə həmin il bu sarayda (Heydər Əliyev Sarayı - red.) tamaşa göstərdik və orada rəqs etdim. Türkiyəyə qayıdandan sonra müəllimim mənə dedi ki, sən istedadlısan, nə üçün rəqs edirsən, gəl operaya gedək. Və mən yenidən konservatoriyaya daxil oldum. 1989-cu ildə konservatoriyanı bitirdikdən sonra operada solist kimi oxumağa başladım».
«Rəqqas kimi daha çox uğurlar əldə edə bilərdiniz, yoxsa müğənnilik sizə daha çox uğurlar gətirib?» sualına Ş.Şenol belə cavab verdi:
- Əlbəttə ki, müğənni kimi nailiyyətlərim daha çoxdur. Çünki rəqqaslıqda yaş həddi 40-a qədərdir. Və belə çıxır ki, bu sənətin ömrü azdır. Opera müğənnisi istəsə ölənə qədər oxuya bilər».
Üzeyir Hacıbəyli yaradıcılığının türk dünyası üçün əhəmiyyətindən danışan həmyerlimiz onun Türkiyədə ən çox tanınan Azərbaycan bəstəkarı olduğunu diqqətə çəkdi: «Üzeyir Hacıbəyli Azərbaycanın yetişdirdiyi ən önəmli, ən dəyərli bəstəkarların birincisidir. Amma Azərbaycan torpağında Üzeyir Hacıbəylidən sonra gözəl bəstəkarlar, sənətkarlar çıxıb ki, onların hamısını mən çox sevirəm. Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Arif Məlikov, Firəngiz Əlizadə və digər bəstəkarlar Türkiyədə də çox tanınırlar».
Şakir bəy söhbət əsnasında onu da bildirdi ki, bütün Azərbaycan operaları haqqında hələ uşaqlıqdan məlumatı olub. Çünki vətənə bağlılıq onu hər gün Azərbaycan radiosuna qulaq asmağa sövq edirmiş: «70-ci illərdə Türkiyədə televiziya yox idi. Bakı radiosunu tutur, musiqilərə qulaq asırdıq. Çox bəyənirdim musiqilərimizi. Bəlkə elə ona görə ailəmizin bütün üzvləri musiqiçidir».
Tanınmış opera müğənnisi bu gün türkdilli xalqların malik olduqları mədəni dəyərlərin dünayaya tanıdılmasının vacibliyini də vurğuladı: «Musiqi bütün dünyanın ortaq dilidir. Hamının bildiyi, insanlar arasında anlaşmanı saxlayan bir dildir. Hazırda TÜRKSOY ilə birlikdə Ankara Dövlət Operası yeni səhnə əsərləri hazırlayır. Türk ölkələrinin sənətkarları birlikdə oxumalı, xaricə qastrol səfərlərinə getməlidirlər. O zaman dünya görəcək ki, türklərdə necə sənətkarlar var. Türkdilli xalqların malik olduğu dəyərlər dünyaya göstərilməli, nümayiş etdirilməlidir. Bu baxımdan TÜRKSOY-un fəaliyyəti təqdirəlayiqdir».
Soydaşımız bir məqamı da vurğuladı: «Türkdilli xalqlar arasında işbirliyi, əməkdaşlıq hələ ki, yetərli deyil. Bunun davamlı olması, əlaqələrin möhkəm qurulması üçün çox işlər aparılmalıdır.
Qoy bu əlaqələr yaxşı qurulsun ki, türk dünyası da bir araya gəlsin və dünya türk xalqlarının gücünü görsün. Mustafa Kamal Atatürk 1927-ci ildə bununla bağlı deyib: «Türk dünyası bir araya gəlməli və Türkiyə də bunlara öndər olmalıdır».
Söhbətin sonunda Şakir bəy bildirdi ki, ən böyük arzusu Üzeyir Hacıbəylinin şah əsəri olan «Koroğlu» operasında baş rolu ifa etməkdir: «Bu rolu ifa etmək mənim üçün böyük fəxr olardı».
Mehparə Sultanova
Mədəniyyət.-
2010.- 22 sentyabr.- S. 5.