Dahi bəstəkarın xatirəsi ev-muzeyində
anıldı
Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik
yubileyi və Milli Musiqi günü münasibəti ilə bəstəkarın
ev-muzeyində tədbir keçirildi.
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Üzeyir bəyin Azərbaycan mədəniyyətinə
verdiyi böyük töhfələrdən, milli mətbuatımızın
inkişafındakı rolundan, ədəbi-bədii dəyərini
itirməyən həmişə aktual olacaq
publisistikasından, felyetonlarından danışdı:
“Üzeyir Hacıbəyli Azərbaycan xalqının
özünü dərk etməsində böyük rolu
olmuş insandır. Təsadüfi deyil ki, Şərqdə
ilk opera, ilk orkestrlər, ilk musiqi dərslikləri onun adı
ilə bağlıdır. Üzeyir Hacıbəyli Azərbaycan
xalqının tarixində, mədəniyyətində, milli
oyanışında əbədi iz buraxan dahi bir şəxsiyyətdir.
O, müqəddəs ad olaraq bütün xalq tərəfindən
daim hörmətlə anılacaq”.
Üzeyir Hacıbəylinin zəngin
musiqi yaradıcılığını bəstəkarlar
üçün daima ilham mənbəyi olduğunu qeyd edən
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz
Əlizadə ölməz sənətkarın irsinin təkrar-təkrar
öyrənilməsinin zəruriliyini vurğuladı. O bildirdi
ki, Heydər Əliyev Fondunun təşəbbüsü və
təşkilatçılığı ilə bəstəkarın
əsərləri, yeni nəşrləri işıq
üzü görüb. Latın qrafikası ilə
“Koroğlu” operasının partiturası nəfis şəkildə
nəşr olunub. “Bu günlərdə “Leyli və Məcnun”
operasının partiturası çapdan çıxacaq. Mədəniyyətimiz
üçün əlamətdar olacaq digər xəbər isə
Üzeyir Hacıbəylinin 1912-ci ildə qələmə
aldığı “Əsli və Kərəm” operasının
partiturasının ilk dəfə nəşr edilməsidir.
Bu, olduqca böyük və əhəmiyyətli işdir.
Çünki operanın partiturası ümumiyyətlə
mövcud deyildi. Biz onun ayrı-ayrı hissələrini
müxtəlif şəxslərdən əldə etdik,
hazırladıq. Bu partitura da nəfis tərtibatda işıq
üzü görəcək”.
Tədbirdə amerikalı bəstəkar
Con Henksin Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsəri
də muzeyə hədiyyə olundu. Mərasim “Cantempo” qrupunun
ifası ilə davam etdirildi. Qrup Üzeyir bəyin əsərlərini
yeni oranjemanda təqdim edib, eyni zamanda gənc bəstəkarların
Üzeyir Hacıbəyliyə həsr olunmuş yeni əsərləri
də səsləndirildi.
Yeganə
Mədəniyyət.-
2010.-22 sentyabr.- S. 8.