Respublika Uşaq
Kitabxanasının yeni binası istifadəyə
verildi
“Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”na uyğun
olaraq bir sıra kitabxanalar müasir standartlara uyğun təmir
olunur, bəziləri isə yenidən qurulur. Belə
kitabxanalardan biri də F.Köçərli adına Respublika
Uşaq Kitabxanasıdır. Sentyabrın 21-də
kitabxananın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
inşa olunan yeni binasının açılış mərasimi
keçirildi.
Əvvəlcə kitabxananın
müdiri Fizurə Quliyeva açılış nitqi ilə
çıxış edərək bu günün
uşaqların bayramı olduğunu bildirdi. Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Respublika Uşaq
Kitabxanasının yeni binasının istifadəyə verilməsini
ölkənin mədəni həyatında əlamətdar
hadisə olduğunu vurğuladı: “Ölkəmizin mədəniyyət
ocaqları yenidən qurulur, mədəniyyət müəssisələri
üçün yüksək standartlara cavab verən binalar
tikilir. Müasir avadanlıqla təchiz olunan kitabxana öz
qapılarını uşaqların üzünə
açır. Kitabın insan təfəkkürünün
formalaşmasında əvəzsiz yeri var. İnternet,
müasir kompyuterlər, televiziya olsa da, kitab bilik və savad mənbəyi
olaraq həmişə olacaq. Odur ki, mən bütün
kollektivə uğurlar arzulayır, bu binanın
inşasında iştirak etmiş, əziyyət çəkmiş
bütün insanlara təşəkkürümü bildirirəm.
İnanıram ki, bu kitabxanada çox maraqlı layihələr
həyata keçiriləcək».
Nazir onu da bildirdi ki, müasir tələblərə
cavab verən yeni kitabxana binasından həm uşaqlar, həm
də valideynlər razı qalacaq. O, ölkədə kitabxana
şəbəkəsinin daha da təkmilləşəcəyini
və müasirləşəcəyini də diqqətə
çəkdi: «14 rayonda müasir kitabxana-informasiya mərkəzləri
yaratmışıq. Nazirlik tərəfindən kitabxana şəbəkəsinin
vahid İnternet və informasiya şəbəkəsinə
daxil olması üçün böyük işlər
görülür. Arzumuz odur ki, növbəti 4-5 il müddətində
ölkədəki bütün kitab fondu müasir rəqəmsal
daşıyıcılara keçirilsin, Milli Kitabxana və sahə
kitabxanaları ilə vahid şəbəkəyə daxil
olsun».
Açılış mərasimində
iştirak edən Nəsimi Rayon İcra Hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev
kitabxananın və kollektivin fəaliyyətinə uğurlar
arzuladı: «Hətta informasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdiyi dövrdə də
kitaba ehtiyac var. Bu baxımdan arzu edirəm ki, insanlar bu
kitabxanaların inkişafından istifadə edə bilsinlər.
Kollektivə arzu edirəm ki, rayonumuzun ictimai-siyasi həyatında
baş verən hadisələrlə bağlı çoxlu
sayda tədbirlər keçirsinlər».
Sonra nazir kitabxananın yeni
binasının rəmzi lentini kəsdi. Kitabxana ilə
tanışlıq keçirildi. Kitabxana müasir inventar və
texniki avadanlıqlarla təmin olunub. Burada nağıl
otaqları, incəsənət otağı, böyük və
kiçik oxu zalları, elektron resurslar bölməsi,
multimedia, internet-resurs mərkəzləri də
yaradılıb.
Tanışlıqdan sonra nazir
bildirdi ki, Respublika Uşaq Kitabxanası öz fəaliyyəti
ilə həmişə seçilib: «Uşaqlarla bağlı
çoxlu tədbirlər keçirilib, onların biliyə,
savada yiyələnmələri üçün lazımi
işlər görüblər. Sözsüz ki, yeni şərait
həm uşaqların, həm oxucuların, həm də
valideynlərin bura gəlmələrinə imkan yaradacaq”.
Mehparə
Mədəniyyət.-
2010.- 22 sentyabr.- S. 2.