Kəhrizlər: qədim suvarma mədəniyyətinin abidələri

 

   Azərbaycan tarixən qədim suvarma əkinçiliyi mədəniyyətinə malik bir ölkə olub.

   Ölkənin çay şəbəkəsi zəif inkişaf etmiş ərazilərində böyük miqdarda münbit torpaqlar olduğundan onların suvarma suyu ilə təmin olunması yalnız kəhrizlər hesabına ödənilirdi. Kəhrizlər, eyni zamanda, qədim tarixi memarlıq abidələridir. Sovet hakimiyyəti illərində Azərbaycanda kəhriz sistemlərinin köhnəliyin nişanəsi kimi diqqətdən kənarda saxlanılması bir sıra kəhrizlərin sıradan çıxmasına gətirib çıxarmışdı.

   Kəhriz sistemlərinin bərpasında çalışan peşə adamlarının - kankanların işinə önəm verilməməsi kəhrizqazma sənətinin, bütövlükdə qədim irs abidələri olan kəhrizlərin unudulması ilə nəticələnirdi.

 

  

   Qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün yeraltı qurğu

  

   Kəhriz qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün yeraltı qurğudur. Maili lağım şəbəkəsindən ibarət kəhriz lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. Kəhrizlər peşəkar kankanlar tərəfindən qazılır. Əvvəlcə baş quyu, sonra isə qalan quyular qazılır. Kəhriz lağımı daş və ya bişmiş kərpiclə tağbəndvarı hörülür. Bəzən kəhrizin suyunu çoxaltmaq üçün su verən baş quyudan bir neçə istiqamətdə lağım atılır. Təmiz və saf olan kəhriz suyundan su təchizatında və suvarmada istifadə olunur. Kəhrizlər fəsillərdən asılı olmayaraq müntəzəm su verir.

  

   Azərbaycanda ilk kəhrizlər 3 min il əvvəl qazılıb

  

   Kəhrizlərin qazılma tarixi çox qədimlərə gedib çıxır. Buna Miladdan öncə yazılmış məlumatlarda da rast gəlinir. Məsələn, Assuri padşahı II Sarqonun əsgərləri Miladdan 705 il öncə Urmiya ətrafı ərazilərdə olan kəhrizləri dağıtmışlar. Ərəb xilafəti dövründə quraq bölgələrdə kəhrizqazma işlərinə başlamağa böyük diqqət verilirdi. Azərbaycanda da kəhrizlərdən istifadə edilməsinin tarixi çox qədimdir. 1938-ci ildə Gəncə şəhərindən cənubda Şəmkir çayı vadisində arxeoloji qazıntı aparmış Yakob Hümmel qədim kəhriz qalıqları aşkar etmişdi ki, onun da eramızdan əvvəl birinci əsrə aid olduğu təsdiq olunub.

   Eramızın əvvəlində inşa olunmuş kəhrizlər Qəbələdə aşkar edilib. Bu ərazilərdə kəhrizlərdən istifadəni coğrafiyaşünas Strabon da təsdiq edir. XIV əsrdə yaşamış məşhur alim Həmdulla Qəzvini Azərbaycanın cənubunda - Təbriz onun ətrafında 900 kəhrizin mövcud olduğunu göstərirdi. Bu gün dünyanın 40-dan çox ölkəsində kəhrizdən istifadə edilir.   

 

   Suyu saf daha qidalı...

  

   Kəhrizlər ekoloji cəhətdən təmiz, etibarlı su mənbələri olmaqla yanaşı, tarixi abidələrdir. Azərbaycanda ilk dəfə olaraq kəhriz sistemləri onların təsərrüfat əhəmiyyəti ilə məşğul olan tədqiqatçı alim, kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev deyir ki, qədim tarixi su mənbələri olan kəhrizlərin bərpasına son vaxtlar diqqət artırılıb. Onun sözlərinə görə, əvvəllər suvarma sistemində artezian quyularının geniş tətbiqi kəhrizlərdən istifadəni arxa plana çəkmişdir. Son dövrlərdəki araşdırmalar isə kəhriz suyu ilə suvarılan torpaqların məhsuldarlığının artezianlara nisbətən daha çox olduğunu göstərir. Kəhriz sularında qida elementləri çoxdur. Subartezian quyularında bir o qədər qida ehtiyatı olmur. Amma kəhrizlər yerüstü sulardan filtrasiyalar hesabına qidalandığı üçün qida ehtiyatı dəfələrlə çox olur. Məsələn, Ordubadın Əylis kəndindən bir kəhrizin suyundan 5 dəfə təkrar istifadə olunur. Qida elementlərinin çoxluğu təkrar qidalanmaya imkan verir”.

  

   Kəhrizlərin bərpasına diqqət göstərilir

  

   Mütəxəssislərin hesablamalarına görə, Azərbaycan ərazisində 1500-ə qədər kəhriz var onların bir çoxunun bərpaya ehtiyacı var. 1999-cu ildən Beynəlxalq Miqrasiya Təşkilatının müxtəlif donor təşkilatlarla birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı layihə həyat keçirilir. Kəhrizlərin Bərpası Layihəsi”nə Koreya Respublikası Beynəlxalq Əməkdaşlıq Agentliyi maliyyə dəstəyi göstərir. Layihə çərçivəsində Azərbaycanın Bərdə, Goranboy, Samux, Şəmkir, Tərtər, Tovuz başqa rayonlarında əhalinin su resurslarına çıxış imkanını yaxşılaşdırmaq üçün 20-dən artıq kəhrizin bərpa olunması planlaşdırılır.

   Təşkilat Azərbaycanda kankanların hazırlanmasında da maraqlıdır. Naxçıvan Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Mehriban Sultan deyir ki, kankanların hazırlanması üçün ali təhsil ocağında Beynəlxalq Miqrasiya Təşkilatının Naxçıvan ofisi ilə birgə təlim kursları təşkil olunur. İndiyədək 100-dən artıq kankan hazırlanaraq kəhrizlərin bərpasına cəlb edilib: “Ötən il Naxçıvan Dövlət Universitetində çalışan müəllimlərin, alimlərin birgə müəllifliyi ilə yeni kitab çap olundu. Bu, eyni zamanda, Azərbaycanda sırf kəhrizlərə həsr olunmuş ilk dərslikdir. Bəzi mütəxəssislərimizin araşdırmalarından Qazaxıstanda, İran İslam Respublikasında kəhrizlərlə bağlı arxeoloji tədqiqatlarda istifadə olunur”.

  

   Kəhrizlərin tarixi mədəniyyət abidələri kimi pasportlaşdırılmasına ehtiyac var

  

   Kənd təsərrüfatı elmləri doktoru Əlövsət Quliyev hesab edir ki, bu gün Azərbaycanda kəhrizlərin texniki pasportlaşdırılmasına ehtiyac var. Alimin sözlərinə görə, bu zaman kəhrizlərin əvvəlki vəziyyəti, mövcud ekoloji durumu, su sərfi digər bu kimi məqamlar göstərilməli, onların qədim irs abidələri kimi qorunması təmin olunmalıdır. Qədim texnologiyaya malik əsrlər boyu davamlı su təchizat mənbəyi kimi istifadə olunmuş kəhrizlərin eyni zamanda qədim tarixi memarlıq abidələri hesab olunduğuna diqqət çəkən alim bu məqamın həmişə nəzarətdə saxlanılmalı olduğunun vacibliyini vurğulayır.

   Mütəxəssis beynəlxalq təşkilatların layihələri çərçivəsində Azərbaycan xalqının təcrübəsinin mənimsənildiyini bildirir: “Kəhriz sistemlərinin strateji əhəmiyyətli abidələr kimi dövlət qeydiyyatına alınması mühafizəsinin təşkili olduqca zəruridir. Kəhrizlər onların üzərində inşa olunmuş abidələr qədim memarlıq abidələri kimi qorunmalıdır. Mütəxəssis var, təcrübə var. Qədim tarixi abidələrimiz olan kəhrizlərin bərpası yalnız yerli mütəxəssislərin iştirakı ilə aparıla bilər”. Müsahibim kəhrizlərin bərpasında yeni texnologiyaların tətbiqinin mümkünlüyünü istisna etmir. Bununla bağlı mütəxəssislərin araşdırmalar apardığını deyən Ə.Quliyev hesab edir ki, paralel olaraq kadr hazırlığına diqqət yetirilməli, kankanların hazırlıq səviyyəsi artırılmalıdır: “Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən kankanların hazırlanması üçün təlim kursları təşkil olunur. Əlbəttə, bu yaxşı haldır. Amma nəzərə alaq ki, təcrübəli kadrların, xüsusilə kankanların hazırlanması üçün bu, çox qısa bir vaxtdır. Fikrimcə, kurslar daha geniş şəkildə təşkil olunmalı, təcrübəli mütəxəssislər yetişdirilməli, tarixi memarlıq abidələri sayılan kəhrizlərin bərpası lazımi dəqiq şəkildə aparılmalıdır”.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2010.- 24 sentyabr.- S. 15.