Mən
və özüm
İlham Rəhimli
Söhbət-esse
Söhbətləşənlər:
Mən. 1971-ci ildən keçib
2011-ci ilin astanasına çatan İlham Rəhimli
Özüm. Bugünkü İlham
Rəhimli
(Əvvəli ötən
sayımızda)
Özüm: - Kifayət qədər
maraqlı və bacarıqlı, həvəsli və qətiyyətli
tələbələrim olub. Onların bir qismi ilə hətta
dərsdən əlavə, fərdi şəkildə məşğul
olmuşam. Tələbələr mənim də
yazdığım kitablardan və dərsliklərdən
istifadə edirlər... Hətta mətbuatda, televiziyanın
müəyyən verilişlərində fəxrlə deyilən
«sənət müəllimim İlham Rəhimli olub» fikrini
oxuyub-eşidirəm. Əlbəttə, bundan qürur duyuram və
mənən rahatlanıram. Ancaq kiminsə adını çəkib
«bu mənim yetirməmdir» deyə bilmərəm.
Mən: - Kitablarından hansı sənə daha əzizdir?
Özüm: - Yazdıqlarımı kənar oxucu kimi
oxuya bilmirəm... Ona görə sualı
cavablandırmaqda çətinlik çəkirəm.
Mən: - Qayıdaq nəzəriyyə
söhbətimizə. Aktyorun təkəbbürü
onun istedadına mane olurmu?
Özüm: - Səhnədə
«uca görünmək» istəyən aktyor postament-dayaqların
üstündən aşağı düşməyi
xoşlamır. Lakin həmin dayağın
üstünə qalxmaq onun sənət ucalığına dəlalət
etmir.
Mən: - Çağdaş aktyor
üçün hansı səs tembri vacibdir?
Özüm: - Bəlkə də
teatr janr əlvanlığını digər incəsənət
növlərindən daha çox xoşlayır. Buna görə
də teatrda əlvanlıq və rəngarənglik
üçün səslər mütləq müxtəlif
olmalıdır: lirik, romantik və dramatik çalarlı, qəltanlı,
şaqraq, cingiltili, məxməri, musiqili, cır, tipik,
koloritli... Bir şərtlə: hamısının səhnə
danışığı sırf peşəkarlıqdan
şirələnməlidir. Aktyorun
ağzından çıxan söz xəstəyə
qaşıqla verilən horraya bənzəməməlidir, kəpənək
kimi zərif qanadla səhnədən salona
uçmalıdır.
Mən: - Belə çıxır
ki, sözlərini doğru-dürüst və aydın diksiya
ilə söyləyən aktyor tamaşaçı qəlbini
oxşaya bilər.
Özüm: - Əzbərçiliklə
iş bitmir. Mətni söyləyəndə
daxili sözü «üşüyən» aktyor heç vaxt
tamaşaçıya emosional təsir edə bilməz. Tarıma çəkilməmiş yaydan
çıxan ox tuşlanmış nişangaha dəymədiyi
kimi, qəlbin hərarətilə yoğrulmayan söz fikir hədəfinə
çatmayacaq. Burundan uzağa keçməyən
söz heç kəsə lazım deyil.
Mən: - Dünya elmi sübut edir
ki, aktyorlar ömrü boyu həyatda insanlarla ünsiyyətlərində
daha çox başqalarının sözlərindən istifadə
edirlər. Belə çıxır ki,
dramaturqun sözlərini olduğu kimi söyləyən,
rejissorun mizanlarına itaətlə əməl edən
aktyorlar böyük yaradıcılıq nailiyyətindən
uzaqdırlar?
Özüm: - Müəllifin
sözlərini ətə-qana dolduran, rejissorun mizanlarına
vüsət verən məhz istedadlı aktyorlardır. Oynadığı obrazların sözlərini
tutuquşu kimi əzbərləməklə kifayətlənən
aktyor özü günbəgün sənətdə kif
atır. Yaradıcı aktyor - emosiya
üstəgəl təfəkkür, üstəgəl
coşqunluq, üstəgəl idrak deməkdir.
Mən: - Belə çıxır
ki, aktyor səhnədə özünü filosof kimi hiss etməlidir?
Özüm: - Əsla! Səhnə şahmat taxtasıdırsa, onda aktyor
orada at gedişi ilə deyil, ilk növbədə piyada
gedişinin son nəticəsi ilə qürrələnməlidir.
Dəymiş tutu budaqlarının altına
örtük tutub çırpırlar. Dəymiş
fikri isə tumarlaya-tumarlaya söz haləsinə düzmək
lazımdır.
Mən: - Sənin dediklərindən
belə çıxır ki, tamaşada fikir öndə
olmalıdır?..
Özüm: - Elə demirəm. Demək istəyirəm ki, tamaşanın
ideyasında gizlənmiş fikir küləyin dalınca
qaçan zavallı uşağa bənzəməməlidir.
Məntiqə və teatr estetikasına əsaslanmalıdır.
Qar qarın çiyninə qonanda yerə
lopa-lopa düşür. Söz, rejissor təfsiri
və aktyor oyunu üstəgəl bədii tərtibatın və
musiqinin təssüratları üst-üstə qonaraq
tamaşaçı salonuna lopa-lopa «yağmalıdır».
Mən: - Bu vərdişlərə
yalnız canfəşanlıqla nail olmaq
mümkündürmü?
Özüm: - Təkcə canfəşanlıq kifayət
deyil. Səhnəni qaynayan istedad və savadla fəth
etmək mümkündür. Nadan aktyorun cəhdləri
nə qədər işgüzar görünsə də, onun
boyuna biçilən uğursuzluq kəfənini yırtmaqda
acizdir.
Mən: - Sən özün də
şahidi olmusan ki, bəzən «nəyə» görəsə
hansısa istedadsıza baş rol verirlər...
Özüm: - İstedadsız
aktyorun qəhrəman rolunda çıxışı tay qaloşla kros qaçan
idmançının aqibəti kim uğursuzluğa məhkumdur.
Aktyorun istedadından doğan fəndgirlik
yaradıcı emosiyalarla birləşəndə möhtəşəm
sənət nümunəsi yaranır.
Mən: -
İstedadsızlığı gur səslə pərdələmək
mümkündürmü?
Özüm: - Aktyorun səhnədə
hissiz-emosiyasız bağırması müdhiş səslənir.
Şahlar dövrünün
carçıları özləri qalmayıblar. Təəssüflər olsun ki, onların
tükürpədici bağırtılarını vərdişə
çevirən cılız aktyorlar onları səhnədə
daha eybəcər tərzdə yamsılayırlar.
Mən: - Hər hansı teatr
tamaşası tamaşaçıya mütləq emosional təsir
etməlidir, yoxsa seyirçi gözlə aldığı həzzlə
kifayətlənməlidir?
Özüm: -
Tamaşaçının emosiya qılıncını
qında qoyan tamaşa içində daş olan tabuta bənzəyir.
İnsanda dadbilmə hissinin pozulması bəzi
xəstəliklərin əlamətidir. Emosional
duyğunun itməsi isə ruhun məhvindən xəbər
verir.
Mən: - Aktyorların tamaşada
etdikləri improvizələrə necə baxırsan?
Özüm: - Səhnə
improvizasiyalarında qətiyyətsiz olan aktyor zərif
qanadlarını alovda yandıraraq şamdandan kənara
düşmüş hərəkətsiz pərvanəni
xatırladır.
Mən: - Bir də görürsən
aktyorlar improvizə adı altında özlərindən mətnə
sözlər, hətta cümlələr də uydururlar.
Özüm: - İki sözlə
ehtiva olunan fikrə iyirmi iki kəlmə ilə bənd vurmaq
heç vaxt səmərəli alına bilməz. Meyvə ağacının calağı peyvənd,
sözün «calağı» cır olar.
Mən: - Reallıqdan uzaq, fərziyələrə
söykənən əsərləri tamaşaya hazırlamaq cəfəngiyyatla
məşğul olmağa bənzəmir ki?
Özüm: - Fərziyyəni cəfəngiyyatla
qarışdırmaq olmaz. Fərziyyədə
ilğımlı romantika ruhu, cəfəngiyyatda isə məzar
soyuqluğunun, dirilmək ümidsizliyinin dəhşəti
var. Müəyyən estetik cazibədarlıqla təqdim olunan
fərziyyə maraq doğura bilər.
Mən: - Öz
yaradıcılığı, yaxud hansısa işi ilə
qürrələnən aktyora və ya rejissora necə
baxırsan?
Özüm: - Sənətkarın
sənətdə qazandığı uğurdan məmnunluq
duyması lovğalıqdan uzaqdır.
Mən: - Qüdrətli sənətkar
olmaq üçün nə etmək lazımdır? Hansısa mərhələdən keçməyə
lüzum varmı?
Özüm: - «Qüdrətli
yaradıcı sənətkar» müxtəlif
ölçülü hazır paltar deyil və dükan-bazarda
satılmır. Rejissor və ya aktyor onu
özünün əməl və hərəkətlərilə,
yaradıcılıq axtarışlarının bəhrəli
nəticələri ilə biçib-tikir.
Mən: - Bir də görürsən
çox primitiv pyesin primitiv tamaşasında primitiv aktyor
ifasına alqış səslənir...
Özüm: - Bəzən sərək,
dingiş adamın özünün cəfəng-cəfəng
çərənləməsini kəsməsi
üçün abırlı adamlar çəpik
çalırlar...
Mən: - Səhnəyə
çıxan aktyor bütün sözləri ilk növbədə
tamaşaçı salonuna yönəltməyi
bacarmalıdır?
Özüm: - Aktyor səhnəni
«görməyəndə» tamaşaçı salonunu da
görmür. O, ilk növbədə səhnəni, səhnədki
hadisəni, hadisədə iştirak edən
yöndaşlarının hərəkətlərini, onların
psixoloji dəyişmələrini görə bilmək,
onları həssaslıqla duymaq vərdişlərinə yiyələnməlidir.
Belə bir ibarə var ki, dram danışan hekayədir.
Deməli, aktyor həmin hekayəni həm
danışmalı, həm də ifadəli hərəkətlər
toplusu ilə göstərməlidir.
Mən: - Dediyin ifadəli hərəkət
toplusu dinamika ilə paralel verilməlidir?
Özüm: - Hər bir
tamaşanın rejissor konsepsiyasına uyğun olaraq öz
sürət-ritmi müəyyənləşməlidir. Bütün personajların səhnə
davranışlarının ölçüləri ilk
növbədə tamaşanın sürət-ritm ahənginə
əsaslanmalıdır. Aktyor heç vaxt
unutmamalıdır ki, səhnədə söylənilən
söz hansısa fikrin tətiyidir. Fikirdə
ləngiyən aktyor topal təsiri bağışlayır.
Günəbaxan Günəşin nurunu ləçəkləri
ilə içir. Tamaşaçı isə
səhnə əsərinin fikir nurunun şehini aktyorların
ifadəli oyunlarından çəkir.
Mən: - Tamaşanın
emosional-idraki qavranılması üçün
tamaşaçının səhnə sənətinə məhəbbəti
kifayətdirmi?
Özüm: - Kiprik yuxu
üçün, yuxu isə yuxusuzluq üçün necə
darıxırsa, tamaşaçı aktyor, aktyor da
tamaşaçı üçün elə həyəcanla darıxıb
görüşməlidirlər. Həzin,
kövrək, qəmli musiqi sazın telindən, tarın pərdəsindən,
neyin dodağından «çarmıxa» çəkilir. Səhnədə bu işi aktyor görür.
Mən: - Tamaşada musiqi aktyor
oyununa mane ola bilərmi?
Özüm: - İstər zəif,
istərsə də güclü musiqi yerində səslənməyəndə
aktyor ifasının ümumi partiturasına uyuşmur, emosional
təəssürata xələl gətirir. Başqa
bir məsələ də var, musiqini eşitmək, hələ
onu duymaq demək deyil. Aktyor musiqinin «dediklərini»
hərəkət plastikasında emosional-psixoloji tərzdə
canlandırmalıdır.
Mən: - Səhnə əsəri
nə qədər möhtəşəm olsa da, həyat həqiqətinin
özü deyil, sadəcə onun təcəssümüdür.
Bunu etiraf etməliyik...
Özüm: - Düzdür, etiraf
etməliyik. Ancaq unutmayaq ki, bir damla dupduru
şehə bir dünya sığışdığı
kimi, səhnəyə də bütün bəşəriyyəti
titrədən duyğular, həqiqətlər, arzular... yerləşir.
Mən: - «Teatr vətənpərvərlik
ideyalarını təbliğ etməlidir» fikri bəzən
yerli-yersiz o qədər işlənilir ki, lap ikrah doğurur.
Özüm: - Vətənin
böyüyü-kiçiyi yoxdur, çünki təkdir. Teatr vətən qüdsiyyətini, vətən
munisliyini söz deyimində yox, sənət möhtəşəmliyi
anlamında həmişə uca tutmalıdır.
Mən: - Belə çıxır
ki, səhnə çoxlu ideyalalarla yüklənməlidir ki,
fəlsəfi görünsün...
Özüm: - Xeyr! Həddən
artıq gurultulu, ancaq pafoslu sözlərə, zahiri hay-küy
doğuran fikirlərə əsaslanan tamaşa
boşboğazlıqdan uzağa gedə bilməz. Boşboğazlıq isə heç vaxt fəlsəfi,
düşündürücü, emosional təsirli olmur.
Mən: - Səhnədə fikri
aydın verə bilən hər rejissor istedadlı
sayılır?
Özüm: - Aydın fikirlər
heç vaxt ekiz doğulmurlar. Onlar yalnız
istedadların təfəkküründən süzülə
bilər. Meh saçı oxşayır, külək
saçı dağıdır, tufan ovqatı təlx edir,
qasırğa insanın iç duyğularının
nizamını pozur... Teatrda isə hər şey əksinə
də ola bilər. Bunu da
yalnız istedadlar bacarırlar.
Mədəniyyət.-
2010.- 24 sentyabr.- S. 12.