“Azərbaycan rəngkarlığının kraliçası”

 

   Nicat Feyzullayev: “Filmdə Vəcihə Səmədovanın necə azad sənətkar olduğu göstərilib”

  

   Sentyabrın 29-da Muğam Mərkəzində görkəmli fırça ustası, Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın yaradıcılığına həsr olunmuş “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin təqdimat mərasimi keçiriləcək. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal olunub. Filmin rejissoru Nicat Feyzullayevin ekran əsəri haqqında fikirləri maraqlı idi. Ona görə ki, rejissor təkcə rəssam bir xanım haqqında deyil, həm də doğma anasından bəhs edən film çəkib. Rejissor əvvəlcə filmin yaranma tarixçəsi barədə danışdı:

  

   - 2004-cü ildə Səttar Bəhlulzadə adına sərgi salonunda Vəcihə Səmədova ilə Lətif Feyzullayevin əsərlərindən ibarət böyük sərgi keçirilirdi. “Azərsell” şirkətinin dəstəyi ilə baş tutan bu sərgiyə böyük maraq vardı. Amma istənilən halda üç gün - beş gün baxılır və bitir. Film isə uzun illər yaşayır. Həmin sərgi Vəcihə Səmədova haqqında sənədli film çəkmək üçün bir təkan oldu. Məqsədim filmdə Vəcihə Səmədovanın müstəqil, azad bir rəssam olduğunu göstərmək idi.

   - Vəcihə Səmədovanın maraqlı həyatı olub. Filmdə bu öz əksini tapıb?

   - Vəcihə Səmədova ilə Lətif Feyzullayev təkcə həyatda yox, sənətdə də sirdaş olublar. Atam Əzim Əzimzadə adına Rəssamlıq məktəbində dərs deyib. Anam Vəcihə xanım da onun tələbələrindən biri olub. Onlar burada tanış olduqdan sonra 1944-cü ildə evlənirlər. Sonra Moskvaya gedirlər. Anam V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə - tanınmış rus rəssamı Pavel Korinin emalatxanasına daxil olur. Vəcihə xanım 1951-ci ildə “Üzeyir Hacıbəyov tələbələri arasında” adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır.

   Filmdə rəssamın müasirləri - Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov, Həyat Abdullayeva, həmçinin bəstəkar Xəyyam Mirzəzadə danışır. Həyat Abdullayeva uzun illər Vəcihə xanımın rəfiqəsi olub. Filmə maraqlı ad tapa bilmirdim. Sonuncu müsahibədə rəssam Sakit Məmmədov belə cümlə işlədir: “Vəcihə xanım Azərbaycan rəngkarlığının kraliçasıdır”. Bu cümlədən filmin adı yarandı.

   - Sənədli filmi hansı üslubda təqdim etmisiz? Məlumdur ki, filmdə müasirləri onun haqqında danışır və rəssamın əsərləri göstərilir.

   - 42 dəqiqəlik film klassik üslubda çəkilib. Çünki burada klassik sənətdən söz açılır. Operator Nizami Abbasın da əməyi böyükdür. Film səliqəli çəkilib. Montaj rejissoru Mübariz Nağıyev filmi yaxşı “qayçılayıb”. Bəstəkar Rauf Əliyev də gözəl musiqi tərtibatı verib. Yəni hər şey filmə baxdıqdan sonra məlum olacaq. Amma mən həmişə anamla atama həsəd aparmışam. Onlar heç vaxt Lenin, Stalin haqqında əsər çəkməyiblər. Vəcihə xanım azad sənətkar olub. Heç bir fəxri ad, təltif iddiasında da olmayıb. Filmdə də bu məqamlar əksini tapıb. Onun əsərlərində klassik rus realizmi ilə yanaşı impressionizm elementləri də var idi.

   - Uşaqlıqan ananızın yanında - emalatxanada böyümüsünüz, ancaq rejissorluğu seçdiniz...

   - Hə, belə oldu. Amma rəssamlıq sənəti ilə uşaqlıqdan tanış olmağımın filmlərimdə mənə böyük köməyi olub. Film həm də rəssamın işidir. “Küçələrə su səpmişəm” bədii filminin rəssam işində mənim də əməyim var. Aqşin Feyzullayevin “Azərbaycan dünyası” jurnalında anası haqqında məqaləsi çıxdıqdan sonra “Palmali” Şirkətlər Qrupu Vəcihə xanımın möhtəşəm bir kitabını nəşr etdirdi. Türkiyədə nəşr olunan kitabda anamın bütün əsərləri yer alıb. Kitab Azərbaycan, ingilis və rus dillərindədir.

   - Vəcihə Səmədova sizin portretinizi “Gənc skripkaçı” adlı əsərində çəkib. Vaxt gəldi, siz onun haqqında “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filmini çəkdiniz. Maraqlıdır, hə?

   - Hə, bu xoşbəxtlikdir. Digər tərəfdən isə, həm də Azərbaycanın ilk peşəkar qadın rəngkarı haqqında film çəkmişəm. Bu isə daha böyük xoşbəxtlikdir. Elə əsl həyat da budur...

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 24 sentyabr.- S. 10.