27 sentyabr Dünya Turizm günüdür

 

   27 sentyabr Dünya Turizm günüdür. Artıq bir neçə ildir ki, bu gün ölkəmizdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan silsilə tədbirlərlə qeyd olunur.

   Dünya Turizm gününün tarixi, mahiyyəti nədir? Dünya Turizm Təşkilatının yaranması ilə dünya turizminin vəziyyətində hansı dəyişikliklər oldu? Bu və ya digər suallarla Azərbaycan Turizm İnstitutunun Turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, tarix elmləri namizədi Bahadur Bilalova müraciət etdik.   

 

   - Bahadur müəllim, Dünya Turizm gününün tarixi konkret olaraq nə ilə bağlıdır?

   - Bu günün tarixi Dünya Turizm Təşkilatının nizamnaməsinin qəbul edildiyi günlə bağlıdır. Həmin təşkilat yaranana qədər dünyada “Beynəlxalq Turizm Təşkilatları İttifaqı” adlı qurum mövcud idi. 1969-cu ildə Birləşmiş Millətlər Təşkilatı qərar qəbul etdi ki, İttifaq Dünya Turizm Təşkilatına çevrilsin. 1970-ci ilin sentyabrında İttifaqın Meksikada keçirilən Baş Assambleyasında qurumun adı dəyişdirilib Dünya Turizm Təşkilatı (DTT) adlandırıldı. Həmin il sentyabrın 27-də təşkilatın nizamnaməsi qəbul olundu.

   Beş il sonra, 1975-ci ildə DTT-nin Madriddə Birinci Baş Assambleyası keçirildi, qurumun baş katibi seçildi. Nəhayət, 1980-ci ildə keçirilən İkinci Baş Assambleyada tədbir iştirakçıları belə qərara gəldilər ki, təşkilatın nizamnaməsinin qəbul edildiyi gün, yəni 27 sentyabr tarixi Dünya Turizm günü kimi qeyd edilsin.

   - Dünya Turizm Təşkilatının yaranması dünya turizminə hansı yeniliklər gətirdi?

   - Əvvəla, ölkələr arasında turizm sahəsi üzrə koordinasiya yarandı. İkincisi, bu quruma üzv olan dövlətlər arasında vahid statistik məlumat bazası formalaşdı. Turizm sahəsinin koordinasiyalı inkişafı üçün Dünya Turizm Təşkilatı layihələr hazırlayır. Məsələn, təşkilat 2001-ci ili “Beynəlxalq Ekoturizm ili” elan etdi. Qurum mütəmadi olaraq turizmin bu və ya digər növünün hansı ölkədə daha çox inkişaf etdirilməsi ilə bağlı tövsiyələr verir. Dünya Turizm Təşkilatı BMT-nin nəzdində ixtisaslaşmış qurumdur və bütün dünya turizmini də məhz bu təşkilat əlaqələndirir.

   - Azərbaycan quruma nə vaxtdan üzv olub və bu üzvlük ölkəmizdə turizmin inkişafına nə verdi?

   - Dünya Turizm Təşkilatında hazırda 153 ölkə həqiqi üzv kimi təmsil olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra qurum bizim də Dünya Turizm Təşkilatına üzv olmağımızı tövsiyə etdi. O vaxt respublikamızda turizmi idarə edən orqan Nazirlər Kabineti yanında Xarici Turizm Şurası idi. Lakin təəssüflər olsun ki, ölkəmizin təşkilata qəbulu prosesi ləngidi. MDB-nin bir çox ölkələri təşkilata bizdən tez üzv oldu.

   2001-ci il aprelin 18-də prezident Heydər Əliyevin sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı və ölkəmizdə turizm sahəsinin idarə olunması bu nazirliyə həvalə edildi. Qısa zamanda qurum bu ölkədə turizmin inkişafı strategiyasını işləyib hazırladı. Tezliklə Azərbaycanın Dünya Turizm Təşkilatına üzvlüyü məsələsini həll etdi. 2001-ci ilin sentyabrında ölkəmiz təşkilatın həqiqi üzvlüyünə qəbul edildi. Bundan sonra ölkəmizdə turizm sahəsi DTT-nin tövsiyələri əsasında inkişaf etməyə başladı. 2006-cı ildən isə turizm sahəsinin idarə olunmasını Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir.

   - Azərbaycan turizminin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

   - Azərbaycan turizminin inkişafında 90-cı illərdən yaranmış durğunluq 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi yarandıqdan sonra aradan qaldırılmağa başladı. Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq edilmiş «2002-2005-ci illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı»nın yerinə yetirilməsi ilə ölkəmizdə bu sahə sürətlə inkişaf etməyə başladı. 2006-cı ildə turizm və mədəniyyətin vahid bir nazirlikdə birləşdirilməsi çox düzgün bir qərar idi. Çünki turizm məhsulunun formalaşmasında mədəniyyətin xüsusi çəkisi var.

   Prezident İlham Əliyevin Azərbaycan Turizm İnstitutunun yaradılması haqqında sərəncam imzalaması, 2006-cı ildə bu ali məktəbin fəaliyyətə başlaması, 2010-cu ilin aprelində “2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi dövlətin bu sahəyə xüsusi önəm verməsinin bariz nümunəsidir. Məlumdur ki, turizmin inkişafı üçün ilk növbədə infrastruktur lazımdır və bu infrastruktur da Azərbaycanda gündən-günə artır. Məsələn, təkcə Bakıda yox, regionlarda, rayon mərkəzlərində, istirahət üçün yararlı əksər yerlərdə dördulduzlu, hətta beşulduzlu mehmanxanalar fəaliyyət göstərir, Qusar rayonunda qış-yay istirahət mərkəzinin təməli qoyulub və orada nəhəng bir layihə həyata keçirilməkdədir. Bundan əlavə, statistikaya nəzər saldıqda görürük ki, Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Bunların hamısı ölkəmizdə turizm sahəsinin inkişafının göstəricisidir. Doğrudur, bəzi problemlər qalmaqdadır və onların zaman-zaman həllinə ehtiyac duyulur.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 24 sentyabr.- S. 9.