Turizm Assosiasiyası regionlarda nümayəndəliklər açır

 

   Qanunsuz fəaliyyət göstərən turizm şirkətləri barəsində isə ölçü götürülür

  

   «Azərbaycanda qanunsuz fəaliyyət göstərən turizm şirkətləri var. Bununla bağlı məlumat assosiasiyaya daxil olan kimi həmin şirkətlər haqqında ölçü götürülür». Bunu qəzetimizə açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov bildirdi.

  

   Onun dediyinə görə, AZTA-nın Nizam-İntizam Komissiyası ayda bir dəfə Bakı şəhərində reyd keçirir. Bu reydlər zamanı qanunsuz fəaliyyət göstərən şirkətlər müəyyən edilən kimi dərhal bu haqda Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilir: «Oradan isə Vergilər Nazirliyinə məktub yazılır. Həmin məktubda qanunsuz fəaliyyət göstərən turizm şirkətinin koordinatları və ünvanı öz əksini tapır. Bundan sonra şirkət haqqında müvafiq qanuni tədbirlər görülür».

   N.Bağırov söhbət əsnasında onu da bildirdi ki, bu il Azərbaycana gələn xarici turistlərin sayında kifayət qədər artım müşahidə olunur. O cümlədən N.Bağırovun rəhbərlik etdiyi “Xəzər travel”in xətti ilə ölkəmizə gələn xarici turistlərin sayında 15 faiz artım qeydə alınıb. Müsahibimiz artımın səbəbini Azərbaycanın artıq dünyada bir turizm ölkəsi kimi tanınması ilə izah etdi: «Nəzərə alın ki, hazırda bir qrup turizm şirkəti Fransada, bir qrup Yaponiyada, digər qrup isə Moskvada beynəlxalq turizm sərgilərində iştirak edir. Hər bir sərgi yeni əməkdaşlıq, yeni əlaqələr deməkdir».

   Turizm Assosiasiyası Almaniyanın GTZ təşkilatı ilə birlikdə layihə də həyata keçirir. N.Bağırovun sözlərinə görə, layihə çərçivəsində ölkəmizin regionlarına daha çox turist cəlb etmək məqsədilə assosiasiyanın regional nümayəndəlikləri açılacaq. Oktyabrın ortalarından qurumun Lerik, Masallı, Lənkəran və Qərb zonasında nümayəndəlikləri fəaliyyətə başlayacaq: «Məqsəd burada fəaliyyət göstərən hotel və istirahət mərkəzləri ilə Bakıdakı turizm şirkətləri arasında əlaqələri möhkəmləndirməkdir. İstəyirik onların şirkətlər vasitəsilə dünya miqyasında tanınmasına nail olaq. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu gün əksər turizm istirahət mərkəzləri şirkətlərin xidmətindən istifadə etmək istəmirlər. Amma dünya təcrübəsi də göstərir ki, buna təkbaşına nail olmaq mümkün deyil”.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 24 sentyabr.- S. 9.