Dahi bəstəkarın yubileyi münasibətilə Azərbaycan və Avstriya musiqiçiləri birgə konsert veriblər

 

   Bu günlər 125 illik yubileyi təntənə ilə qeyd olunan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi ölkəmizdən uzaqlarda da anılır. Sentyabrın 22-də Üzeyir Hacıbəylinin Vyanadakı Dunay Parkında ucaldılmış abidəsi qarşısında mərasim keçirilib.

  

   Tədbirdə Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədəki səfirliyimizin əməkdaşları, diaspor təşkilatlarının təmsilçiləri, elm və mədəniyyət xadimləri, Avstriyada işləyən və təhsil alan həmyerlilərimiz iştirak ediblər. Qeyd edək ki, Vyanadakı Dunay Parkında Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ildə ucaldılıb. Abidənin müəllifi görkəmli heykəltəraş Ömər Eldarovdur.

   Mərasimdə Ü.Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladan ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov bildirib ki, dahi bəstəkarın 125 illik yubileyinin musiqi paytaxtı Vyanada qeyd edilməsi mühüm hadisədir. Şərqdə ilk operanın müəllifi, musiqili teatrın yaradıcısı, ilk konservatoriyanın banisi olmuş Üzeyir Hacıbəyli öz əsərləri ilə təkcə Azərbaycanın deyil, eyni zamanda, dünya musiqi mədəniyyətinə böyük töhfələr vermişdir.

   Mərasimdə çıxış edən Xalq artisti, tarzən Ramiz Quliyev vurğulamışdır ki, Üzeyir Hacıbəylinin əsərlərinin Motsart, Bethoven, Şubert və Ştraus kimi dahi musiqiçilər yetirmiş Vyananın mədəniyyət saraylarından səslənməsi fərəhli və qürurverici hadisədir.

   Həmin gün Vyananın mərkəzindəki Pallaviçini sarayında Azərbaycan və Avstriya musiqiçiləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş birgə konsert proqramı ilə çıxış ediblər.

   Konserti giriş sözü ilə açan səfir Fuad İsmayılov, Federal Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin xarici ölkələrlə ikitərəfli və çoxtərəfli mədəni əlaqələr və Avropa İttifaqı ilə mədəni əlaqələr şöbələrinin rəhbəri Norbert Ridl və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli açılış nitqi söyləyiblər. Qeyd edilib ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində xüsusi yer tutur və onun Azərbaycan mədəniyyətinin inkişafında, musiqimizin ölkə sərhədlərindən kənarda tanınmasında əvəzsiz xidmətləri olub. Dahi Üzeyir Hacıbəylinin yubileyinin klassik musiqinin paytaxtı Vyana şəhərində qeyd edilməsi heç də təsadüfi deyil, çünki Şərqin ilk operettalarından biri - Ü.Hacıbəylinin “Arşın mal alan” əsəri 2006-cı ildə almandilli məkanda ilk dəfə məhz burada - Vyana Kamera Operasında uğurla nümayiş etdirilib. Həmin il Vyanada Dunay Parkında bəstəkarın büstünün açılışı olub.

   Məmnuniyyətlə vurğulanıb ki, bu, Vyana Kamera Orkestrinin azərbaycanlı musiqiçilərlə birgə keçirdiyi sayca ikinci konsertdir. Artıq qərara alınıb ki, belə konsertlər ənənəyə çevrilsin və hər il 18 sentyabr - Milli Musiqi günü münasibətilə birgə konsert təşkil edilsin.

   Gənc dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Vyana Kamera Orkestri və azərbaycanlı musiqiçilər tərəfindən Üzeyir Hacıbəylinin “Koroğlu“ operasından, “Arşın mal alan” operettasından və digər əsərlərindən parçalar ifa edilib. Xalq artisti Azər Zeynalovun və Fəridə Məmmədovanın ifasında “Arşın mal alan“ operettasından Əsgərlə Gülçöhrənin ariyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

   Azərbaycanın görkəmli musiqiçilərinin özlərini Ü.Hacıbəyli məktəbinin yetirməsi hesab etdiyini söyləyən professor Fərhad Bədəlbəyli tanınmış bəstəkar Tofiq Quliyevin “Qaytağı“ və özünün “Dəniz“ əsərlərini fortepianoda ifa edib.

   Xalq artisti tarzən Ramiz Quliyevin və kamançada Toğrul Əsədullayevin müşayiətilə gənc xanəndə İlkin Əhmədov xalq mahnıları və muğamları ifa edib.

 

 

   Mədəniyyət.- 2010.- 24 sentyabr.- S. 4.