Rənglərin
həkimi
1985-ci ildə Şuşada anadan olmuş gənc rəssam
Fərid Rəsulovun ilk sənəti həkimlik olub. Özünün
dediyinə görə, bu sahədə 7 il təhsil
almasına və 4 illik çalışmasına baxmayaraq incəsənətə
marağı daha böyük olub. Gənc rəssam bu vaxtadək
“Alüminium” beynəlxalq müasir incəsənət sərgisində
(Bakı, 2007), “Steps of time”, Almaniyada “Azərbaycan Mədəniyyəti
günləri” çərçivəsində müasir incəsənət
sərgisi (Drezden, 2008), 53-cü Venesiya Biennalesi, Azərbaycan
pavilyonu (Venesiya, 2009) və başqa beynəlxalq sərgilərdə
iştirak edib. Bu yaxında Bakıda Kiçik Qala “Art Gallery”də
“Şeylər” adlı sərgisi keçirilən Fərid Rəsulovla
görüşdük, söhbətləşdik.
- Rəssamlığa olan maraq və
istək necə yarandı?
- Tibb Universitetini qırmızı
diplomla bitirmişəm. Amma bu sahədə işləyə
bilməyəcəyimi başa
düşdüm. Azadlığı və heç kimdən asılı olmamağı sevirəm.
Bəlkə də elə
buna görə incəsənəti seçdim.
Rəssamlıq sənətində heç bir akademik təhsil almamışam.
- Niyə məhz müasir incəsənət sizi daha çox cəlb edir?
- Müasir incəsənətə
daha çox marağım olduğundan
fəaliyyətim də
bu istiqamətdədir.
Bu sahədə ilk fəaliyyətim video-artlarla
oldu. Rəngkarlıqla bir ilə yaxındır məşğulam.
Heykəltəraşlıq, installyasiya, kompyuter
qrafikası, video-art sahəsində
də işlərimi davam etdirirəm.
- “Şeylər”
sərgisinin ideyası
necə yarandı?
- Evdəki əşyaları vizuallaşdırıb
tamaşaçıya çatdırmaq
fikri məndə çoxdan yaranmışdı.
Bu sərgini reallaşdırmaqla
da arzuma çatdım.
- Gündəlik
həyatımızda istifadə
etdiyimiz, hətta çoxlarının bəzən
fikir vermədiyi əşyaları çəkməkdə
məqsəd nə idi? Ümumiyyətlə bu rəsmlərin
mahiyyəti nədir?
- Əşyaları
çəkməkdə məqsədim
onların insan həyatındakı rolunu
qeyd etmək, kimisə kombinat sisteminin hipnotik təsiri altından çıxarmaq, xəyallardan
ayırıb indiki zamana qaytarmaq idi.
- Sərgidə
sınmış fincan,
boşqab, yumurta, əyilmiş qaşıq,
çəngəl, ağ ayaqqabılar arasındakı qırmızı
ayaqqabı və s. əşyalar tamaşaçıda
sanki tənhalıq hissinin təəssüratını
oyadır...
- Çəkilən
hər bir rəsm müəllifin daxili aləminin təzahürüdür. Bu mənada onu doğru qeyd etdiniz ki, qırmızı
ayaqqabı həqiqətən
də tənhalıq hissini yaradıb.
- Çəkdiyiniz
rəsmləri sata bilirsiniz?
- Əslində
çəkdiyin rəsmləri
sata bilmək, öz yaşayıb-yaratdığın
sənətlə həyatı
davam etdirmək hər bir rəssam
üçün sevindirici
bir haldır. Rəssam çəkdiyi əsəri
bitirdikdən sonra o artıq ona yox, kütləyə məxsusdur.
Söhbətləşdi: Yeganə
Cansail
Mədəniyyət.-
2010.- 29 sentyabr.- S. 15.