Vaşinqtonda Üzeyir
Hacıbəylinin 125 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib
Dahi bəstəkar Üzeyir
Hacıbəylinin 125 illik yubileyi münasibətilə Amerika
paytaxtında da tədbir keçirilib. Vaşinqtonda fəaliyyət
göstərən “Qarabağ” Fondu tərəfindən bəstəkarın
yubileyi münasibətilə Azərbaycan mədəniyyəti
gecəsi təşkil edilib. Amerikada Azərbaycan mədəniyyəti
və tarixinin təbliği ilə məşğul olan
Qarabağ Fondu 2010-cu ilin iyununda təşkil edilib. Fondun
icraçı direktoru Dayana Kohen Altman bildirib ki, təşkilatın
əsas məqsədi Azərbaycan və Birləsmiş
Ştatlar arasında mədəni körpünün
yaradılmasından ibarətdir.
Fondun "Azərbaycanın
böyük bəstəkarı və mədəniyyət
xadimi Üzeyir Hacıbəyovun irsinin təntənəsi"
adı altında keçirdiyi ilk tədbirin də məqsədi
Amerika auditoriyasını Azərbaycan musiqisi və mədəniyyəti
ilə tanış etmək olub.
Azərbaycan mətbəxinin ləziz
nümunələrinə qonaq edilən amerikalı sənətsevərlər
Üzeyir Hacıbəylinin həyat və
yaradıcılığı ilə yanaşı, Azərbaycanın
bu gününü əks etdirən fotosərgi ilə də
tanış olmaq imkanı da qazanıblar. Daha sonra amerikalı
sənətşünas, Nyu-Yorkun tanınmış Metropolitan
Operasının sabiq əməkdaşı xanım Şeril
Kempler məruzə ilə çıxış edərək
Üzeyir Hacıbəylinin yaradıcılığından
danışıb, “Leyli və Məcnun”, “Koroğlu”da daxil
olmaqla məşhur əsərlərindən parçalar səsləndirib.
Mədəniyyət gecəsində yerli Azərbaycan
icmasının üzvü Bəhruz Fərruxi “Koroğlu”
operasından və “Arşın mal alan” operettasından
ariyaları ifa edib, amerikalı sənətsevərləri bir
sıra milli musiqi alətlərimizin xüsusiyyətləri ilə
tanış edib.
Dayana Kohen Altman təşkilatın
gələcək planlarından da danışıb: “Bizim diqqətimizin
mərkəzində Qarabağ durur, lakin ümumiyyətlə
maraq dairəmiz Qafqaz bölgəsini əhatə edir. Payız
mövsümü “Mənim Qarabağım” silsiləsindən
foto-sərgi və rəsm sərgisi təşkil edəcəyik.
Gələn ilin yazında isə Azərbaycana həsr
edilmiş festival keçirmək istəyirik və
Vaşinqtonda məktəblərdə Novruz şənlikləri
planlaşdırırıq. Biz Amerikadan Azərbaycana, Azərbaycandan
da buraya şagirdləri gətirmək üçün
ABŞ-ın şahmat mərkəzi ilə iş
aparırıq. Azərbaycan mətbəxi haqqında
kitabın nəşri üçün hazırda naşirlərlə
danışıqlar aparırıq. Planlarımız
çoxdur".
Onun sözlərinə görə,
Qarabağ Fondu direktorlar şurası tərəfindən idarə
edilir. Fond Bakıda Xəzər Universiteti tərəfindən
dəstəklənir, universitetin rektoru Hamlet İsaxanlı
direktorlar şurasının üzvüdür.
Yeganə
Mədəniyyət.-
2010.- 29 sentyabr.- S. 14.