Bir görüş haqqında

 

    Bütün muzeylərdə, o cümlədən ədəbi-xatirə muzeylərində planauyğun toplama işi nəticəsində fondlar daim zənginləşir, yeni-yeni əşyalar əldə edilir. Toplama mənbələrindən biri də muzeyin özünün təşkil etdiyi tədbirlərdir. Bu baxımdan ədəbi-xatirə muzeyləri daha geniş imkanlara malikdir. Ədəbi-xatirə muzeylərində kütləvi işin rəngarəng formalarından geniş istifadə edilir - ədəbi görüşlər, poeziya saatları, kitab təqdimatları, müsabiqələr, sərgilər, yazıçının özünə və qələm dostlarına, müasirlərinə həsr olunmuş xatirə məclisləri bu qəbildəndir. Təbii ki, belə tədbirlər audio və video lentlər vasitəsilə əbədiləşir, muzey qaydalarına uyğun uçota alınır və gələcək nəsillərə ötürülür.

  

   İllər ötür... Bu tədbirlərin iştirakçılarının özləri xatirəyə, lent yazıları isə tədqiqatçılar üçün maraqlı və əhəmiyyətli mənbələrə çevrilirlər. Bu materiallar sırasında elə lent yazıları var ki, bütöv bir tədqiqat işini xatırladır, haqqında söhbət gedən sənətkarın həyatı, fəaliyyətinin müxtəlif məqamları barədə obyektiv məlumat verir.

   Böyük şair Səməd Vurğunun ev-muzeyində sənətkarın qələm dostlarının, müasirlərinin və davamçılarının, tədqiqatçılarının çıxış və söhbətlərinin, xatirələrinin lent yazılarından ibarət zəngin fonoteka var. Bu lent yazılarının əksəriyyəti muzeyin 35 illik fəaliyyəti dövründə abidələşmiş səslərdən ibarətdir. Bu gün bunlar şairin tədqiqatçıları və pərəstişkarları üçün çox maraqlı və əhəmiyyətlidir.

   1978-ci il oktyabrın 11-də muzeydə şairin «Vaqif» pyesinin ilk tamaşasının 40 illiyinə həsr olunmuş görüş keçirilib. Görüşə ilk tamaşanın iştirakçıları dəvət olunmuşdular. Bu məclis bütövlükdə maqnitofon lentinə yazılmışdır və lent indi muzeyin ən dəyərli əşyalarından birinə çevrilib. Məclisdə iştirak etmiş həmin teatr xadimlərinin özləri isə dünyalarını dəyişib, xatirələrə dönüblər…

   Görüşün aparıcısı görkəmli ədəbiyyatşünas-alim Yaşar Qarayev «Vaqif» barədə qısa mülahizələrini bildirir. O, ümummilli lider Heydər Əliyevin bu dram əsəri haqqında Vurğun sənətini dərindən bilən bir tədqiqatçı səriştəsi ilə dediyi sözləri yada salır: «Vaqif obrazında iki Vaqif var - biri Vaqif özü, digəri Səməd Vurğundur».

   Yaşar Qarayev xatırladır ki, «Vaqif»in ilk tamaşasının quruluşçu rejissoru, görkəmli sənətkar Adil İsgəndərov bu görüşə bir neçə gün qalmış öz dünyasını dəyişib. Məclisə toplaşanlar Adil İsgəndərovun, habelə vaxtilə tamaşada unudulmaz obrazlar yaratmış Azərbaycan səhnəsinin görkəmli xadimləri Ələsgər Ələkbərovun, Sidqi Ruhullanın, Kazım Ziyanın, Fatma Qədrinin, Ağadadaş Qurbanovun xatirəsini hörmətlə yad edirlər.

   Bu gün özləri xatirəyə dönmüş Ağasadıq Gəraybəyli, Sona xanım Hacıyeva, Səftər Turabov, Hacıməmməd Qafqazlı, Məmməd Sadıqov, Məcid Şamxalov «Vaqif» tamaşasının ərsəyə gəlməsi, rejissor və aktyor işi, habelə Səməd Vurğunla bağlı xatirələrini söyləyirlər. Ağasadıq Gəraybəli dramaturqun bütün əsərlərində oynadığı üçün özünü xoşbəxt hesab edir. «Vaqif»də İbrahim xan obrazını yaratmış aktyor qeyd edir ki, tamaşanın məşqləri vaxtı Adil İsgəndərov tez-tez aktyorları saxlayar, Səmədlə məsləhətləşərdi. Bundan sonra şair elə oradaca müəyyən dəyişikliklər aparar, əlavələr edərdi və bütün bunlar yerinə düşər, əsəri daha da qüvvətləndirərdi. Ağasadıq Gəraybəli şairin lazım olan hallarda aktyorlarla razılaşdığını, onların mülahizələrini nəzərə aldığını onun yaxşı məziyyətlərindən biri kimi xüsusi qeyd edir.

   Sona xanım Hacıyeva «Vaqif»də Gülnar, «Xanlar»da Mehriban obrazlarını sevərək yaratdığı barədə danışır. Onu da bildirir ki, şairin yaratdığı obrazın şərəfinə öz qızını Mehriban adlandırıb. Sona xanımın yaddaşında qalan kiçik bir detal şairin milli zəminlə bağlılığını əks etdirir: Səməd Vurğun arzu edirmiş ki, Sona xanım Gülnarın paltarını həyatda da geyinsin və bütün Azərbaycan qadınları milli geyimlərimizdən istifadə etsinlər.

   «Vaqif»in ilk quruluşunun rejissor assistenti Səftər Turabovun söhbətindən əsər və tamaşa ilə bağlı bir sıra faktlar məlum olur. Rejissor xatırladır ki, «Vaqif»in ilk oxunuşundan sonra bəziləri əsəri «dramatik poema» hesab edirlər. Lakin başda Adil İsgəndərov olmaqla həqiqi sənəti qiymətləndirənlər «Vaqif»in dəyərli bir tamaşa alınacığını inamla bildirdilər. Səftər Turabov da tamaşa üzərində müəllifin kollektivlə birgə yaradıcılıq işi barədə maraqlı faktlar söyləyir. Onun söhbətindən məlum olur ki, Səməd Vurğun lazım olanda qısa müddətdə yeni parçalar yazar və əsərə əlavə edərmiş. Nəticədə yeddi şəkilli pyes on bir şəkilli olub və əsər bundan xeyli qazanıb.

   «Vaqif»də 800 dəfə Təlxək rolunda səhnəyə çıxmış Məmməd Sadıqovun, Qoca rolunun ifaçısı Məcid Şamxalovun söhbətləri də maraqlıdır.

   Şairə həsr olunmuş bütün xatirə məclislərində olduğu kimi, burada da onun böyük ürəyindən, sonsuz xeyirxahlıqlarından, ayrı-ayrı aktoyrlara göstərdiyi qayğıdan da danışılır və bu barədə məclis iştirakçıları konkret faktlar söyləyirlər.

  

 

   Adilxan Bayramov

 

   Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 13.