“Dünən qəfildən gəldi”

 

   Mübariz Nağıyev: “Gərək özün öyrənəsən, özün axtarasan”

  

   1992-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsini bitirdikdən sonra uzun müddət ixtisası üzrə çalışmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin göndərişi ilə Pakistanın Kəraçi Universitetində diplomatiya və ingilis dilini öyrənib. Bir müddət dövlət işində işləyib. 2006-cı ildən kino sahəsinə qayıdıb, “Yaddaş” sənədli filmlər studiyasında çalışır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Rəssam ömrünün palitrası” (Xalq rəssamı Böyükağa Mirzəzadə haqqında (2006) və “Arzularını çəkən rəssam” (Xalq rəssamı Elbəy Rzaquliyev haqqında (2007) adlı iki sənədli film üzərində işləyib. Birinci filmin rejissoru, ikinci filmin isə həm ssenari müəllifi, həm də rejissorudur.

  

   Rejissorun “Yaddaş” sənədli filmlər studiyasında çəkdiyi “Dünən qəfildən gəldi” qısametrajlı bədii filmi 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsinin qalib layihələrindən biridir. Mübariz Nağıyevlə filmləri, yaradıcılıq düşüncələri barədə söhbət etdik.

  

   - “Yaddaş” sənədli filmlər studiyasında ardıcıl iki rəssam haqqında film çəkdiniz. Bu filmlərdə hansı yeniliklər edə bildiniz?

   - Xalq rəssamı Böyükağa Mirzəzadə haqqında çəkilən “Rəssam ömrünün palitrası” filmi tamamilə ənənəvi üslubda çəkilib. Elbəy Rzaquliyevə həsr olunmuş “Arzularını çəkən rəssam” filmində isə bir balaca ənənəvilikdən kənara çıxdıq. Hər ikisi maraqlı rəssamdır. Elbəy Rzaquliyevin həyat yoldaşına olan məhəbbəti yaradıcılığına böyük təsir göstərib. Elbəy Rzaquliyev həm də Azərbaycandan o vaxtkı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyan ilk kino rəssamı olub. Filmdə rəssamın özünün xatirələrindən istifadə etdik. Bu iki film üzərində sərbəst işləmişəm. Bundan əlavə, “Yaddaş” studiyasında çalışan operator və rejissor Nizami Abbasla birgə çalışmışam. Montaj rejissoru kimi “Narahat adam” (Əjdər İbrahimov haqqında olan film) və “Azərbaycan tarixi haqqında” filmləri üzərində işləmişəm.

   - Ali məktəbi bitirəndən sonra bir müddət kinodan, incəsənətdən kənar sahədə çalışmısınız. Bu dövrdə tamaşaçı kimi kinoda gedən prosesləri yəqin ki izləyə bilmisiz?

   - Uzun illər kino ilə məşğul olmadım. İndi fikirləşirəm, yaxşı ki, məşğul olmamışam. Kənardan izləyib sonra təzədən qayıdanda adamın məsuliyyəti daha da artır. Həyat yoldaşım da aktrisadır (Nara Nağıyeva - İ.H.). Evdə televizorda hansısa filmə baxanda mövqeyimiz istər-istəməz adi tamaşaçının mövqeyindən fərqli olur. Məsələyə peşəkarcasına baxmaq istəyirsən. Bu gün adi bir klipə də təqdimat mərasimi edirlər. Çörəkçi gündə yüz çörək bişirir. Bunun hamısının təqdimatını keçirsə, onda çörək bişirməyə vaxt qalmaz. Sən istehsal elə, malını bazara çıxar, baxaram, xoşum gələr-gəlməz, bu başqa məsələdir. Sensasiyalı nə isə olanda təqdimat keçirə bilərsən. Bu subyektiv fikrimdir. Özümü gənc saymıram, sabah-birigün 45 yaşım olacaq. Öyrənməyə gəldikdə isə, heç kimdən öyrənmirəm. Həm də bu gün hərə öz işi ilə məşğuldur. Heç kimin kimisə öyrətməyə vaxtı yoxdur.

   - Deyəsən, bu gün öyrətmək yox, öyrənmək istəyənlər azdır?

   - Gərək özün öyrənəsən, özün axtarasan. Biz tələbə olanda kinoteatrlarda Tarkovskinin, Fellininin filmlərinə baxmağa gedirdik. Düzdür, filmlər ağır gəlirdi bizə. Ancaq başa düşürdük ki, bu filmlərə baxmaq lazımdır. Kitabxanalarda daha nələri axtarmırdıq! Öyrənmək istəyən özü öyrənir, heç kim sənə isə öyrətmir. Düzdür, bu gün öyrətmək yox, öyrənmək istəyənlər, təəssüf ki, azdır. Sənədli filmdə mən özüm istədiyimin bəlkə 25-30 faizini ancaq deyə bilirəm. Hazırda tammetrajlı bədii film üçün çalışıram. Son vaxtlar gözəl imkanlar yaradırlar. Yəqin ki, bu imkandan mənə düşər.

   - Müstəqil şəkildə film çəkmək daha maraqlıdır. Yəni bu bir dünya təcrübəsidir. Heç özünüzü bu sahədə yoxlamaq istəmirsiniz?

   - Sponsor yanına gedəndə adamdan soruşurlar ki, indiyəcən çəkmisən, hansı filmin var? Maraqlıdır, bir imkan verirsiz ki, çəkək, baxaq görək, çəkirik. Mən vaxtsa başlamalıyam, ya yox? Başlamağa bir imkan verin, ondan sonra soruşun, mühakimə edin. Aktyorluq fakültəsini bitirmişəm. Bəziləri deyirdi ki, axı səndə isə alınırdı, niyə aktyorluq etmədin. Fikirləşirdim ki, çevrəmdə məndən güclü aktyorlar var. Mən burada “1 nömrəola bilməyəcəyəm. Bu elə bir sənətdir ki, orada “1 nömrəolmağa inamın yoxdursa, onda getmə, ikinciyə yer yoxdur.

   - “Dünən qəfildən gəldifilmini tammetrajlı etmək istəyirdiniz...

   - Elə bir fikrim vardı. Bu kənardan tapılacaq vəsaitin hesabına olacaqdı. Vəsait isə tapılmadı. Bir tərəfdən yaxşı oldu ki, alınmadı. Klassik kino fikirləşirdim, nəticədə müəllif kinosu çıxdı.

   - Filmdə müğənni Rüfət Mehdiyev, teatr rejissoru Cənnət Səlimova çəkiliblər. Ssenari müəlliflərindən biri isə Nara Nağıyevadır. Obrazları ifa etmək üçün maraqlı aktyorlar seçmişdiniz...

   - Filmin ideyası Nara Nağıyevaya məxsusdur. Onun rolu əvvəlcədən özü üçün yazılıb. Həyat yoldaşım olmasına görə demirəm, istedadlı aktrisadır. Ana obrazı da öncədən Cənnət Səlimova üçün nəzərdə tutulmuşdu. O əvvəlcə imtina etdi, amma ssenarini oxuyandan sonra razılıq verdi. O ki qaldı Arif roluna, bir neçə variant var idi, sonda bu rolu Rüfət Mehdiyevə həvalə etdik.

   - Kinoşünasların əksəriyyətiDünən qəfildən gəldifilminin maraqlı alındığını deyir. Amma filmi festivallara göndərmədiniz?

   - Fikrim var idi. Lakin son zamanlar başım çox qarışıqdır. İrəlidə bizi çox şey gözləyir, görək olacaq.

  

 

   İntiqam Hacılı

 

   Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 11.