Onun
nağıllı dünyası
I məqalə
Onun həyatı nağıla bənzəyirdi.
Biri var idi, biri yox idi... Azərbaycanın gözəl guşələrindən birində, Qusar rayonunun Köhnə Xudat kəndində Fərzəli kişinin ailəsində oğlan uşağı dünyaya gəldi. El-oba yığışıb Fərzəliyevlər ailəsinə gözaydınlığı verdi. Uşağın adını Əkbər qoydular. Əkbər böyüdü, orta məktəbi bitirdi. Humanitar elmlərə meyilli olduğu üçün gənc oğlan 1953-cü ildə Bakıya gəlib Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil oldu.
1955-ci ildə Bakı kinostudiyasında rejissor Lətif Səfərov “Bəxtiyar” filmini çəkirdi. Kütləvi səhnələrdə iştirak etmək üçün institutdan bir qrup tələbə dəvət olunur. Onların arasında gənc tələbə Əkbər Fərzəliyev də var idi.
Böyük kino ilə ilk tanışlıq
Əkbər Fərzəliyevin xatirələrindən: “Sevincimdən sanki uçurdum... Bizi aparan avtobus
çil-çıraqla bəzədilmiş, uzununa stollar
düzülmüş bir bağa çatanda
düşdük. Projektorların göz qamaşdıran
işıqları, çəkiliş texnikası adamı
heyrətə gətirirdi. Maşınlar
uğuldayır, iri reproduktorlardan Rəşid Behbudovun
mahnıları səslənir, xidməti işçilər
ora-bura qaçır, rejissor ruporla onlara müxtəlif
göstərişlər verirdi. Bu
qarmaqarışıqlıqda bizə diqqət yetirən də
yox idi. Bir az sonra çəkiliş
meydanına yan alan “Volqa” maşınından Rəşid
Behbudov düşdü. Dahi sənətkarın gəlişi
ilə gurultulu alqışlar qopdu...
Bir xeyli
keçmiş dizel motorları işə düşdü,
projektorlar yandırıldı, arxada kolluğu tüstülətdilər,
yenə də Rəşidin mahnıları səsləndi.
Rejissor Lətif Səfərov bütün meydançaya komanda
verdi: “İşıq! Fonoqram! Pirotexnik! Motor!”
Rəşid Behbudov
radio ilə sinxron oxuduqca operator Arif Nərimanbəyov
arabacıqda xırda qoşa relslərin üstündə
yeriyən kinokamera ilə Rəşidi müşayiət edir,
biz isə stolların arxasından ayağa qalxıb ona əl
çalırdıq. Böyük kino ilə
ilk tanışlıq günü belə keçdi. Axşamüstü adımızı,
soyadımızı qeydə aldılar ki, hərəmizə əməkhaqqı
olaraq üç rubl pul versinlər”.
Bəli, gənc tələbə
Əkbər Fərzəliyevin incəsənətə
marağı belə başlandı və bu, onun gələcək
taleyini müəyyən etdi. Bir müddətdən
sonra Əkbərin fotoqraf dostu onu Azərbaycan Dövlət
Dram Teatrına apardı. Dostu bildirdi ki,
axşamlar teatrda kütləvi səhnələrdə
çıxış edir və bunun müqabilində məvacib
alır. Bundan sonra Əkbər də hər
axşam teatra gəlir, tamaşa ilə əlaqədar
paltarını geyib kütləvi səhnələrdə
çıxış edirdi. Səhnəyə
çıxanda burada kimləri görmürdü: Mirzəağa
Əliyev, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı,
Məlik Dadaşov, Leyla Bədirbəyli, Barat Şəkinskaya,
Mərziyə Davudova, Möhsün Sənani... Bu
məşhur sənətkarlarla görüşməyi, hal-əhval
tutmağı və çay stolu arxasında oturmağı gələcəyin
aktyoru özünə fəxarət hesab edirdi.
Günlərin birində
“Uzaq sahillərdə” tamaşasından sonra Əkbər
teatrın xidməti giriş qapısından bayıra
çıxarkən Bakı kinostudiyasının rejissor
assistenti Abdulla Vəkilovla qarşılaşır.
Abdulla Əkbəri kənara çəkib ona deyir:
- Kinostudiyada “O olmasın, bu olsun”
filmi çəkilir. Ssenari müəllifi hadisələri
Üzeyir Hacıbəyovun, Mirzə Ələkbər Sabirin, Cəlil
Məmmədquluzadənin, Əzim Əzimzadənin
müşayiəti ilə göstərir. Siz
Üzeyir bəyə çox oxşayırsınız.
Mümkünsə, sabah gəlin
kinostudiyaya, məni soruşun. Sizi
quruluşçu rejissor Hüseyn Seyidzadəyə təqdim
edim.
Ertəsi günü
Əkbər kinostudiyaya gəlir, Hüseyn müəllim ona diqqətlə
baxıb “Üzeyir bəyə çox
oxşayırsınız” deyir. Sonra isə rejissor
assistentinə göstəriş verir: “Yoxlama çəkilişinə
hazırla”.
Kinoda
Üzeyir bəy obrazının ilk yaradıcısı
Əkbər Fərzəliyevin xatirələrindən:
“Qocaman qrim ustası Georgi Parisaşvili Üzeyir bəyin
cavanlıq şəklini güzgünün yanında qoyaraq məni
ona oxşatmağa səy göstərirdi. Qrimi qurtarıb
dörd tərəfdən məni süzüb dedi: “Sizə
uğur olsun, elə Üzeyirin özüsünüz”. Abdulla məni əvvəl Hüseyn müəllimin,
sonra da fotoqrafın yanına apardı. Şəkillərim
çəkildi. Sonra təzədən
rejissorun yanına qayıtdıq.
C.Məmmədquluzadə
rolunda Xalq artisti R.Əfqanlını, M.Ə.Sabir rolunda
S.Salehi, Ə.Əzimzadə rolunda H.Salayevi tanıdım.
Elə ustalıqla qrimlənmişdik ki, bizi həyətdə
və küçədə görənlər
rollarımızın adlarını dəqiq deyir, arxamızca
uzun-uzadı baxırdılar...”
Günorta rejissorun
icazəsi ilə aktyorlar paltarlı-qrimli Hökumət evinin
yeməkxanasına gəlirlər. Keçən əsrin
əvvəllərində geyilmiş dikdaban kişi
ayaqqabısı, dar şalvarlar ətrafdakıları heyrətə
gətirmişdi. Camaat aktyorlara diqqətlə
baxırdı. Onlar kinostudiyaya qayıdanda rejissor Əkbərə
dedi: “Sən soyunma. Biz Üzeyir bəyin həyat
yoldaşı Məleykə xanımının yanına getməliyik”.
Həyəcan Əkbəri bürüdü.
Quruluşçu
rejissor H.Seyidzadə, II rejissor Ş.Şeyxov və gənc
aktyor Ə.Fərzəliyev Ü.Hacıbəylinin evinə
yollandılar. Onları qulluqçu
qarşıladı və içəri dəvət etdi.
H.Seyidzadə Əkbəri Məleykə
xanıma təqdim etdi. O, Əkbərə diqqətlə
baxıb həyəcanla: “Doğrudan da Üzeyirimi mənə
pay gətirmisiniz” - dedi. Məleykə xanım Əkbərə
uğurlar dilədi. Həmin axşam Əkbər
özünü dünyanın ən xoşbəxti hesab
edirdi. Zarafat deyil. O, filmdə dahi bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin obrazını
yaradacaqdı.
Səhər Əkbər
kinostudiyaya gələndə gözlərinə inanmadı.
Rəssamlardan Nadir Zeynalov və Cəbrayıl Əzimov
kinostudiyanın həyətində böyük bir bazar
qurmuşdular. Yeri gəlmişkən, bu
bazar indiyə kimi Azərbaycan filmlərində təsvir olunan
bazarların ən yaxşısıdır. Bu, həmin bazardır ki, qoçu Balaqədeş
qoçu Əsgəri qabağına qatıb qovur. Həmin gün Əkbər filmdə Sərvər
rolunu ifa edən Arif Mirzəquliyevlə görüşdü.
Söhbət əsnasında Arif bildirdi ki, o,
Qusar rayonunun Uqur kəndindən olan həkim Tayıb Mirzəquliyevin
oğludur. Bundan əvvəl Arif
“Görüş” filmində Kamil surətini
yaratmışdı.
Əkbər Ariflə
söhbət edərkən rejissor köməkçisi Ramiz Əliyev
onu pavilyona dəvət etdi. Pavilyonda Ə.Əzimzadənin
o vaxtkı kabinetinin dekorasiyası qurulmuşdu. Ə.Fərzəliyev Üzeyir bəyə aid
kostyumunu geyinib qrim emalatxanasına getdi. G.Parisaşvili
onun qrimi üzərində düz yarım saat işlədi.
Sonra Ə.Fərzəliyev və digər
aktyorlar öz çıxışlarının növbəsini
gözlədilər. Çəkiliş
başlandı.
Ə.Fərzəliyev
ilk dəfə kinoya çəkiləndə Pedaqoji
İnstitutun ikinci kursunda oxuyurdu. Elə həmin
vaxtdan da o, kino işçilərinin diqqətini cəlb
etmiş, kinoaktyor kimi tanınmağa başlamışdı.
Özünün dediyi kimi, onunla çox
maraqlanırdılar. Əkbər müəllim
əsl aristokrat idi. “İnsanın gərək hər
şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbi
də, fikirləri də”. Böyük rus
yazıçısı A.P.Çexov sanki bu müdrik sözləri
Ə.Fərzəliyev haqqında deyib. Əkbər
müəllimdə zahiri gözəlliklə mənəvi zənginlik,
yüksək mədəniyyətlə dərin savad bir-birini
tamamlayırdı. O öz milli kökləri ilə fəxr
edirdi. Bir ziyalı kimi doğma Azərbaycanı
dərin məhəbbətlə sevirdi. Onun
üçün Vətən ailədən, kənddən
başlanırdı. Övladlarının
tərbiyəsi və təhsili onun üçün həyatda
hər şeydən üstün idi.
Nümunəvi ailə
başçısı kimi, övladları Raufu, Lyudmilanı,
Elmarı və Eldarı vicdanla böyütdü, onlara ali təhsil verdi. Özü isə
iki institutda təhsil aldı. İkincisi,
Azərbaycan Dövlət Universiteti idi. Universitetin
hüquq fakültəsini qurtarıb ömrünün sonuna
kimi vəkil işlədi. Bütün
bunlar isə sonra baş verəcəkdi.
Həkim
Aydın ona şöhrət gətirdi
Qayıdaq Əkbər müəllimin kino aktyorluğu fəaliyyətinə... “O olmasın, bu olsun” filmində Üzeyir bəyin obrazını yaratması gənc aktyorun həyatında dərin iz buraxmışdı. O, gündüzlər qəzet və jurnalları nəzərdən keçirəndə də, gecə yatanda da dahi bəstəkarın unudulmaz surəti gözləri önündən çəkilmirdi. Çəkiliş meydançasındakı o hay-küy, rejissor H.Seyidzadənin amiranə səsi, aktyora xeyir-dua verməsi, tənəffüs vaxtı aktyorların məzəli söhbətləri hələ də Əkbərin qulaqlarında səslənirdi.
Rayona qayıtdıqdan sonra o, bu şirin və unudulmaz xatirələrlə yaşayırdı.
Əkbər Fərzəliyevin xatirələrindən: “O olmasın, bu olsun” kinokomediyasının çəkilişlərindən sonra yayı rayonda keçirirdim. 1956-cı il iyun ayının 14-də bağımızda xalça-palaz sərib oturmuşduq. O gün əmim oğlu İsaməddin və bibim qızı Roza bizə qonaq gəlmişdi. Hər ikisi ədəbiyyatçı olduğundan ədəbi məclis qurulmuşdu. Müzakirə obyektimiz ədəbi əsərlər, şeirlər idi. Səs-küyümüzü poçtalyon kəsdi. Əlindəki teleqramı mənə uzadıb: “Sizin adınıza gəlib”, - dedi. Məni təcili kinostudiyaya çağırırdılar. Ertəsi günü günortaya yaxın kinostudiyada idim. Burada məni ilk qarşılayan Əşrəf Mamayev (“O olmasın, bu olsun” filminin direktoru - A.K.) oldu. Ayə! - dedi, - səni neçə vaxtdır axtarırıq. Lətif Səfərov “Qızmar günəş altında” filmində baş rola səni sınaq çəkilişinə dəvət edir. Gedək onun yanına...”
Saçları dağınıq, dərin baxışlı, təxminən 45 yaşlarında olan quruluşçu rejissor Lətif müəllim Əkbəri görən kimi “deyəsən getdik”, - dedi. Sonradan məlum oldu ki, yaradıcı qrup filmin qəhrəmanının - həkim Aydın obrazının ifaçısını tapa bilmədiyindən çəkilişlər ləngiyirdi. Rejissorun göstərişi ilə dərhal Ə.Fərzəliyevin foto və kino sınaq çəkilişləri aparıldı. Ertəsi günü səhər saat 9-da Lətif müəllim onu qrup qərargahına apardı, rejissor və assistentlərə göstəriş verdi ki, tez onun üçün iki dəst kostyum, plaş, çamadan, tibbi ləvazimat hazırlasınlar. Professor Əhmədov və dosent Haşımova aktyora həkimliyi öyrətməli idilər.
Beləcə Əkbər Fərzəliyev “O olmasın, bu olsun” filminin sevincindən qurtarmamış, yeni filmin sevincini duymağa başladı. O, sevindiyindən özünə yer tapa bilmirdi, özünü göyün yeddinci qatında hiss edirdi.
(Ardı var)
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2010.- 29 sentyabr.- S. 10.