Azərbaycan-Fransa turizm əlaqələri genişlənir

 

   Sentyabrın 21-dən 24-dək Fransanın Paris şəhərində “TopResa 2010” beynəlxalq turizm sərgisi keçirilib. Azərbaycanı bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev, Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Marketinq və təbliğat sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və “Cəngi” estrada folklor ansamblının rəqs qrupu təmsil edib.

  

   M.Qəhrəmanovun qəzetimizə verdiyi məlumata görə, sərgidə Azərbaycanın turizm potensialı 60 kv.m-lik sahədə quraşdırılmış lövhədə nümayiş olunub: «Sərginin ilk günündən etibarən ölkəmizin stendi xüsusi diqqət cəlb etdi. Müxtəlif ölkələrdən olan sərgi iştirakçıları heyətimizə yaxınlaşaraq ölkəmizlə yaxından maraqlanırdılar. Fransız və ingilis dilində turizm potensialımızı təbliğ edən müxtəlif reklam-çap məhsulları stendi ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanırdı. Milli rəqslərlə çıxış edən “Cəngi” estrada folklor ansamblının çıxışı ziyarətçiləri valeh edirdi”.

   Nazirlik rəsmisinin sözlərinə görə, «TopResa 2010»-da Türkiyə, Kuba, Misir, Yunanıstan, Rusiya, Özbəkistan, İran və başqa ölkələrin turizm nazirlikləri, şirkətləri və mehmanxanalarından ibarət 1086 təşkilat iştirak edib: “Ən çox ziyarətçi bizim stendə yaxınlaşırdı».

   Azərbaycanın stendində ölkəmizdə fəaliyyət göstərən “Geo-Travel, “Millenium Tourism”, “Bakı tur”, “Didare Melal”, “Gilan Tourism” şirkətləri və “Balion Hotel” mexmanxanası da təmsil olunub. Həmsöhbətimizin dediyinə görə, Fransanın bir çox turizm şirkətləri və mətbuat orqanları ilə, o cümlədən “Le Quotidien de Tourism” qəzeti, “Meet and Travel Magazine” jurnalı, “Buzz TV”, “Gea Travel”, “Terre Nouvelle”, “Easy Voyage”, “Voyages Daffaires” və s. turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlıq haqqında danışıqlar aparılıb: «Ən maraqlı təklifi isə Fransanın “Evercomstudios” şirkətinin nümayəndələrindən aldıq. Şirkət Azərbaycan haqqında 45 saniyəlik reklam çarxı və 26 dəqiqəlik filmin hazırlanmasını, Fransanın “Avte” və “TV5 Monde” kanallarında yerləşdirilməsini təklif etdi».

   Sərgi müddətində Azərbaycanın stendini ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov da ziyarət edib.

   M.Qəhrəmanov bildirdi ki, Azərbaycan nümayəndə heyəti sərgi çərçivəsində məhsuldar görüşlər keçirib: «Aydın İsmiyevin rəhbərliyi ilə nümayəndə heyətimiz Fransanın İqtisadiyyat, Sənaye və Əmək Nazirliyinin Turizmin İnkişafı Agentliyində planlamaturizmin inkişafı departamentinin müdiri Bernadet Dükre ilə görüşdü. Görüşdə turizm sahəsində Fransanın təcrübəsinin öyrənilməsi, turizm üzrə ali təhsil müəssisələri arasında əməkdaşlıq, “Aleksandr Duma Qafqazda” mədəni turizm marşrutunun Fransa turizm bazarında təşviqi və s. məsələlər müzakirə edildi».

   M.Qəhrəmanov onu da bildirdi ki, belə sərgilərdə iştirak heç də təsadüfi xarakter daşımır: «Fransa bizim üçün maraqlı bazardır. Mütəxəssislərimizin araşdırmaları göstərir ki, Bakı-Paris hava reysinin mövcudluğu, digər tərəfdən isə fransızların ölkəmizin tarixinə, mədəniyyətinə, ekoturizminə böyük maraq göstərmələri iki ölkə arasında turizm əlaqələrinin inkişafına əlverişli şərait yaradır. Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanlar var. Biz bu istiqamətdə işlər aparırıq. 2009-cu ilin sonu - 2010-cu ilin əvvəlində 9 ölkənin iştirakı ilə beynəlxalq səviyyədə Mədəniyyət və Turizm Mübadiləsi Assosiasiyası yaradılıb. Azərbaycan həmin assosiasiyanın təsisçilərindən biri və idarə heyətinin üzvüdür. Assosiasiyanın yaradılmasının əsas məqsədi Azərbaycandakı mədəni marşrutların, xüsusilə də “Şərab yolu”, “İpək yolu” və digərlərinin turizm üçün əlverişliliyinin öyrənilməsindən, ölkəmizin turizm imkanlarını bütün dövlətlərə, o cümlədən Fransaya çatdırmaqdan ibarətdir».

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 9.