Azərbaycan dünyada turizm ölkəsi kimi təbliğ edilir

 

   2010-cu ilin yay mövsümündə Azərbaycanın daxili turizm bazarında 15 faiz artım olub. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, yay mövsümündə daha çox Quba-Xaçmaz, Şəki, Qəbələ-İsmayıllı bölgələrinə turist axını müşahidə olunub.

  

   Mütəxəssislər bunun səbəbini yol infrastrukturunun çox yüksək səviyyədə təmir edilməsi, məsafənin az olması, həmin bölgələrdə əvvəlki illərə nisbətən turizm xidməti infrastrukturunun yaxşılaşması və genişlənməsi, eyni zamanda turizm obyektlərində göstərilən xidmətin müxtəlifliyi və çeşidliliyi ilə izah edirlər.

   Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri isə Azərbaycana gələn xarici turistlərin də sayının artdığını bildirirlər. Şirkət rəhbərlərinin sözlərinə görə, il ərzində əsasən Almaniya, Fransa, Norveç, İsveçrə, Çin, Cənubi Koreya, Böyük Britaniya, Çexiya, Türkiyə və İrandan daha çox turist qəbul edirlər. Onların fikrincə, gələn turistlərin sayı getdikcə artacaq. Çünki ötən ildən bağlanmış müqavilələrə əsasən sentyabr və oktyabr aylarında böyük turist qruplarının gəlişi gözlənilir.

   Ölkəmizə gələn turistlərin sayının ildən-ilə artmasının səbəbini isə hazırda Azərbaycanın turizm ölkəsi kimi beynəlxalq aləmdə kifayət qədər təbliğ olunması ilə izah etmək olar. CNN, BBC, “Euronews” və “National Geography” kimi məşhur kanallarda Azərbaycanın turizm potensialı mütəmadi olaraq təbliğ edilir. Üstəlik, Mədəniyyət və Turizm Nazirliyi il ərzində 20-yə yaxın beynəlxalq sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirir. Ölkəmiz genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bütün bunlar yaxın illərdə Azərbaycanın adının dünyanın turizm sahəsi üzrə inkişaf etmiş ölkələri ilə bir sırada çəkiləcəyindən xəbər verir.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 9.