Unudulmaz teatr təşkilatçısı, sənət fədaisi

 

   1973-cü ildən fəaliyyət göstərən Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının keçdiyi yol bütöv bir sənətkar nəslinin yetişdiyi böyük tarix, sənət salnaməsi deməkdir. Lənkəran Dövlət Dram Teatrının yaradıcısı, 1973-1981-ci illərdə bu sənət ocağına rəhbərlik etmiş Məbud İbrahim oğlu İsmayılzadənin həmin salnamədə xüsusi yeri var.

  

   Tanınmış mədəniyyət işçisi, istedadlı teatr rejissoru, böyük teatr təşkilatçısı, Əməkdar incəsənət xadimi Məbud İsmayılzadə 1927-ci ildə Zərdab rayonunda dünyaya gəlib. Çox çətin, ağır, məşəqqətli uşaqlıq illəri olub. Teatr sənətinə, ədəbiyyata həvəs onda çox erkən formalaşıb. Bütün mənalı ömrünü Azərbaycan incəsənətinə, mədəniyyətinə həsr etmiş M.İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on beş yaşında Zərdab teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı evinin direktoru təyin olunub. 24 yaşlı cavanı belə böyük təşkilata rəhbər təyin edənlər yanılmayıblar. Çünki mədəniyyətin ən aparıcı sahələrindən biri olan bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim «Çinar», «Şur» kimi məşhur kollektivlərin, 30-dan çox xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub.

   1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış «Xalq yaradıcılığı bayramı»nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü” çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M.İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı.

   Amma hansısa bədxahlar M.İsmayılzadəyə bu maraqlı işini davam etdirməyə imkan verməyib. Bunu görən Məbud müəllim öz ərizəsi ilə işdən çıxıb. Sonra 1972-1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.

   1973-cü ildə Lənkəranda yeni Dövlət Dram Teatrının açılması və bu teatra kimin rəhbər təyin olunması haqqında məsələ qalxanda, Mədəniyyət Nazirliyinin rəhbərliyi Məbud İsmayılzadənin adı üzərində dayandı. Çünki uzun illər aparıcı rəhbər vəzifədə işləmiş və özünün də sənəti rejissorluq olan Məbud müəllimdən yaxşı kadr fikirləşib tapmaq olmazdı. Yeni yaranan teatrı yaşatmaq və respublikada tanıtmağı yalnız onun kimi böyük təcrübəsi olan rəhbər bacarardı.

   Beləliklə, 1973-cü ildə M.İsmayılzadə teatrın ilk bədii rəhbəri və direktoru oldu. Bununla da onun həyatının ikinci və daha maraqlı dövrü başladı. Teatrın ilk tamaşalarından olan Nazim Hikmətin «Bayramın birinci günü» səhnə əsərinə özü quruluş verdi. Əlbəttə, yeni yaranan teatrın qayğıları da həddindən artıq çox idi. İlk növbədə, teatr üçün ayrılmış mədəniyyət evi binasını peşəkar teatr məkanına uyğunlaşdırmaq lazım idi. Buna görə böyük vəsait, texnika, lazım olan materialları tapıb gətirmək xüsusi təşkilatçılıq tələb edirdi. Ali məktəbi bitirən bir qrup gənc mütəxəssisin Lənkəran teatrına işləməyə gəlməsi həm sevindirici idi, həm də böyük məsuliyyət tələb edirdi. Onların mənzillə təmin olunması, sosial problemlərinin həlli və s. lazım idi.

   Bütün bu çətinliklər də məhz onun üzərinə düşürdü. Məbud müəllim həmin vaxt Lənkəran rayonunun partiya (kommunist - red.) komitəsinin birinci katibi işləmiş, teatr sənətinə, mədəniyyətə böyük marağı olan İsa Məmmədovun və respublikanın mədəniyyət naziri, dəyərli ziyalı Zakir Bağırovun yaxından köməkliyi sayəsində bu məsələlərin hamısını həll etdi. Aktyorlar hamısı mənzillə təmin olundular. Lənkəranda həmin vaxt professional teatrın açılması cənub bölgəsi üçün çox böyük bayram və tarixi hadisə idi. Bu teatrın bütün tamaşaları təkcə Lənkəranda yox, bütövlükdə cənub bölgəsində və eləcə də Azərbaycanın başqa yerlərində həmişə anşlaqla keçirdi. Hətta Lənkəranda hər bir kənd və təşkilat üçün ayrıca gün ayrılmışdı ki, onlar hansı günlər tamaşalara gələ bilərlər. Həmin günlər insanlar böyük bayrama gələn kimi, gül dəstələri ilə tamaşalara gəlirdilər.

   Desəm ki, həmin vaxtlar cənub bölgəsi teatr sahəsində intibah dövrünü yaşayırdı, yəqin ki, yanılmaram. Çünki mən özüm həmin vaxtlar bu teatrın tamaşalarına baxanda, bu bayramın şahidi olmuşam. Bütün bunların da əsas təşkilatçısı, əsas aparıcı rəhbəri məhz Məbud müəllim idi. Ona görə də belə bir deyim var ki, teatrın ən böyük uğuru ilk növbədə ona rəhbərlik edən şəxsiyyətdən asılı olur. Yəni teatr rəhbəri ilk növbədə yüksək təşkilatçı və şəxsiyyət olmalıdır.

   Məbud müəllim Bakıda işini, vəzifəsini qoyub əyalətə, bu teatra rəhbərlik etməyə gedəndə də onu yalnız bir şey maraqlandırırdı. Teatrı respublikada və ondan kənarlarda tanıtmaq. Həmin vaxtlar bizim onunla bu haqda bir neçə dəfə söhbətimiz də olmuşdu. Mən onun təmkininə, hər sözünü ölçüb-biçib danışmasına, ağıllı məsləhətlər verməsinə heyran olmuşdum. O, teatra rəhbərlik etdiyi səkkiz ildə də bu böyük işi çox uğurla görə bildi. Həmin səkkiz ildə artıq Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı respublikanın ən aparıcı teatrlarından biri oldu. Təkcə Azərbaycan yox, dünya klassiklərinin və müasirlərinin ən maraqlı əsərləri bu teatrın repertuarını bəzədi.

   Çox görkəmli aktyorlar, aktrisalar, rejissorlar bu teatrda yetişdi. Eləcə Azərbaycanın tanınmış rejissorları bu teatrın səhnəsində maraqlı tamaşalar hazırladılar. Hətta həmin bölgədən olan ziyalılar bu teatrın premyeralarına baxmaq üçün Bakıdan Lənkərana gedirdilər. Həmin vaxtlar teatr haqqında tez-tez respublika qəzetlərində yazılır Azərbaycan televiziyasında maraqlı verilişlər göstərilirdi. Bütün bunların da əsas təşkilatçısı təbliğatçısı məhz Məbud İsmayılzadə idi. Gördüyü bu uğurlu işlərə görə Məbud müəllimi dəfələrlə Lənkəran şəhər Xalq Deputatları Sovetinin deputatı seçmişdilər. O, mədəniyyət sahəsində xidmətlərinə görə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmiş, 1979-cu ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdi.

   Beləliklə, Məbud İbrahim oğlu İsmayılzadə Lənkəran Dövlət Dram Teatrı üçün səkkiz ildə səksən illik gördü. Artıq bu illərdə teatr Azərbaycan teatr aləmində özünün layiqli yerini tapdı. sübut etdi ki, yaşamağa bundan sonra da peşəkar fəaliyyət göstərməyə layiqdir. Teatrdakı uğurlu fəaliyyətindən sonra o, Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin edildi. Məbud müəllim uzun illər buranın həm bədii rəhbəri həm rejissoru kimi çoxlu işlər gördü. Bir-birindən maraqlı teatrlaşdırılmış konsert tamaşaları hazırladı. Bu tamaşa-konsertlərlə təkcə respublikamızda yox, həm Sovetlər Birliyində xarici ölkələrdə çoxlu maraqlı çıxışlar elədi. Həmin konsertlər haqqında da maraqlı yazılar çap olundu Azərbaycan Dövlət Televiziyasında verilişlər verildi. Məbud İsmayılzadənin həm bədii rəhbər həm rejissor kimi işi layiqincə qeyd olundu. O, burada da çoxlu müğənnilərin, musiqiçilərin yetişməsində böyük əmək sərf elədi.

   Sonralar fəxri təqaüdə çıxan Məbud İsmayılzadə teatrdan ayrılmadı Nazim Hikmətin 100 illik yubileyi ərəfəsində Şuşa Dövlət Musiqili-Dram Teatrında dramaturqun «Bayramın birinci günü» tamaşasına çox maraqlı quruluş verdi. O, 2004-cü il sentyabrın 17-də Haqqın dərgahına qovuşdu.

   Cəmi 8 il Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edən Məbud İsmayılzadə bu gün həmin bölgədə ümumiyyətlə, Azərbaycan teatr tarixində, Azərbaycan incəsənətində çox yüksək təşkilatçı teatr rəhbərlərindən biri kimi xatırlanır. Belə xatırlanan yad edilən teatr rəhbərləri isə çox azdır. Çünki teatr cəmiyyətin kiçildilmiş modeli deməkdir. Bu modelə rəhbərlik etmək çətin, məsul işdir.

   Məhz buna görə , vaxtilə böyük fransız yazıçısı, filosofu maarifçisi, «Qeyri- qanuni oğul», «Ailənin atası» kimi maraqlı pyeslərin müəllifi Deni Didro cəmi 16 ay teatra rəhbərlik etdikdən sonra deyib: «Müharibədə zəfər qazanmaq olar. Buna görə orduda rəhbərliyi gücləndirmək əsgərləri, zabitləri döyüşə səfərbər etmək, onlarda cəsurluğu, qorxmazlığı gücləndirmək kifayətdir. Dərin zəka, böyük fəlsəfi fikirlə, yüksək təşkilatçılıqla, səbirlə, insanlarda inam yaratmaqla xalqı öz ardınca da aparmaq olar. Amma kiçik bir teatra yaxşı rəhbərlik etmək çox çətindir. Hətta desəm ki, dəhşətdir, bu daha doğru olar».

  

 

   Ağalar İdrisoğlu,

   yazıçı-rejissor

 

   Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 7.