Beynəlxalq
musiqi festivalı çərçivəsində
daha bir konsert
15
yaşlı azərbaycanlı musiqiçi Rüstəm
Zeynalov məşhur solistlər Aleksandr Şaykin və Nikolas
Reksrotla eyni səhnədə çıxış etdi
“Üzeyir
Hacıbəyli - 125” Beynəlxalq musiqi festivalı çərçivəsində
daha bir konsert sentyabrın 24-də Dövlət
Filarmoniyasında gerçəkləşdi. Üzeyir Hacıbəyli
adına Dövlət Simfonik Orkestrinin konsertini dirijor, Xalq
artisti Rauf Abdullayev idarə edirdi. Konsertdə solist qismində
Rüstəm Zeynalov (Azərbaycan), Aleksandr Şaykin (Rusiya) və
Nikolas Reksrot (Almaniya) çıxış edirdilər.
Proqramda böyük alman bəstəkarı L.V. Bethovenin əsərləri
səsləndirildi.
İlk öncə səhnəyə
solist Rüstəm Zeynalov çıxdı. R.Zeynalovdan sonra
digər solistlər - Aleksandr Şaykin və Nikolas Reksrot
çıxış etdilər. Hər üç solistin
çıxışı tamaşaçılar tərəfindən
maraqla qarşılandı.
Tədbirin sonunda bizimlə fikirlərini
bölüşən 15 yaşlı Rüstəm Zeynalov
özünü xoşbəxt hiss etdiyini bildirdi: “Müəllimlərim
və görkəmli bəstəkarlarımızın
qarşısında çıxış etmək nə qədər
çətin olsa da, bir o qədər maraqlıdır. Belə
məqamlarda özümü xoşbəxt hiss edirəm”.
Rüstəm dahi bəstəkarın 125 illik yubileyinə həsr
olunmuş beynəlxalq musiqi festivalında iştirakını
özü üçün böyük uğur hesab edir: “Bu
festivalda iştirak etmək mənim üçün
böyük bir təcrübədir. Dahi bəstəkarımızın
adına beynəlxalq festivalda çıxışımı
heç vaxt unutmaram”.
Qeyd edək ki, festivalın ən
azyaşlı iştirakçılarından hesab olunan
R.Zeynalov 1995-ci ildə Bakı şəhərində anadan
olub. Bülbül adına musiqi məktəbinin şagirdidir.
O, prezident təqaüdçüsü olmaqla yanaşı, həm
də respublika gənc pianoçular müsabiqəsinin
laureatıdır.
İntiqam Hacılı
Mədəniyyət.-
2010.- 29 sentyabr.- S. 6.