Kukla TeatrındaXeyir Şər

 

   Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının başlıca vəzifəsi gənc nəslin sağlam, vətənpərvər, hər sahədən məlumatlı böyüməsini hərtərəfli inkişaf etməsini təmin etməkdir. Bu baxımdan da teatrın müraciət etdiyi dahi şairimiz Nizami Gəncəvinin qələminin məhsulu olanXeyir Şərəsərinin tamaşasının tərbiyəvi əhəmiyyəti böyükdür.

  

   Tamaşada uşaqların şüurlarında dostluğa, səmimiyyətə, yoldaşlığa, sədaqətə dair tərbiyəvi ideyalar aşılanır. Tamaşada Xeyir obrazı bir çox müsbət xüsusiyyətləri ilə bərabər sevgilisinə qarşı sədaqətli, vəfalı olması tamaşanın əsas leytmotivini təşkil edir. Səhnə əsərində təsvir edilən əsas məqamlar rejissor tərəfindən əsərə quruluş verilən zaman müəyyən qədər dəyişib, müasirləşdirilərək rejissor yozumu ilə aktyor ifasının uyğunluğu nəticəsində daha baxımlı alınıb.

   Tamaşanın başlanğıcında aktyorların səssiz hərəkətləri, davranışları olduqca maraqlı təbii təsir bağışlayır. Əsas məsələ ondadır ki, tamaşanın sonunda Xeyirin müsbət, Şərin isə bədxah olması artıq aşkar olur. Bununla da Şər qüvvə öz cəzasına çatır.

   Uşaq psixologiyasını yaxşı bilən, onu düz xətlə inkişaf etdirməyi bacaran teatrımızın baş rejissoru, Əməkdar incəsənət xadimi Rəhman Əlizadənin quruluşunda əsərin əsas ideyası qabarıq uşaqların zövqünü oxşayan tərzdə tamaşaçılara çatdırılır. Tamaşada Xeyir rolunu oynayan-aparıcı Rəhim Rəhimov, Şər zalımı ifa edən-aparıcı Cəmilə Allahverdiyeva obrazları yüksək səviyyədə canlandırmağa nail olublar.

   Ümumiyyətlə, tamaşanın yüksək səviyyədə, xoşagəlimli alınmasında istər rejissor işi, al-əlvan, göz oxşayan rəssam işi, istərsə tamaşaya can-qan verən sexlərin zəhməti təqdirəlayiqdir. Tamaşada istifadə edilən görkəmli bəstəkarımız Fikrət Əmirovun gözəl musiqisi tamaşanın ritminə, ruhuna uyğun seçilib.

  

 

   Hüseyn Əhmədov,

   Dövlət Kukla Teatrının Ədəbi

   dram hissəsinin müdiri,

   Əməkdar mədəniyyət işçisi

 

   Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 6.