Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi“ əsərinin
partiturasının nəşri təqdim olunub
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə professional musiqimizin
banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Ləzgi
rəqsi”nin xalq çalğı alətləri
üçün partiturasını nəşr etdirib.
Sentyabr 24-də Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində Üzeyir Hacıbəyli -125 Beynəlxalq
Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın
“Ləzgi rəqsi”nin ilk nəşrinin təqdimat mərasimi
keçirilib.
Tədbiri giriş sözü ilə
açan muzeyin direktoru və nəşrin redaktoru, sənətşünaslıq
namizədi Alla Bayramova bildirib ki, Üzeyir bəy “Ləzgi rəqsi”ni
1932-ci ildə yazıb. Muzeyə isə əsər 1972-ci ildə
dirijor Əşrəf Həsənovun arxiv materialları əsasında
daxil olub. Əsər bir neçə il əvvəl muzeydə
keçirilən “Səslər və kəşflər” tədbirində
Gülağa Zeynalovun rəhbərlik etdiyi orkestrdə səsləndirilib”.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkə prezidentinin sərəncamına uyğun olaraq dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə bir-birindən maraqlı tədbirlər keçirildiyini vurğuladı. O, bəstəkarın indiyə kimi işıq üzü görməyən “Ləzgi rəqsi“ əsərinin partiturasının nəşrini əlamətdar mədəni hadisə olduğunu dedi. Qeyd etdi ki, bu, musiqi kollektivləri üçün böyük bir hədiyyədir.
Çıxışlardan sonra Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri orkestrinin (bədii rəhbəri Gülağa Zeynalov) ifasında Üzeyir Hacıbəylinin “Ləzgi rəqsi” təqdim olundu. “Koroğlu” uvertürası, “Sevgili canan“ romansı, “Qaragöz”, “Sən o yanda, mən bu yanda” mahnıları, “Günay” Uşaq Teatrının ifasında “Arşın mal alan“ musiqili komediyasından fraqmentlər səsləndirilib. Sonda muzeyin hazırladığı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və slayd-şou da nümayiş etdirilib.
Savalan Fərəcov
Mədəniyyət.-
2010.- 29 sentyabr.- S. 4.