“Ölməzlik” dahi bəstəkara həsr olunub

 

   Azərbaycan mədəniyyətinin ölməz sənətkarı, milli musiqi sənətinin korifeyi Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə işıq üzü görən nəşrlər mədəni ictimaiyyəti, dahi bəstəkarın vurğunlarını sevindirib. Belə nəşrlərdən biri də AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın “Ölməzlik” kitabıdır. Bu kitabda tanınmış alimin sənətinin, şəxsiyyətinin pərəstişkarı olduğu Üzeyir Hacıbəyliyə, onun yaradıcılığına həsr edilmiş məqalələri toplanıb.

  

   Yeni toplunun ilk növbədə əhəmiyyəti ondan ibarətdir ki, o, üç dildə - Azərbaycan, rus, ingilis dillərində nəşr edilib. Bu da dahi bəstəkar haqqında qiymətli araşdırmaların, dəyərli fikirlərin təkcə Azərbaycanda deyil, ölkəmizdən çox-çox uzaqlarda yayılıb, təbliğ edilməsinə səbəb olacaq. Musiqimizin, mədəni irsimizin dünya miqyasında daha geniş tanınmasına böyük ehtiyac olan bir dövrdə xarici dillərdə çap edilən bu kitabın əhəmiyyəti danılmazdır. Üzeyir Hacıbəyli fenomenini açıqlayan elmi yazıların rusingilis dillərində də təqdim edilməsi dünyanın müxtəlif regionlarında yaşayan xalqlara sənətkar ilə yaxından tanış olmaq imkanı yaradacaq.

   Yeri gəlmişkən qeyd etmək lazımdır ki, alimin Ü.Hacıbəyliyə həsr edilmiş ilk monoqrafiyası («Muzıkalno-estetiçeskie vzqlyadı Uzeira Qadjibekova», Qara QarayevinÖn sözü ilə ) hələ 1973-cü ildə Moskvada rus dilində çapdan çıxıb və ölməz bəstəkarın xarici ölkələrdə təbliği yolunda atılmış ilk addımlardan olub. 1985-ci ildə Z.Səfərova “Üzeyir Hacıbəyov” kitabçasını (redaktor - Tofiq Quliyev) yeddi dildə - Azərbaycan, rus, ingilis, fransız, ərəb, fars, türk dillərində, bu il, sənətkarın 125 illik yubileyi ilə əlaqədar isə serb dilində nəşr etdirib.

   Müəllif yeni kitabının “Ön söz”ündə yazır: “40 ildən artıqdır ki, mən Üzeyir bəyin musiqisinə elə bənd olmuşam ki, onun böyük cazibə qüvvəsinin təsiri məni hələ də tərk etmir”.

   “Ölməzlik” kitabında müəllifin müxtəlif illərdə ayrı-ayrı kitablarda, jurnallarda, qəzetlərdə nəşr edilmiş məqalələri və elmi araşdırmalarından hissələr toplanıb. Onlarda böyük bəstəkarın musiqielmi irsi müxtəlif problemlər baxımından tədqiq edilib. Yazıların əhəmiyyətli hissəsi Üzeyir bəyin nəzəri-estetik görüşlərinin təhlilinə həsr olunub. “Üzeyir Hacıbəylinin estetik görüşləri bəstəkarlıq yaradıcılığı ilə üzvi vəhdət təşkil edir. Onun bədii yaradıcılığına xas olan yüksək ideyalılıq, realizm, xəlqilik, novatorluq, milli xüsusiyyətlərlə beynəlmiləlçiliyin vəhdəti kimi prinsiplər bəstəkarın nəzəri görüşlərinin də əsasında durur” - deyə, müəllif yazır.

   Alim məqalələrində Üzeyir bəy sənətinin bəşəriliyini və ölməzliyini hər şeydən əvvəl onun yüksək estetik prinsiplərə və fundamental elmi-nəzəri ümumiləşdirmələrə söykənməsində görür.

   Müasir sənətşünaslıqda xüsusi aktuallığa malik olan məsələlərdən biri sənətlərin qarşılıqlı əlaqəsi problemidir ki, kitabda olan bir neçə məqalə Ü.Hacıbəylinin Nizami, Füzuli və Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələrinin yaradıcılıqları ilə əlaqəsi probleminə həsr edlib. Ü.Hacıbəyli və Nizami, Ü.Hacıbəyli və Füzuli, Ü.Hacıbəyli və ədəbiyyat kimi mövzuları işıqlandıran yazılar xüsusi maraq doğurur. Topluda qoyulan digər problemlər sırasında Ü.Hacıbəyli sənətinin beynəlxalq mədəni əlaqələr prizmasından dəyərləndirilməsi, xarici sənətkarlar, xadimlər tərəfindən tədqiqi məsələləri də yer alıb.

   Azərbaycanın musiqi elminin, orta əsrlərin qədim məxəzlərinin gərgin tədqiqatçısı olan Z.Səfərova Ü.Hacıbəylinin elmi irsi ilə qədim orta əsr risalələrinin müqayisəli təhlilinə həsr edilmiş məruzələrlə dəfələrlə xarici ölkələrdə çıxış edib. Həmin çıxışların mətnləri məqalə şəklində yeni kitaba daxil edilib.

   Uzun illər boyu klassik musiqi irsimizin nəşri ilə məşğul olan Z.Səfərova Ü.Hacıbəyli irsinin akademik nəşrini həyata keçirib, külliyyatın beş kitabdan ibarət cildlərinə (“Leyli və Məcnun”un partituraklaviri, “Koroğlunun partiturası) ön sözelmi şərhlər yazıb. Əsərlərin yaranmaifa tarixinə, musiqi dilinin, ədəbi-bədii mətn əsasının dərin təhlilinə həsr edilmiş bu məqalələrində müəllif nadir arxiv sənədlərindən, məktublardan, tarixi əhəmiyyət kəsb edən xatirələrdən geniş istifadə edib. Nəticədə hər iki əsərin səhnə həyatının maraqlı tarixçəsi işıqlandırılıb. Bu məqalələrin də topluda xarici dillərdə verilməsi təqdirəlayiqdir. Z.Səfərovanın tədqiqatlarında həmçinin böyük sənətkarın publisistikası, müharibə dövrü yaradıcılığı, “Arşın mal alan” operettasının yaranmaifa tarixib. məsələlər araşdırılır.

   Qarabağ, Şuşa bu gün xalqımızın ən ağrılı, gündəmdə olan ən aktual mövzularından biridir. Z.Səfərova bu mövzuya həsr edilmiş məqalələrini hər üç dildə yeni nəşrə daxil edib. Məqalələrdə alim Azərbaycanın gözəl guşəsinin fenomenal istedada malik musiqi xadimləri - bəstəkarları, ifaçıları, xanəndələri, alimləri, musiqi həyatı barədə geniş məlumat verib. Yeri gəlmişkən, müəllifin Şuşanın musiqi həyatına həsr edilmiş məqaləsi Rusiyanın mötəbər “Muzıkalnaya Akademiya” jurnalında dərc edilmişdi.

   Yubiley günlərində işıq üzü görmüş nəfis tərtibatlı yeni “Ölməzlik” kitabı ilə bağlı yazımı Z.Səfərovanın özünün sözləri ilə bitirmək istəyirəm: Biz inanırıq ki, gün gələcək, Qarabağda yenə “Qarabağ şikəstəsi” səslənəcək, xalq mahnısı “Qarabağda bir dənəsən” oxunacaq və yenidən Qarabağ bülbülləri cəh-cəh vuracaq! Üzeyir Hacıbəylinin ölməz əsərləri səslənəcək.”

  

 

   Ülkər Talıbzadə,

   sənətşünaslıq namizədi, dosent

 

   Mədəniyyət.- 2010.- 29 sentyabr.- S. 12.