Üzeyir irsinə hörmət və məhəbbətlə
Dahi sənətkarların yaradıcılığı,
qoyub getdikləri irs yalnız mənsub olduqları xalqın
deyil, bütün bəşəriyyətin mədəniyyət
xəzinəsinə daxildir. Adı dünya mədəni irsinə,
bəşəriyyətin musiqi xəzinəsinə əbədi
həkk olunmuş dahilərdən biri də Azərbaycanın
böyük oğlu Üzeyir Hacıbəylidir.
O, öz ecazkar musiqisi və əbədiyaşar əməlləri ilə bu ölməzliyə nail olub. Bu yerdə türk alimi Yavuz Bülənd Bakilərin fikirlərini nəzərinizə çatdırmaq istərdik: "Üzeyir Hacıbəyli sadəcə qardaş Azərbaycanın deyil, eyni zamanda Türkiyənin də böyük iftixar qaynaqlarındandır. Böyük millətlər böyük sənətkarlar yetişdirir. Böyük sənətkarlar da öz millətlərinin üzünü ağ edir. Üzeyir bəy millətimizin üzünü ağ edən və bizləri ucaldan böyük sənətkardır".
Dahi bəstəkarı bu günün və gələcəyin nəsillərinə daha geniş şəkildə təqdim etmək üçün onun irsinin təbliğinə və tədqiqinə həmişə ehtiyac var və olacaq. Çünki Üzeyir bəy öz fitri istedadından Azərbaycan mədəniyyətinə, elminə, xüsusən də musiqi sənətinə çox qiymətli yadigarlar bəxş edib. Bunlardan biri də "Azərbaycan xalq musiqisinin əsasları" elmi konsepsiyasıdır. Gəlin, əvvəlcə bu əsərin yaranması ilə bağlı Üzeyir bəyin 1944-cü ildə yazdığı fikirlərinə nəzər salaq:
"Azərbaycan xalq musiqisi əsaslarının öyrənilməsi milli musiqi sənətinin daha artıq yüksəlişi üçün çox əhəmiyyətli olmaqla bərabər, musiqişünaslıq sahəsindəki elmi-tədqiqat və musiqi nəzəriyyəsi işlərinin də mühüm bir cəhətidir. Azərbaycan xalq musiqisi nəinki yalnız azərbaycanlılar tərəfindən anlaşılıb sevilir, o, bir çox xalqların qəlbinə yol aça bilir. Ona görə Azərbaycan musiqi sənətinin əsas məsələlərinin onun qayda-qanunlarının tədqiqi və öyrənilməsinin çox aktual əhəmiyyəti vardır. Mən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək işinə 1925-ci ildə başlamışam. Seçdiyim bu mövzuya dair nə bir ədəbiyyat, nə xüsusi elmi əsərlər, nə də başqa bir vəsait olmadığına görə mən ancaq öz şəxsi müşahidələrim, apardığım diqqətli tədqiqatın nəticələrinə və Azərbaycan xalq musiqisinin bütün nümunə və formalarının dərin təhlilinə əsaslanmağa məcbur oldum".
Bu cür dərin düşüncələr sayəsində meydana gələn "Azərbaycan xalq musiqisinin əsasları" 1930-cu illərdən başlayaraq bir fənn kimi tədris olunub və bu gün də tədris olunmaqdadır. "Azərbaycan xalq musiqisinin əsasları" konsepsiyası Azərbaycan lad-nəzəriyyəsi, onun quruluşu, professional musiqidə tətbiqi və bu kimi məsələlərin öyrənilməsi baxımından bəstəkar və musiqişünaslar üçün əsil tədris vəsaitidir. Bu mənbədən bütün musiqiçilərin bəhrələnməsi onların yüksək peşəkarlığının təminatçısıdır. Bu məqsədlə də həmin dəyərli mənbə bir neçə dəfə işıq üzü görüb.
1945-ci ildə ilk dəfə görkəmli pianoçu, Üzeyir bəyin tələbəsi Kövkəb Səfərəliyevanın redaktorluğu ilə rus dilində nəşr olunan bu əsər 1950-ci ildə dahi bəstəkarın digər tələbəsi, professor Məmmədsaleh İsmayılov tərəfindən Azərbaycan dilində çap olunub. Daha sonra əsər 1952, 1957 və 1965-ci illərdə də təkrarən nəşr edilib. 1985-ci ildə dahi sənətkarın anadan olmasının 100 illik yubileyində də yenidən "Azərbaycan xalq musiqisinin əsasları"na müraciət edilib və bu nəşrin redaktoru Üzeyir bəyin tələbəsi, musiqişünas alim Əminə Eldarova olub.
Üzeyir bəyin anadan olmasının 125 illiyinə daha bir töhfə məhz onun "Azərbaycan xalq musiqisinin əsasları" kitabının yenidən nəşridir. Bu da Üzeyir bəy irsindən bəhrələnən və öz yaradıcılığında onun ənənələrini layiqincə davam etdirən şəxslərin sayəsində mümkün olub. Layihənin rəhbəri Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, koordinatoru professor Oqtay Abasquliyev, elmi redaktoru professor Tariyel Məmmədov, məsləhətçi Xalq artisti, professor Ramiz Zöhrabov, redaktoru və metodik tövsiyələrin tərtibçisi sənətşünaslıq namizədi, dosent Cəmilə Həsənova, rəyçilər görkəmli bəstəkar Xalq artisti Arif Məlikov və fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadədir.
Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə əməkdaşlığı nəticəsində yenidən işıq üzü görən bu kitabın bugünlərdə "Caz mərkəzində" təqdimat mərasimi də keçirildi. Mərasimdə çıxış edənlər təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, professor Hamlet İsaxanlı və başqaları bu fundamental əsərin yüksək bədii və elmi dəyərindən söhbət açdılar. Natiqlər "Azərbaycan xalq musiqisinin əsasları" tədqiqat əsərinin müasir zamanın tələblərinə cavab verən bir səviyyədə nəşrini işləyib hazırlayan mütəxəssislərə öz təşəkkürlərini bildirdilər. Çünki bu kitab Azərbaycan, rus və ingilis dillərində elektron variantda da təqdim olunduğu üçün onun təbliği daha geniş auditoriyanı əhatə edir.
Eyni zamanda, Üzeyir bəyin dərsliyinin aktuallığını və əhəmiyyətini nəzərə alaraq, bu nəşrə didaktik materiallar və metodik göstərişlər əlavə olunub ki, bu da özündə testləri, Azərbaycan ladlarına əsaslanan şifahi ənənəli musiqi irsindən və bəstəkar yaradıcılığından nümunələr siyahısını, noto-biblioqrafik, səs nəşrlərini və saytoqrafik materialları cəmləşdirir. Həmçinin kitabın elektron multimedia janrında DVD formatı nəşrə əlavə edilib ki, bu da geniş həcmdə audiovizual materialları əhatə edərək, zəngin ensiklopedik məlumat mənbəyi ilə təchiz olunub. Bütün bunlar "Azərbaycan xalq musiqisinin əsasları" fənninin müasir tələblər səviyyəsində tədrisinə xidmət edir.
Bir halda ki, tədqiqatdan söz düşdü, onu da deməliyik ki, Üzeyir bəyin irsi daim tədqiqat obyekti olub. Sənətkarın 125 illik yubileyi ərəfəsində daha bir neçə elmi əsər işıq üzü görüb. Bunlardan biri də sənətşünaslıq namizədi Leyla Məmmədovanın "Xorovaya kultura Azerbaydjana" kitabıdır. "Adiloğlu" nəşriyyatında rus dilində işıq üzü görən bu kitabda müəllif Azərbaycanda xor musiqisinin inkişafından və bu yolda dahi Üzeyir bəyin xidmətlərindən bəhs edir. Leyla xanım Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Xor dirijorluğu" kafedrasının dosentidir. 2005-ci ildə "Azərbaycanda xor ifaçılığı sənətinin təşəkkülü və inkişafı (XX əsrin ikinci yarısına qədər) mövzusunda dissertasiya müdafiə edən Leyla xanım bütün bu tədqiqatlarında və pedaqoji fəaliyyətində Azərbaycan xor musiqisinin bütün mərhələlərini nəzərdən keçirərək Üzeyir bəyin bu istiqamətdə xidmətlərini ayrı-ayrılıqda şərh edib. Bu kitab tələbələr üçün də çox lazımlı əyani vəsaitdir.
Səadət Təhmirazqızı,
Musiqişünas
Mədəniyyət.-
2010.- 29 sentyabr.- S. 13.