XV əsrin incisi
Nadir memarlıq incimiz
olan Şirvanşahlar sarayının həyətində həcmcə
çox böyük olmayan, Azərbaycanın ənənəvi
türbələri formasında inşa edilmiş səkkizguşəli
bir məqbərə ucalır. Bu məqbərə Azərbaycanın
Şirvan bölgəsində dünyaya göz
açmış məşhur alimi Seyid Yəhya Bəhaəddin
oğlu Şirvaniyə məxsusdur. Şirvanşahlar dövlətinin
birinci paytaxtı Şamaxıda varlı ailəsində anadan
olmuş Seyid Yəhyanın təvəllüd tarixi bizə dəqiq
bəlli olmasa da, bəzi müəlliflər, məsələn,
XX əsrin əvvəlində yaşamış türk mütəfəkkiri,
İstanbul darülfünunun (universitetinin) professoru Məhəmməd
Əli Ayni alimin doğum tarixini hicrinin 800-cü ilinə aid
edir. Ayrı-ayrı alimlər isə müxtəlif dövrləri
göstərirlər. Hələ orta əsrlərdə
bütün dünyada məşhurlaşmış bu alim
ensiklopedik biliyə malik olmuş, fəlsəfəni, tarixi,
astronomiyanı, təbabəti, riyaziyyatı gözəl
bilmişdir. «Seyid» təxəllüsü ilə şeirlər
də yazan Seyid Yəhya filosof, ilahiyyatçı, həm də
məşhur sufi olub. Sonralar o, Bakıya köçərək,
burada bilikli şəxsiyyətlərdən biri olan, elmi, sənəti
yüksək qiymətləndirən Şirvanşah I Xəlilullah
tərəfindən saraya dəvət alıb. Elə o vaxtdan
da alim Bakuvi təxəllüsü ilə yazıb-yaratmağa
başlayıb.
Alimin hələlik bizə məlum olan 30-a yaxın elmi əsəri var. Onun əsasən ərəb dilində yazmış olduğu elmi əsərləri hazırda
dünya kitabxana və muzeylərini bəzəyir.
Seyid Yəhya Bakuvinin
Şirvanşahlar saray kompleksinin cənub həyətində
«Dərviş» türbəsi kimi tanınan məqbərəsi
səkkiztinli, piramidaşəkilli örtüklə
tamamlanır. Ümumi
hündürlüyü 11,9
metr olan məqbərə yerüstü
və yeraltı hissədən ibarətdir.
Üst hissə nisbətən böyükdür və aşağı ilə müqayisədə daha yaxşı işıqlandırılıb.
Onun işığa tərəf
istiqamətlənmiş cənub,
şərq və qərb tərəflərində
daş şəbəkə
ilə örtülü
olan 3 kiçik pəncərəsi var. Pəncərə
şəbəkələri çoxşüalı ulduz
şəklindədir. Yuxarıdakı səkkizguşəli otağın içərisi
rəngli suvaqla bəzədilib. Açıq-boz
rəngli fonu yaradan suvaq üzərində
3 mm-ə qədər dərin
olmayan oyuqlar düzəldilib ki, bu oyuqlar da
qırmızımtıl- qəhvəyi
və qara rəngli suvaqla doldurulmuş, mürəkkəb
olmayan bir naxış yaradılıb.
Abidənin yuxarı hissəsində
dini ayinlər yerinə yetirilərdi.
Aşağı hissədə isə
məzar yerləşir.
Məqbərə Şirvan-Abşeron qrupu abidələrinə xas olan təmiz
yonulmuş daşla üzlənib. Türbənin Azərbaycandakı digər
səkkizguşəli məqbərələrlə
eyni kompozisiyada tikilməsinə baxmayaraq,
ayrı-ayrı elementlərin
həllinə görə
o özünəməxsusdur.
YUNESKO tərəfindən Seyid Yəhya Bakuvinin məqbərəsinin bərpasına
2003-cü ilin iyununda başlanılmış, həmin
ilin oktyabrında təmir və yenidənqurma işləri
başa çatmışdı.
Unikallığı və orijinallığı ilə
daha çox fərqlənən mədəni
irs bəşəri
dəyərə malik
olur. Belə mədəni irs
hər bir xalqın fəxr etdiyi ulu mədəniyyət,
zəngin tarix deməkdir. Şirvanşahlar saray kompleksi
tərkibinə daxil olan saray alimi
Seyid Yəhya Şirvaninin məqbərəsi
məhz belə maddi-mənəvi irslərdən
biridir. Türbə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2
avqust 2001-ci il
qərarı ilə ölkə əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət
abidəsi kimi qorunur.
Mədəniyyət.- 2010.- 8 yanvar.- S. 16.