7 oğuldan biri
Ənvər Həsənov: “Çox qəribədir ki, mən
əməkdar artistəm, amma Azərbaycanda bu gün hamı məni
xalq artisti kimi qəbul edir”
Qəzetimizin bu sayından etibarən “Unudulmuş
unudulmazlar” layihəsindən sizlərə Azərbaycan
kinosunda yaddaqalan obrazlar yaratmış simalar təqdim edəcəyik.
Bu layihədə ilk müsahibimiz Ənvər Həsənovdur.
Onu gənc nəsil də, yaşlı nəsil də
yaxşı tanıyır. Milli filmlərimizdə daha
çox gənc obrazını yaradan aktyor yaşlanandan sonra
filmlərdə ikinci rejissor kimi çalışmağa
başladı. Aktyorluqdan tam olaraq uzaqlaşmasa da,
tamaşaçılar hələ də onu 7 oğuldan biri - Cəlal
kimi tanıyır.
- Ənvər müəllim,
gəlin bir balaca keçmiş illərə səyahət
edib, sizin kinoya gəldiyiniz ilk vaxtlara nəzər salaq...
- Həyatı dərk
edəndən kinonu sevməyə başlamışam. Televizor
yeni çıxmışdı, bütün günü
kinolara baxardım. O vaxt - 1965-ci ildə sənədlərimi
böyük sənətkarımız Adil İsgəndərovun
açdığı C.Cabbarlı adına kinostudiyaya verdim. Seçim
də böyük idi. 600 nəfərdən cəmi 52-si
seçildi. 52 nəfərdən də 8 nəfəri 4 illik
kinoaktyorluq kursunu bitirdi. Adil müəllimin rəhbərliyi
altında da elə burada işlədim. Sonra İncəsənət
Universitetinə daxil oldum. Artıq 45 ildir ki, kinodayam.
- Deyirlər, aktyor
üçün rolun böyük-kiçiyi olmur, sizin kinoda
debütünüz hansı rol ilə olub?
- Hərçənd
hamı mənim ilk rolumun “Uşaqlığın son gecəsi”
filmində Murad obrazı olduğunu bilir, amma belə deyil. “İstintaq
davam edir” filmində belə bir kadr var, gənclər kafedə
tvist oynayır. Mən də o cavanların arasında rəqs
edirəm. Kinoda ilk rolum belə başlayıb, hələ onda
1-ci kursda oxuyurdum. İkinci rolum isə Şamil Mahmudbəyovun
“Torpaq, dəniz, od, səma” filmində əsgər obrazı
olub. Və nəhayət üçüncü
oynadığım film hamıya məlum Arif Babayevin
“Uşaqlığın son gecəsi”ndəki Murad obrazı
olmuşdur.
- Bu gün çəkilən
filmlərimizin təbliği, prokatı heç də ürək
açan deyil...
- Doğru deyirsiz.
Bildiyiniz kimi, bu gün Azərbaycanda olan dövlət
kinoteatrlarımızın əksəriyyəti təmirdədir.
Məsələn, “Cavad xan” filmi çəkildi, dövlət
ona 1 milyon 600 min manat vəsait ayırmışdı. Filmin,
heç olmasa, müəyyən faizi
çıxmalıdır ki, onu ekrana buraxa bilək. Bir səbəb
budur. SSRİ vaxtında ümumiləşdirilmiş prokat
sistemi var idi. Azərbaycanda çəkilən filmlər
SSRİ-nin 15 respublikasında göstərilirdi. Təsəvvür
edin ki, bir filmə qoyulan məbləğ bir gün ərzində
çıxarılırdı. Bu gün bizim kinomuzda prokat
problemi var.
- Bu vaxtadək aktyorluqla
yanaşı 18 filmdə ikinci rejissor kimi də işləmisiz.
Hazırda nə üzərində işləyirsiniz?
- Aktyor və rejissor
kinoyla bağlıdır. Bu vaxtadək çox filmdə
rejissor kimi işləmişəm. “Məhkumlar”, “Cavad xan”,
“Ölüm növbəsi”, “İlahi məxluq” və b. filmlərdə.
Hazırda isə Ülviyyə Könülün “Vəkil
hekayətləri” filmini bitirmişik, montaj işi gedir.
- Deyirlər, xalqın gözü
tərəzidir. Bu gün bir çox sənətkarlara “xalq
artisti” adını veriblər. Sizcə, xalq öz artistinin kim
olduğunu bilir?
- Çox qəribədir
ki, mən əməkdar artistəm, amma Azərbaycanda bu
gün hamı məni xalq artisti kimi qəbul edir. Cəlal
obrazını yaratdığım “Yeddi oğul istərəm”
filmi dünyanın 98 ölkəsində nümayiş
etdirilib. Zarafat deyil, mənim 60 yaşım var, 60 filmdə
işləmişəm. Beynəlxalq kinofestivalların
laureatıyam. SSRİ vaxtı kino əlaçısı
olmuşam. Gənc yaşımdan SSRİ Kino
İttifaqının üzvüydüm.
- Ənvər müəllim,
bu gün bir aktyor kimi formalaşmağınızda
özünüzü kimlərə borclu bilirsiniz?
- Rejissorlardan Adil İsgəndərov,
Arif Babayev, Həsən Seyidbəyli, operatorlardan Arif Nərimanbəyov,
rəssamlardan Kamil Nəcəfzadə, Nadir Zeynalov, bəstəkarlardan
Tofiq Quliyev, Xəyyam Mirzəzadə və bir çox
adlarını çəkə bilmədiyim sənətkarlarımıza
borcluyam.
- Kinomuzun gənc nəslinə
münasibətiniz necədir? İstedadına güvəndiyiniz
gənclər var?
- Bu gün çox qəribədir
ki, əksər gənclər o zamanlar bizim sənətə
yanaşdığımız ciddiliklə yanaşmırlar,
onlarda bir az sənətə biganəlik hiss edilir. Əlbəttə
ki, istedadlı cavanlar var. Məsələn, bu gün “Vəkil
hekayətləri” filmində rol almış istedadlı gənclər
var, onlardan biri, Pantomima Teatrının aktyoru Bəhruz
çox istedadlıdır. İnanıram ki, onun uğurlu gələcəyi
var.
Söhbətləşdi: Yeganə CANSAİL
Mədəniyyət.- 2010.- 8 yanvar.- S. 11.