Rənglərin həmdəmi
Mətbuatla bağlılığımın ilkin dövrü, demək olar, kinoda, kinoçuların arasında keçib. 1990-cı
illərin əvvəlində
yolum tez-tez kinostudiyaya düşürdü.
SSRİ-nin can üstə olan vaxtlarıydı. Hamı baxımsızlıqdan, sistemsizlikdən,
qayğısızlıqdan gileyliydi. «Azərbaycanfilm»
dövlət sifarişiylə
sonuncu filmlərini çəkirdi. Yeni-yeni özəl studiyalar yaranırdı. Hələ
Muxtar Dadaşov, Əjdər İbrahimov, Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Şahmar Ələkbərov,
Ceyhun Mirzəyev kimi sənətkarlar sağıydı. Onlar çətinliklərə baxmayaraq,
filmlər çəkmək,
sevimli peşələrindən
ayrılmamaqçün mübarizliklərini
itirməmişdilər. Kinostudiyaya
az-az gələnlərin
sırasındasa köhnə
nəslə mənsub
xalq rəssamı Kamil Nəcəfzadə kimi tək-tük sənətkar varıydı.
Üstündən illər
ötəndən sonra
rəssamla söhbətə
elə bu məqamdan başladıq:
- 1955-ci ildən kinostudiyada işləmişəm. Özü
də institutu qurtarıb gələndən
filmlərdə çalışmışam.
Quruluşçu rəssam
kimi kinoda ilk işim «Qara daşlar» filmində olub. Təqribən qırx il çəkilişlərdə
iştirak etmişəm.
Kimlərnən işləməmişəm.
Azərbaycanda rayon qalmayıb ki, ora yolum düşməsin.
Yaxşı, hörmətli,
sənətə diqqətli
günlər görmüşəm.
Bayaq studiyaya niyə az-az gəlməyimin səbəbini
soruşurduz. Səbəb
nolasıdı? Şərait,
münasibət. SSRİ dağılandan
az sonra rəhmətlik Şamil Mahmudbəyov Vaqif Mustafayevin ssenarisi əsasında film çəkməyə hazırlaşırdı.
Məni də quruluşçu rəssam
götürmüşdü. Yadımdadı, böyük
həvəslə filmin
çəkilişlərilə əlaqədar bir neçə ölkəyə
ekspedisiyaya getdik. Çəkiliş üçün
yerlər seçdik. Qayıtdıq Bakıya. Məlum oldu ki, filmin sponsoru
bonkrot vəziyyətə
düşüb. Beləcə,
işimiz qaldı yarımçıq. Bunqan
sonra dedim yox ey, ta
mənimki bu cür film çəkməknən
qurtardı. Bir də, bilirsiz necədi, fəaliyyətim
yalnız kinoyla bağlı deyil, axı. Rəssamam, rəngkar kimi 60 ildi yaratdıqlarım sərgiləri dolaşır.
Kinosuz da bekar qalmıram. Doğrudu, məni kinoya görə məxsusi tanıyırlar.
Bu sənətin xeyrini-bəhərini görmüşəm.
Bunu dana bilmərəm. Çəkilişsiz
keçən günlərim
bu səbəbdən məni yandırır. Ancaq neyləmək olar.
- Siz İkinci Dünya müharibəsindən sonra,
demək olar, eyni illərdə Moskva Kinematorqafiya İnstitutunda təhsil alan, bu gün
adı tarixə düşmüş Əjdər
İbrahimov, Tofiq Tağızadə, Şamil
Mahmudbəyov, Rasim Ocaqov, Elbəy Rzaquliyev, Nadir Zeynalov, Cəbrayıl Əzimov və başqa sənətkarlarımızla bir
sırada dayanan şöhrətli insansız.
Şöhrətin yolusa
əsl sənətkarlar
üçün heç
də hamar olmur...
- Həqiqətən
belədi. Dünyanın,
sənətin min illərlə
ölçülən tarixi
və şəxsi təcrübəm dediyinizi
təsdiqləyir. Heç
nə havayı qazanılmır. Qeyri-təvazökarlıq çıxmasın, mənimçünsə
bu daha çətin
olub. Bəli, xasiyyətim ağırdı,
dilimdə var, sözü üzə deyənəm. Belələrinisə
sevmirlər. Nə o vaxt, nə
indi. Ona görə, təsəvvür
edin, nə dərəcədə zəhmət,
istedad bahasına bugünkü uğurlarımı,
nailiyyətlərimi qazanmışam.
Hərçənd çətin
olub, ancaq şirindi. Yaşa dolmuşam, geriyə boylanıram, bütün həyatımı gözümün
qabağına gətirirəm.
Görürəm ki, heç nəyi elə-belə asanlıqla
əldə eləməmişəm.
Kimsənin yanında başaşağı qalmamışam.
Bax, budu məni ən çox sevindirən. Bayaq adlarını çəkdiyimiz sənətkarların
əksəriyyəti indi
həyatda yoxdu. Adları kinomuzun böyük bir tarixi dövrüylə bağlı olan bu insanlarla bir
yerdə, eyni məqsəd uğrunda çalışmaq həqiqətən
xoşbəxtlikiydi.
- Şamil
müəllim, kino ruhən azad olan rəssama maneçilik yaratmır? Çünki fərdi, azad rəssamlıq başqa, kinoda müəyyən qaydalara,
iş rejiminə, şərtlərə uyğun
işləyən rəssam
bambaşqadı. Özünüzü
bu sahələrin hansında daha rahat, ifadə baxımdan sərbəst, geniş imkanlara malik hiss edirsiz?
- Mən
deməzdim ki, kino adamı qəliblərə, dözülməz
şəraitə salır.
Adamına baxır.
Məsələn, mən
uzun illər boyu ciddi problemlə
üzləşməmişəm. Əksinə, çəkilişlə
əlaqədar gəzdiyim
yerlər, görüşdüyüm
adamlar mənə bir rəngkar kimi mövzular verib. Çox vaxt çəkiliş arası rəngli karandaşlarla ştrixlər
edirdim. Sonra Bakıya dönəndə
onları əməlli-başlı
işləyirdim. Sərgilərə
çıxardığım, bağışladığım, muzeylərdə, şəxsi
kolleksiyalarda və bax, bu emalatxanadakı
əsərlərin çoxusu
beləcə yaranıb.
- Bir ara yaşlı sənətkarların əksəriyyəti
onlara biganəlikdən
gileylənirdi. Sizin bugünkü vəziyyətiniz
narazı qalmağa əsas vermir?
- Yox, əsla. Allaha şükür, Prezident təqaüdü, professor məvacibi
alıram. Prezident İlham Əliyevin sərəncamı ilə
yeni tikilən binaların birində üçotaqlı
mənzil də veriblər. Fəxri və elmi adlara
görə aldığımız
vəsaitin miqdarı da yavaş-yavaş artırılır. Mənə
qalsa, bunlar artıqlaması ilə bəsimdi. Hər şeyim var, nəyim çatmır ki? Elə 75 illik yubileyimdə Polad Bülbüloğlunun
zarafatla «vallah, bilmirik Kamil müəllimə nə verək, hər şeyi var» deməsi yerinə düşmüşdü. Sadəcə,
narahatlığım cavanlardandı.
Axı onların yaxşı, rahat işləməsi lazımdı.
Məsələn, elə
sizin özünüz,
yaxud oğlum Şamil.
- Oğlunuz
demişkən, Şamil
bəyin yaradıcılığına
münasibətiniz necədi?
- Özümünkü
olduğuna görə
demirəm, onun maraqlı dəst-xətti
var. Bilirsiz ki, ilk sənəti rəssamlıqdı. Sonra
rejissorluğa meyil saldı. Və hesab edirəm pis də alınmadı.
Mən rəssam və rejissor Şamil Nəcəfzadəni
qəbul edir və yaradıcılığını
diqqətlə izləyirəm.
- Səksən
yaşı haqlayan Kamil Nəcəfzadənin
yaradıcılığında, söhbətləşdiyimiz emalatxana
divarları arasında
təzə nə var-nə yox?
- Açığı,
hər gün müntəzəm, konkret saatlarla işləmirəm.
Bir az yaş təsirini göstərir, bir az da bəzi
işlər. Ancaq işləyirəm - portret,
natürmort, mənzərə
çəkirəm. Proqram
rəngarəngdi. Qabaqcadan
başqa şeylər
demək istəmirəm.
Düşər-düşməzi olar.
- Sonda bir şeyi xəbər
alım. Bir az acıdil, yovuşmaz təsiri bağışlayan Kamil Nəcəfzadənin rəssamlıqdan
başqa əlindən
nəsə gəlirmi?
- (Gülümsünür)
Yox. Allah üzümə baxıb. Onun verdiyi bəxtdən, taledən razıyam. Hərçənd
narazı olub neyləyəcəkdim? Ancaq
rəssam olub bunca tanınmağımı,
xoşbəxt anlar yaşamağımı Allahın
bəxşeyişi sayıram.
Seymur Elsevər
Mədəniyyət.- 2010.- 8 yanvar.- S. 8.