Çövkən, “Gilan” və musiqi
Yunus Arifoğlu: «Mədəniyyətə dəstək olmaq vicdan borcudur»
Yunus Arifoğlu
1949-cu ildə doğulub.
Türkiyə vətəndaşıdır.
İş adamıdır.
İxtisasca mühəndisdir.
1993-cü ildən Azərbaycanda
yaşayır və işləyir. Ölkəmizin
nüfuzlu şirkətlərindən
olan «Gilan» Holdinqin rəhbər işçilərindəndir. Məramımımz
qədim çövkən
oyunundan yazı hazırlamaq olsa da, söhbətə iş adamı olan müsahibim mədəniyyətdən söz
açaraq körpü
saldı.
- Məncə,
hər bir adamın, xüsusən, biznesmenin, iş adamının mədəniyyətlə
əlaqəsi olmalıdır.
Ümumiyyətlə, cəmiyyətdə
yaşayan, hər kəsin mədəniyyətlə
genetik əlaqələri
var. Hər kəs bir mədəniyyət sahəsi ilə maraqlanır. Kiməsə
musiqi, kiməsə geyim, kiməsə başqa incəsənət
sahəsi, hətta kiməsə yemək mədəniyyəti maraqlıdır.
Mədəniyyət çox
geniş anlayışdır,
hər kəsi, hər məkanı əhatə etmiş bir sahədir.
Mənə gəlincə,
özümü universal adam
hesab edirəm; yaxşı idmançı
olmuşam, boksla məşğul olmuşam.
Ancaq musiqiyə də maraq göstərmişəm.
Hətta neçə
illər əvvəl AzTV-nin yeni il
proqramlarından birində
mahnılar da ifa etmişəm.
- Yunus müəllim, ötən
sayımızda gedən
«polo»-«çövkən» oyunları
barədə yazılarla
maraqlanmışdınız.
- Mənim
bildiyim, gördüyüm
bir oyun var. Mən Türkiyənin kəndlərindən birində
doğulmuşam. Səkkiz
yaşımadək orda
yaşamışam. Sonralar
da, universitetdə oxuduğum zamanlarda da tez-tez kəndə
gedir, orda qalırdım. O vaxtlar uşaqlar indiki poloya oxşar bir oyun oynayırdılar.
İki taqım- dəstə mübarizə
aparırdı. Hər
taqımda dörd atlı olurdu. Keçədən bir top düzəldib onu qarşı qapıdan keçirməyə çalışırdılar.
«Topadar»sa yerdəki həmin bu topu itələyən
ağac idi. Bu oyuna çövkən deyirdilər. Onu geniş xırmanda oynayırdılar. Bilirsiniz,
bu oyunda iştirak edən atlar yaxşı bəslənmiş olsalar da, ancaq təlim
görməmiş atlar
idi. Yəni çevrə, filan bilməzdilər. Saxlamaq istədikdə durdura bilmirdilər. Ona görə də böyük sahəni oyun üçün meydan edirdilər. Mən özüm də bu oyunu
oynamışam. Amma daha çox azarkeş olmuşam. Atlarımız vardı və adamlar təkidlə rica edəndə bizlərdən
də kimsə bu oyuna qatılırdı.
Bu «təkidlə rica etmək» məsələsi
böyük çıxmasın.
Biz əslən bəyzadəyik.
Və bir qayda vardı ki, hər sözdən
ortaya düşməzdik.
Gərək bir xahiş-təkid olaydı.
Atamdan, babamdan bu oyunun qədim
türk oyunu olduğunu eşitmişəm.
Atam 110 il yaşadı. O, mənə
bu oyun haqda,
onun gəncliyində də bu oyunun
oynanması barədə
danışardı.
- Polonun tarixində onun Avropaya necə gəlməsi barədə
versiyalardan biri də bu oyunu
səlibçilərin Konstantinopolda,
indiki İstanbulda görüb öz ölkələrinə aparmasıdır.
- Hə,
mənim bildiyim də bu qədərdir.
- 20 ilə
yaxındır ki, buradasınız. Ölkənin
mədəniyyətində ən çox maraqlandığınız hansı
sahədir?
- Anam Naxçıvandandır. Mən
Azərbaycan musiqisi ilə böyümüşəm,
bu musiqi ruhuma hopub. Ərzurum
radiosunda xorda oxumuşam, təxminən
altmışıncı illərin
ortalarında. O zaman radioda Azərbaycan mahnıları ifa edirdik. Xüsusən bu mahnını məşhur etmişdim:
«Gözəllər bəzənib
toya gedərlər,
Amanat, amanat, yar oynamasın
Mən bilirəm
rica, minnət edərlər
Yüngüllük edib
də tez oynamasın...»
Bülbül, Rəşid
Behbudov, Şövkət
Ələkbərova, Elnarə
Abdullayeva, İlhamə
Quliyeva kimi ifaçıların diskləri,
mahnıları həmişə
mənimlədir. Türkiyədən
və başqa ölkədən olan qonaqlarıma, dostlarıma
klassik Azərbaycan musiqisi hədiyyə edirəm. Mən əvvəllər Türkiyədə
olanda yalnızca Zeynəb Xanlarovanı tanıyırdım. Bura gələndən sonra bu dəyərli ifaçılara qulaq asdım.
- Bir kənar gözlə necə müşahidələriniz
var - cəmiyyətdə
mədəniyyətin rolu,
yeri necədir?
- Mədəniyyətə
qiymət var. Şəxsən
mən Azərbaycan mədəniyyətini çox
yüksək hesab edirəm. Bir də bilirsiniz, mən dünyanın 60-70
ölkəsini gəzmişəm.
İnanın mənə,
Azərbaycanda olan əmin-amanlıq heç
yerdə yoxdur.
- Yunus müəllim, başqa ölkələrdə, iri
şirkətləri mədəniyyətə
dəstək olmağa
həvəsləndirmək üçün müəyyən
bir tədbirlər
var. Məsələn, mədəniyyətə
dəstək olan müəssisələrə, şirkətlərə
qanunlarda vergi güzəştləri edilir.
Bizdə bu hələ o qədər də gəlişməyib...
- Buna təşviq
etmək deyirlər. Bilirsiniz, bu sahədə bir qanuni borc anlayışı
var, bir vicdani borc. Mədəniyyətə
dəstək olmaq vicdan borcudur. Çünki hər şey ötəridir, yaşayan, gələcəyə
ötürülən mədəniyyətdir.
Məsələn, Mehriban
xanım Muğam Mərkəzi açdı.
Bu qədim bir mədəniyyətin gələcəyə
ötürülməsində böyük bir işdir.
Qaldı «Gilan»a,
bizdə həmişə
mədəniyyətə dəstək
layihələri olub. Mən sadəcə onları xatırlatmaq istəmirəm. Lap kiçik
CD zavodu belə mədəniyyətə dəstəkdir.
Bu şirkətin özünə
görə əl tutduğu yerlər var. «Gilan» Holdinq öz üzərinə bacardığını götürüb.
- Sormadığım,
ancaq demək istədiyiniz nəsə qaldımı?
- Azərbaycanda
yaşayan hər bir kəs, əcnəbi
və ya yerli olmasından asılı olmayaraq, buranın qədrini bilməli, onun mədəniyyətini öyrənməli,
hörmət göstərməlidir.
Aliyə
Mədəniyyət.- 2010.- 8 yanvar.- S. 4.