Norveçdə Azərbaycan sevgisi
Ramil Əliyev: «Norveçliləri Azərbaycanda
daha çox "Yanar dağ" və "Qobustan" maraqlandırır»
Azərbaycanlı gənclər bir
çox xarici ölkələrdə müəyyən
mövqe tutub və ölkəmiz haqqında həqiqətləri
dünyaya çatdırmaq
üçün bir sıra layihələrlə
çıxış edirlər.
Gənclərlə bağlı
olan diaspor təşkilatları da ölkəmizin milli-mənəvi
dəyərlərini, tarixini,
mədəniyyətini, dilini
və müasir həyatını əcnəbilərə
çatdırmaq üçün
məqsədyönlü işlər
həyata keçirirlər.
Qeyd etdiyimiz meyarları fəaliyyətində
əsas götürən
belə təşkilatlardan
biri də Norveç Azərbaycanlıları
Gənclər Təşkilatıdır
(NAGT). Qurumun fəaliyyəti
ilə yaxından tanış olmaq üçün ötən
il Norveçdə ilin ən fəal
və akademik gənci seçilmiş,
NAGT-nin sədri Ramil Əliyevlə həmsöhbət olduq. O,
söhbətinə rəhbəri
olduğu təşkilatın
tarixindən başladı:
- Norveç
Azərbaycanlıları Gənclər
Təşkilatı 2006-cı ildən yaradılıb. Təşkilatımızda həm
norveçli, həm də azərbaycanlı gənclər təmsil olunur. Başqa diaspor təşkilatlarından
fərqimiz Azərbaycanı
xaricdə akademik səviyyədə, yüksək
anlamda təmsil etməyimizdir. Təşkilatımız
tərəfindən bir
sıra maraqlı layihələr həyata keçirilib. Belə ki, Oslo Universitetində
"Azərbaycanın Cənubi
Qafqazdakı geosiyasi rolu", "Qafqaz müharibədən sonra"
mövzusunda seminarlar keçirmişik. Bu seminarlardan
sonra bir qrup norveçli tələbə bizimlə
əlaqə yaradıb,
Azərbaycana gəlmək
istədiklərini bildirdi.
Biz də bu işdə onlara yardımçı olduq. Onlar ölkəmizdən olduqca maraqlı və xoş təəssüratlarla döndülər.
- "Virtual Həftə
Sonu" məktəb
layihəsinin dünya
azərbaycanlıları üçün
əhəmiyyəti nədir?
- Norveçdə
yaşayan azərbaycanlıların
Azərbaycan dilində
akademik təhsil almaq imkanları yoxdur. Ailədə isə onlar ancaq Azərbaycan dilində ünsiyyət qururlar. Bu baxımdan xaricdə yaşayan azərbaycanlılar, əsasən
də cənubi azərbaycanlılar və
gənc nəslin nümayəndələrinin Azərbaycan
dilini akademik səviyyədə bilməsi
çox vacibdir. Digər tərəfdən,
xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti
ana dilində yazıb-oxuya bilmirlər, ancaq danışa bilirlər. Bu bizim əsas problemimizdir. Hazırda dünyada
internet şəbəkəsi çox yaxşı inkişaf edib və hər kəsin evində də kompyuter var. Bu baxımdan «Virtual Həftə
Sonu» məktəb layihəsinin yaranması çox önəmlidir.
- Təşkilatınızın
saytı varmı?
- Əvvəla
onu qeyd edim ki, təşkilatımız
2009-cu ildə Norveçin
Gənclər Konsuluna
üzv seçilib. Sözügedən qurum özündə Norveçdə
aktiv olan 70-dən çox təşkilatı
birləşdirir. Çox
sevindirici haldır ki, biz də belə bir təşkilata
üzv olduq. Bura qəbul olunmağın əsas şərti təşkilatın
demokratik və aktiv olmasıdır. Bu göstəricilər təşkilatımızda
olduğundan bizi üzv qəbul etdilər. Bundan sonra ANGT haqqında müəyyən məlumatlar
virtual olaraq yayımlandı.
Bununla yanaşı,
təşkilatımız haqqında
daha dolğun məlumatın olması üçün internet səhifəmizi
də (www.nayo.no) yaratdıq.
- ANGT özündə
neçə nəfər
gənci birləşdirir?
- Etiraf edim ki, 2009-cu ilə qədər marağımızda deyildi
ki, üzvlərimiz arasında sənədləşmə
aparaq. Çünki buna ehtiyac hiss etmirdik. Seminarlar, konsertlər və s. bir sıra başqa
maraqlı layihələr
həyata keçirmişik.
Bu tədbirlərdə 340-600 nəfər arasında iştirakçı olub. Reallaşdırdığımız layihələr kiçik olsa da, insanların
marağına səbəb
olub. Ola bilsin ki, üzvlərimiz
bütün tədbirlərə
eyni maraqla yanaşmayıblar, bu da təbiidir. Bu gün təşkilatımızın
160-a yaxın üzvü
var. Onu da qeyd edim ki,
bunlar 26 yaşından
aşağı olan gənclərdir.
- Necə
hesab edirsiniz, demək olarmı ki, artıq diasporlar təşkilatlanma
işini bitirib praktik fəaliyyətə
başlayıblar?
- Bu məsələ
ilə bağlı ancaq Norveç təcrübəsindən danışa
bilərəm. Təşkilatların
formatları başqadır.
Tam məsuliyyətlə deyə
bilərəm ki, təşkilatımız Azərbaycanın
müsbət imicini akademik səviyyədə
xaricdə təmsil edir. Biz birinci mərhələyə təşkilatımız
yaranandan, 2006-cı ildən
başlamışıq. Artıq
bu mərhələ arxada qalıb. Eyni zamanda Norveçdə
olan başqa təşkilatlarla əlaqə
saxlayırıq və
əməkdaşlıq da
edirik. Diaspor komitəsinin keçirdiyi
layihələr çərçivəsində
Azərbaycana tez-tez dəvət olunuram. Bu zaman imkan yaranır
ki, başqa ölkələrdə yaşayan
müvafiq təşkilatlarla
ünsiyyət quraq.
- Xarici ölkələrdə Azərbaycanla
bağlı kitablar çox azdır. Norveçdə bu istiqamətdə vəziyyət
necədir?
- Mən
də sizinlə razıyam ki, bu gün Azərbaycanla
bağlı xarici ölkə kitabxanalarında
kitablar azlıq təşkil edir. Çox istərdim ki, ölkəmiz haqqında Avropa düşüncəsinə uyğun
olan müxtəlif elm
sahələrini əhatə
edən kitablar yazılsın. Biz də onları imkanımız daxilində çalışdığımız
xarici ölkələrdə
kitabxanalar və insanlar arasında yayaq.
- Bəs
siz Azərbaycan haqqında materialları hardan əldə edirsiniz?
- Əvvəla
onu deyim ki, təşkilatımızda
belə bir ənənə formalaşıb
ki, keçirdiyimiz sərgilərdə, tədbirlərdə
Azərbaycanla bağlı
kitablar, jurnallar, broşürlar tədbirə
gələn norveçlilərə
və əcnəbilərə
hədiyyə edirik. Bizə əsasən dediyim istiqamətdə materiallar, kitablar Heydər Əliyev Fondu və Diaspor
Komitəsi tərəfindən
verilir, eyni zamanda Norveçə gələn azərbaycanlı
elm adamları da hədiyyə edirlər.
- Norveçliləri
Azərbaycanla bağlı
daha çox nə maraqlandırır?
- Yeni müstəqillik qazanmış
dövlət kimi ümumilikdə Azərbaycan
Norveç cəmiyyəti
üçün yeni olduğu qədər də maraqlıdır. Eyni zamanda Azərbaycanda
Norveçin böyük
iqtisadi maraqları
var. Hazırda bir sıra Norveç şirkətləri Azərbaycanda
çalışır. Bu səbəbdən
də ölkəmizdə
cərəyan edən
lazımi ictimai-siyasi hadisələr Norveç
mətbuatında işıqlandırılır.
Elə bu da norveçli tələbələrin marağına
səbəb olur, onlar Azərbaycana gəlməyə böyük
həvəs göstərirlər.
Biz də imkan yaradırıq ki, qeyri-azərbaycanlılar ölkəmizə
gəlsinlər, Azərbaycan
haqqında ətraflı
bilgi toplasınlar. Məsələn, bizim təşkilatın təşəbbüsü
ilə polşalı fotoqraf xanım və bir norveçli
jurnalist Azərbaycana gəlmişdi. Fotoqraf Azərbaycan haqqında maraqlı sərgi təşkil etmiş, jurnalist xanım məqalələrini Norveç
mətbuatında dərc
etmişdi. Bu cür layihələrin sayəsində
Norveçdə Azərbaycanı
tanıyır və sevirlər. Norveçlilərin
ölkəmizdə daha
çox sevdiyi tarixi məkanlar "Yanar dağ" və "Qobustan" tarixi-memarlıq qoruğudur.
Bizimlə bura gələn əcnəbilər
də yenilikləri maraqla qarşılayırlar
və Azərbaycanın
həqiqətən mədəni
və sivil bir ölkə olduğunu görürlər.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 15 yanvar.- S. 7.