Kamil Nəcəfzadənin
80 illik yubiley sərgisi
Bugünlərdə Mədəniyyət
və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə
təşəbbüsü ilə Dövlət İncəsənət Muzeyində
tanınmış Azərbaycan
rəssamı Kamil Nəcəfzadənin 80 illik
yubiley sərgisinin açılış mərasimi
keçirilib.
Azərbaycan kino, teatr və
rəngkarlıq sənətinin
istedadlı nümayəndələri
sırasında görkəmli
rəssam, respublikanın
xalq rəssamı, “Şöhrət” ordenli Kamil Nəcəf oğlu Nəcəfzadənin
layiqli yeri var.
Məlumat üçün bildirək
ki, K.N.Nəcəfzadə
29 dekabr 1929-cu ildə
Bakıda anadan olub. Ömrünün 60 ilə yaxın bir dövrünü rəssamlıq sənətinə
həsr edib. O, yaradıcılıq fəaliyyətinə 1948-ci ildə
Ə.Əzimzadə adına
Azərbaycan Dövlət
Rəssamlıq Məktəbini
bitirdikdən sonra başlayıb. 1955-ci ildə
Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsilini tamamlayıb Bakıya qayıdan K.Nəcəfzadə
C.Cabbarlı adına
“Azərbaycanfilm” kinostudiyasında
yaradıcılıq
dövrünün yeni
mərhələsinə başlayıb.
Bu illər ərzində o, “Bir məhəlləli
iki oğlan”, “Uzaq sahillərdə”, “Qara daşlar”, “Mən rəqs edəcəyəm”, “Bir cənub şəhərində”,
“Səmt küləyi”,
“Qaçaq Nəbi”, “Ad günü” filmlərinin quruluşçu
rəssamı kimi sənətsevərlərin məhəbbətini
qazanıb. K.Nəcəfzadə
bu dövr ərzində 40-a yaxın
filmin quruluşçu
rəssamı olub.
Kino filmlərdən əlavə,
K.Nəcəfzadə Azərbaycan teatr səhnəsində də fəaliyyət göstərmiş, H.Cavidin “Knyaz” (1964-cü
il) və S.Vurğunun “Fərhad və
Şirin”
(1976) əsərlərinə
quruluş
verib.
Səhnəqrafiya və kinofilmlərin bədii tərtibatı ilə yanaşı, K.Nəcəfzadə rəngkarlıq
və qrafika sahələrində də
öz istedadını
bu günə qədər nümayiş
etdirir. O, 1957-ci ildən
Rəssamlar İttifaqının
və Kinematoqrafçılar
İttifaqının üzvüdür.
Rəssamın əsərləri
dünya ölkələrində
- Amerika, Böyük Britaniya, Yaponiya, Türkiyə, Çexoslovakiya,
Almaniya, Fransa, Kanada, Monreal və başqa ölkələrin muzeylərində,
şəxsi kolleksiyalarda
saxlanılır. Həmin ölkələrin
bir neçəsində
rəssamın fərdi
sərgiləri Azərbaycan
təsviri sənətinin
uğurlu nailiyyətləridir.
O, 1986-cı ildə
Vyetnamın Hanoy şəhərində fərdi
sərgisinin açılışından
sonra 29 əsərini Vyetnam xalqına hədiyyə edib.
Kino və
rəngkarlıq sahəsində
xidmətlərinə görə
K.Nəcəfzadə 1964-cü ildə Çeçen-İnquş
Respublikasının əməkdar
incəsənət xadimi,
1976-cı ildə Azərbaycan
Respublikasının əməkdar
incəsənət xadimi,
1987-ci ildə isə Azərbaycan Respublikasının
Xalq Rəssamı kimi yüksək fəxri adlara layiq görülüb, müxtəlif orden və medallarla təltif olunub. O, iki dəfə Dövlət mükafatı
laureatıdır. K.Nəcəfzadə
öz sənətini gənc nəslə də həvəslə öyrədir. O, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində pedaqoji
fəaliyyətlə məşğul
olub və hazırda Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının professoru
kimi gənc nəslin tərbiyəsi işinə öz layiqli töhfəsini verir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
müxtəlif illərdə
rəssamın əsərləri
alınaraq, Dövlət
İncəsənət Muzeyi
və Dövlət Rəsm Qalereyasının
fonduna daxil edilib. Müxtəlif sərgilərdə
K.Nəcəfzadənin əsərləri
nümayiş etdirilir.
2004-cü ildə S.Bəhlulzadə
adına Mərkəzi
Sərgi Salonunda rəssamın 75 illik yubiley sərgisi keçirilib.
2009-cu ildə
sənətşünaslıq doktoru Cəmilə Həsənzadə,
Ceyhun Səmədovun müəllifliyi ilə hazırlanmış «Kamil Nəcəfzadə»
adlı
kitab
500 tirajla nazirlik tərəfindən nəfis şəkildə
çap olunub.
Turan
Mədəniyyət.- 2010.- 15 yanvar.- S. 5.