Sumqayıt teatrında...
Repertuarda 21 əsər
var
Hüseyn Ərəblinskinin adını daşıyan
teatrı uşaqlıq illərindən tanıyıram. O
zaman indiki kimi telekanal bolluğu yoxuydu və təbii ki, teatr və
aktyor haqqında efirdə hər gün saatlarla veriliş getmirdi. Sumqayıt teatrı barədə yeganə telekanaldan dadar-doymaz gördüyüm günlərdən
xəbərim var. Teatrın binasında ilk dəfə olduğum gün də yadıma gəlir. Onda çalışdığım Gənc Tamaşaçılar
Teatrının kollektivi
sumqayıtlı həmkarlarının
yerləşdiyi binada
tamaşa oynayırdı.
Doğrusu, buranın texniki təchizatı, sırf teatr üçün tikilmiş
və o vədə yenicə təmirdən çıxmış
«gənc tamaşaçılar»la yanaşı qoyula bilməzdi. Həmin vaxt burada işləyənlərin
halına acıdım.
Şəraitin tam teatr tələblərinə
cavab verməməyi bir yana, üstəlik
iyirmi ildən artıq müddətdə
onların binada qonaq qismində guşənişin olmalarına
acıdım. Sovetin əhvalının babat günlərində doğulan
teatr hansı səbəbdənsə yurdsuz-yuvasızıydı.
Düzdür, kollektiv
çölün düzündə
qalmamışdı, amma
özünü yerli-yataqlı
da hiss etmirdi.
Axı, hər dəqiqə ev sahibləriylə toqquşma
yaşana bilərdi. O
toqquşma ki, qırx illik tarixi ərzində teatrın başı az çəkməyib.
Aradan uzun illər
ötüb. Mən yenə həmin binadayam. Sumqayıtlıların
Səməd Vurğun
adına klub kimi tanıdığı,
keçən yüzilin
50-ci illər memarlığından
nişan verən binada. Şəhərin sarmaşıqdan don geymiş icra hakimiyyəti binasıyla üzbəüzdəki sənət
ocağında. Qırx
ildən sonra bina teatra verilib.
Açığı, neçə-neçə
tanıdığım, ünsiyyət
qurduğum sənət
dostumun çalışdığı
kollektivin, nəhayət
ki, doğma ocaqlarının olmasına
sevinirəm. Bu münasibətlə direktor
Mehman Şükürova,
baş rejissor Firudin Məhərrəmliyə
göz aydınlığı
verib, iş-gücləriylə
maraqlanıram. Mehman bəy «bina qalmaqalından sonra az qala xəstəlik
tapmışam, indii-indi
özümə gəlirəm»
deməklə canını
qurtarır. Yaxası ələ keçənsə
on iki ildən
bəri baş rejissorluq yükünü
çiyninə götürən
Firudin Məhərrəmovdu.
O, iş-gücdən ürəklə
söhbət açır:
- Gördüyünüz kimi
iş başındayıq.
Məşqlərimiz gedir.
Yaxın günlərdə
inşallah, mövsümü
açacağıq. Yubanmağımızın
səbəbi binayla bağlıdı. Kimyaçılar
(binanın keçmiş
sahibi «Azərkimya» Dövlət Şirkəti
nəzərdə tutulur
- S. E.) gedəndən sonra
bura əl gəzdirmək lazım gəldi. Buna görə işimiz ləngidi. İnşallah,
bundan sonra hər şey yaxşı olacaq. Kollektivin əhval-ruhiyyəsi
yaxşıdı. Bilirsiz,
elə psixoloji məqam var ki, çox şeyi dəyişir. Bax, biz hər
birimiz bu saat belə vəziyyətdə köklənmişik.
Aktyorlarımızın inam
hissi yüksəlib. Həm ötən il qırx illik
yubileyimizə verilən
diqqətə, həm
də bu il bina problemimizin
həllinə görə.
Əlbəttə, sənət
adamları həmişə
daha çox umurlar, bunu danmaq
mümkün deyil. Bizimkilər də həmkarlarından geri qalmır.
- Bu gün
teatrın mətbəxində
bişənlərdən danışaq.
- Repertuar
sarıdan zənnimcə,
vəziyyət pis deyil. Düzdü, baş rejissor kimi mənim özümüzü tərifləməyim yaxşı
çıxmır.
Amma hər halda tamaşalarımızı izləyənlərin
rəyinə əsaslanaraq,
nikbin danışa bilərəm. Hazırda repertuarda yerli və xarici dramaturqların iyirmi bir əsəri tamaşaya hazırlanıb.
Cəlil Məmmədquluzadənin
«Anamın kitabı», Çingiz Aytmatovun «Ümid sahili», Əbdürrəhim bəy
Haqverdiyevin «Şah», Georgi Xuqayevin «Bir köpək balığı», Abdulla Şaiqin «Qaraca qız», Con Qolsuorsinin «Birincilər və sonuncular», Əli Əmirlinin «Varlı qadın», Yusif Əzimzadənin «Nəsrəddin»,
Firuz Mustafanın «Qarışqa tələsi»,
Aqşin Babayevin «Xilaskar» əsərinin tamaşalarını misal
çəkə bilərəm.
Quruluşların bir qismi mənə, bir qismi Vasif
Məmmədova, Namis Şirməmmədova və
başqalarına məxsusdu.
Əgər fikir verdinizsə, biz bütün
tamaşaçı auditoriyasını
nəzərə almağa
çalışırıq. Ona görə də həm böyüklərin zövqünə,
həm də uşaqlara uyğun əsərlər seçirik.
- Yaradıcılıq
imkanlarını üzə
çıxarmaq, tanınmaq,
maddi baxımdan qazanmaq sarıdan aktyorların vəziyyəti
necədir?
- Aktyorun
potensialını tam göstərməsi
üçün yalnız
bir yerdə çalışmaq kifayət
eləmir. Əvvəla,
hamının istedadını
cilalayan, yaradıcılıq
baxımından sözünü
deməyə şərait
yaradan əsərlərin
tamaşaya qoyulması
çətin məsələdi.
Hansı ki, o vəzifə bizim üzərimizə düşmüş
hesab olunur. Amma digər məsələ teatrlıq
deyil artıq. Bu mühit, geniş əlaqələr tələb
edir. Aktyor nə vaxt tanınır:
filmə çəkiləndə,
efirdə görünəndə,
səsi dublyajdan gələndə və sair. İndi görək bizdə vəziyyət necədi?
Hara gedə bilir aktyorlarımız? Kino, televiziya,
dublyaj burdakılardan uzaqdı. İstedadın səbəbindən yox ha,
məkan məsələsinə
görə.
- Bakının
bir addımlığında
olsanız da,sənət
layihələrinə düşə
bilmirsiniz.
- Bakıda
aparılan incəsənət
layihələrinə düşə
bilmirik. Bayaq dediyim kimi aktyor
hara getsin, necə eləsin. O köhnədənqalma mərəzdən
qurtula bilmirik ki, bilmirik. Bakıda
rejissorlar başını
qaldırıb yan-yörələrinə
baxmırlar. Baxsalar nəinki Sumqayıtda, Şəkidə, Gəncədə,
Naxçıvanda, Lənkəranda
da istedadlı sənətkarları görərlər,
onlardan istifadə edərlər. Düzdü,
keçmişdə və
indi Bakıdan kənardakı teatrların
aktyorlarının yaradıcılığından
yararlanma faktları var, bunu dana
bilmərəm. Bununla
belə təəssüflənirəm.
Bu faktların azlığına
görə. Hələ
üstəlik, təltif
məsələsinə çatanda
da bəxti gətirməyən məhz
siz dediyiniz əyalət yarlığına
tuş gələnlərdi.
Doğrudu, teatrın qırx illik yubileyində diqqətdən
kənarda qaldıq demək haqsızlıq olardı. Amma yalnız yubileydən-yubileyə
yada düşmək azlıq edir. On illərlə zəhməti
olanlar belə münasibətdən inciyirlər.
1968-ci il martın 12-də
Azərbaycan hökumətinin qərarıyla yaradılan, bir
il sonra martın 14-də «Müsyö Jordan və dərviş
Məstəli şah» komediyasıyla pərdələrini
açan teatrda vaxtiləsə kimlər
çalışmayıb. Dünyasını dəyişmiş
görkəmli sənətkarlar - Rza Əfqanlı, Barat Şəkinskaya,
Nəsir Sadıqzadə, Əlağa Ağayev, Salman
Dadaşovdan tutmuş bu günün tanınmış səhnə
xadimləri Ağakişi Kazımov, Afaq Bəşirqızı,
Cənnət Səlimova, Mərahim Fərzəlibəyov,
Hacı İsmayılov, Ramiz Novruz, Oruc Qurbanov, Kübrabəyim
Əliyeva, Sabir Məmmədov, Tofiq Hüseynov, Kazım Abdullayev
və başqalarının yolu burdan keçib.
Seymur Elsevər
Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 14.