Naxçıvan kinosaxlanc yeri - mənəvi sərvətimiz
Naxçıvan şəhərini
bu gün tanımaq olmur. İldən-ilə gözəlləşən və
böyüyən bu şəhərə hər
dəfə yolum düşəndə bir çox yeniliklərin şahidi oluram. Belə yeniliklərdən
biri də Naxçıvan Muxtar Respublikası Dövlət
Film Fondunun yeni binaya köçməsidir.
Şəhərin mərkəzində
yerləşən Naxçıvan MR Dövlət Film Fondunun
yeni binasında 6000 film saxlamaq imkanı var.
Binaya daxil olarkən ilk
dəfə diqqətimizi dəhlizdə divar boyu səliqə
ilə asılmış ekspozisiyalar cəlb edir. Birinci
ekspozisiya «Azərbaycan kinosu: 1898-2009-cu illər» adlanır.
Burada 111 il ərzində ölkəmizdə çəkilmiş
filmlərdən fotoşəkillər xronoloji
ardıcıllıqla öz əksini tapmışdır. İkinci
ekspozisiya «Azərbaycanın kino sənətkarları»
adlanır. Bu ekspozisiyada milli kinomuzun əsasını
qoymuş sənətkarlardan tutmuş orta və gənc nəslin
nümayəndələrinin portretlərini görmək olar. Üçüncü
ekspozisiyanı isə Naxçıvanda doğulmuş kino sənətkarlarımızın
fotoşəkilləri bəzəyir.
Film fondunun direktoru, Azərbaycanın
əməkdar mədəniyyət işçisi, kino
veteranı Əbülfəz Məmmədovla
görüşürük. 47 ildən artıq kino sahəsində
yorulmadan çalışan Əbülfəz müəllim
ölkəmizdə işgüzar, bacarıqlı təşkilatçı,
öz işini ürəkdən sevən kino işçisi
kimi tanınır. O, 1973-cü ildə Rostov Kino Texnikumunu,
1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan
Dövlət Pedaqoji İnstitutunu bitirmiş, ötən illər
ərzində kino sahəsində müxtəlif vəzifələrdə
çalışmışdır. Ondan Naxçıvan
Dövlət Film Fondu barədə danışmasını
xahiş edirik:
- Naxçıvan
Dövlət Film Fondu Naxçıvan MR Rayonlararası
Kinoprokat İdarəsinin bazasında Azərbaycan Dövlət
Film Fondunun Naxçıvan filialı kimi 2000-ci ildə
yaradılmışdır. Ölkə
başçısının sərəncamı ilə ona
arxiv statusu verilmişdir. 2006-cı ildən Naxçıvan MR
Mədəniyyət Nazirliyinin (indiki Naxçıvan MR Mədəniyyət
və Turizm Nazirliyi) müstəqil idarəsi kimi fəaliyyət
göstərir. 2009-cu ildə gördüyünüz bu yeni
binaya köçmüşük. Film fondu tamamilə yeni
avadanlıqlarla təchiz olunmuşdur.
Sonra Ə.Məmmədov
bizi fondun ayrı-ayrı iş otaqları, burada
çalışan adamlarla tanış edir:
- Heydər Əliyev
auditoriya otağı ümummilli liderimizin çoxşaxəli
fəaliyyətinə həsr olunmuşdur. Burada maraqlı sənəd
və fotolar, müxtəlif kitab və albomlar, 127 saatlıq
videokaset və DVD saxlanılır. Burada dahi rəhbərin incəsənət
ustaları, o cümlədən kinematoqrafçılarla
görüşlərini əks etdirən 100-dən artıq
fotoşəkil vardır. Buraya gələn
tamaşaçıların videokaset və DVD-dən istifadə
edə bilmələri üçün otaqda televizor da
qoyulmuşdur.
Kinozala daxil oluruq. 77
yerlik bu kinozalda hər cür formatda filmlər nümayiş
etdirmək mümkündür. Kinozal tikilərkən onun
akustikası da nəzərə alınmışdır.
Əbülfəz müəllim
bizi filmlər saxlanılan bokslardan birinə aparır. Onun
dediklərindən:
- Fondda 5 boksda 4257 adda
film saxlanılır. Bunlardan 81 bədii, 60 animasiya və 270 sənədli
Azərbaycan filmidir. 16 mm-lik 60 sənədli, 425 elmi-kütləvi
film də saxlanılır. Qalanları xarici bədii, animasiya
və sənədli filmlərdir. Azərbaycan filmlərinin
videokaset və DVD formatları da vardır.
Montajçı Rəna
Farayeva, həmişə olduğu kimi, bu gün də iş
başındadır. O, 35 ildir ki, çalışır, filmlərin
qorunub saxlanılması üçün əlindən gələni
əsirgəmir. Aparıcı mütəxəssis Səriyyə
Rüstəmovanın da iş stajı az deyil, 30 ildən
çoxdur. Mühasib Tahirə Bəhramova da burada 10 ildir ki,
çalışır. Onlar yeni binalarındakı iş
şəraitindən razılıqlarını bildirirlər:
«Burada işləmək üçün hər cür şərait
yaradılmışdır».
Ayrıca otaqda 35,16 və
8 mm formatında olan filmlərin birbaşa DVD və videokasetlərə
köçürülməsi üçün yeni
avadanlıq alınıb quraşdırılmışdır.
Hər dəfə lentlərdən istifadə etməmək
üçün bu üsulun çox böyük əhəmiyyəti
vardır. Bu iki ədəd kompyuter filmləri DVD və
videokasetlərdə montaj etmək üçündür.
Daha sonra film fondunun kitabxanası ilə tanış oluruq. Kitabxanada müxtəlif
sahənin, o cümlədən
kino sənətini əhatə edən kitablar vardır. Bundan başqa burada 100-dən artıq Azərbaycan filminin ssenarisinin, montaj vərəqəsinin,
filmin istehsalına aid
sənədlərin surətləri,
bədii filmlərə
aid 1000-dən artıq fotoşəkil
mühafizə olunur.
Film fondunun Kino muzeyi haqqında xüsusi danışmağa dəyər. Bu muzey fondun direktoru
Əbülfəz müəllimin
şəxsi təşəbbüsü
və səyi ilə yaradılmışdır.
Bu muzeydə nələr
yoxdur? Müxtəlif filmlərin çəkilişlərində
istifadə olunan libaslar, silahlar, məişət əşyaları,
musiqi alətləri və s. Maraqlı burasıdır ki, nümayiş etdirilən eksponat hansı filmdə istifadə olunubsa fotoşəkildə
təsdiqini tapır.
Burada nümayiş olunan ekspozisiya olduqca maraqlıdır. Misal
üçün, «Arşın
mal alan» filmində Əsgərin qulaq asdığı qrammofon,
«O olmasın, bu olsun» kinokomediyasındakı
hambalın palanı,
«Babək» filmində istifadə olunmuş qılınc və qalxan, «Dəli Kür»dəki Cahandar ağanın yapıncısı, «Bir qalanın sirri» filmindəki mücrü,
«Sehrli xalat»dakı pioner paltarı, «Qanun naminə» filminin çəkilişində istifadə
olunan musiqi alətləri, «Sizi dünyalar qədər sevirdim» filmində əsgərin geyindiyi tankçı papağı
və s. görmək
olar.
Burda biz köhnə tanışımız,
hazırda film fondunda kinomexanik işləyən
Abbas Novruzovla da görüşürük. Yaşı
çox olsa da, cavan və
gümrah görünən
Abbas kişi
Bakıdakı 5 saylı
Texniki Peşə Məktəbini bitirmişdir.
Kino sistemində 1961-ci ildən işləyir.
Əvvəllər o Naxçıvan MR Rayonlararası Kinoprokat İdarəsində fəhlə,
texniki müfəttiş
və mühəndis vəzifələrində çalışmışdır.
Naxçıvan MR Dövlət Film Fondu müstəqil Azərbaycanın
yetirməsidir. Milli mənəvi sərvətimiz
olan filmlərimiz burada çalışan kiçik, lakin mehriban ailəni xatırladan kollektivin birgə səyi nəticəsində bərpa
olunur, qorunub saxlanılır. Kollektiv fondu
müasir tələblər
səviyyəsində qurmaq
üçün əlindən
gələni əsirgəmir.
Naxçıvanda olduğumuz bir
neçə gün ərzində biz bu qənaətə gəldik.
Bakıya qayıtmazdan
əvvəl adı müqəddəs Qurani-Kərimdə
çəkilən Əshabi-Kəhfi,
sevimli ədiblərimiz
Hüseyn Cavidin, Mirzə Cəlilin ev-muzeyini və Möminə Xatun məqbərəsini ziyarət
etdik. Qədim və həmişəcavan
Naxçıvan torpağından
bir daha bu yerlərə qayıtmaq ümidi ilə xoş əhval-ruhiyyə ilə ayrıldıq.
Aydın KAZIMZADƏ
Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 11.