Dənizin torpağı öpdüyü gecə

 

Qara tırtılların tapdağında xıncım-xıncım əzilən taleyimiz Gün. "Böyük qardaş" deyibən qədəmlərini quru yerə qoymağa qıymadığımız kökü bixəbərlər qırmızı rəngli qan xalısına ayaq basdılar. Gecə güllələrin ulduza bənzər yağışından işıq rəngində örtüklüydü: pərdənin o üzündə arzusu gözündə qalan yeniyetmələrin, gənclərin qara gülləbaranı rəngsizləşdirmişdi dünyanın ədalətsiz sifətini. Səs-küydən uzaq evlərin ocağına su çilənmişdi o gecə. Silahdan gücsüzlər hədəfdən xəbər-ətərsizdi. Qışın soyuq nəfəsi insan qanının isti küləyinə qızınmışdı. Gözü xəncərlə oyulası tarix parçası - 20 Yanvar.

 

Asfaltın xırda çınqıl daşından tutmuş özünümüdafiəyə toplanmış ortabab kəsəklərinəcən haray zəkən vətən torpağı- dillənməyə məcbur edilən lal varlıq. Damar-damar göylərdən tökülən buzlu qan seli Tanrının etirazıydı insan azğınlığına. Şaxtanın vurduğu yarımçıq ömürlər küçələrin ortasında qan içində sərili. Hərəsi bir ananın isti qucağında əzizlənmiş göz nuru. Ölümün doğma qardaş kimi qol-boyun olduğu yarımçıq taleli cavanlar. Hələ hədyanlardan çılğınlaşıb dəli qəhqəhə çəkən dənizin ağuşuna tökülən, ağzı açıq balıqlara yem olanları demirəm, ağısı-laylası gəmilərin tükürpədən fitində bərqərar talesizləri, "onlar bizə güllə atmazlar" fitvasına həqiqət deyib əl çalan qurbanları. Şəhərin paytaxt ola bilmə sualının cavabını canla verən muradsızlar.

20 Yanvar! Yumurta sarısı qədər ayparanın işığından gözü nəmlənən gecə. Ürəyinin yerinə daş asılanlara hayqırtı. Başçısı yerində kölgəyə dönən məmləkətin al qanına bələnmiş xəritəsi. Günahlara, zəncirlərə, mütiliyə çarpılan birləşmiş yumruq. Qovulmuş azadlığı qətrə-qətrə qazanmağa iddialı oğulların süngüyə sinədən çəkdiyi sipər gecə. Dalğaları zülmət rəngli dənizin meyit qoxan sularında qayıqsız-gəmisiz üzən dağ boyda qəhər. Uduzulmuş ömürləri boyunduruğuna ram edən ölçüsüz məhkumluq. Bağçaları, tarlaları zəhərlə suvarıb ölümü reallaşdıran, əvəzində qırmızı-qırmızı bayraqları təntənə ilə təqdim eləyən sovet fenomeni canı bahasına kətan parçası qazanmış azərbaycanlıya çevirdiyi silah-mükafatın adıdı 20 Yanvar. Neftimizin istisinə halal dədə malı kimi qızınanlar tüstüsüylə kor etdilər özümüzü. Yer üzündən təcrid olunmuş Bakı adlı müstəvinin parçalanmış cəsədidi 20 Yanvar. 70 il əvvəlki babasının heykəli yapılmış meydanı tankının tapdağı edən yarırus, yarı bilinməzlər ətdən hörülmüş hasarı aşa bilsələr , zirehin gücünə əzilən mənliklərin patriotluğundan ürkdülər. O yerdə ki, hökumət- millət ayrılığı başlayırdı, o yerdən sancdılar qılınclarını. Ertəsi gün şəhər başdan-başa al-əlvan təpəciklərlə büründü, qan gölməçələri qərənfillərlə örtüldü. qalaq-qalaq səpələnmiş qərənfil təpələrilə. O zamanacan gənclərin sevgi izharı, şənliklərin pozulmaz atributuydu qərənfil. O gündən bu günəcən heç kəs şad günündə əlinə qərənfil almır, ala bilmir. Qərənfil hüzn rəmzi, qəm yoldaşıdır. Adına özgə çiçəklərin həsəd aparacağı sayda şeirlər yazılıb, nəğmələr bəstələnib. Qərənfil şəhidlərin alnına yazılan yazıdır, bağrı həsrətdən cadar-cadar olmuş torpağın itirilmiş balası, göz dağıdır. Onu min bir əziyyətlə becərənlərin umacaqsız ərməğanıdır toysuz-büsatsız köçünü işıqlı dünyadan çəkən şəhidlərə.Qərənfil gedənlərin ardınca dikilən gözlərın yaşı, "azadlıq" çağıran dillərin son nidasıdır.

Yaranışdan bəri ilk dəfə idi ki, dənizlə torpaq qovuşmuşdu o gecə, kədərləri biriydi, ağrıları eyniydi, silahlı düşmənlə əliyalın qarşılaşan balaların başı torpağın, qolu dənizin sinəsindəydi. Analar su ilə torpağın arasında od tutub yanırdılar- kimi müqəssir tutacaqlarını bilmədən.

Düz iyirmi il bundan əqdəm baş vermişdi o məşum faciə. yaxşı ki, bu vaxtacan unutmamağı bacarmışıq. İki yüz il sonra yaddaşımızın hansı guşəsindəsə 20 Yanvar adlı tarixin qalacağından bir tək Allah xəbərdardır.

Müstəqillik adlanan rəngsiz, qoxusuz, amma bal dadan nemətin tamını bilən gündən bu yana çox qanların üstü örtülüb. Siyasi qiymətini almayan onlarla qanlı əməldən biridi 20 Yanvar. Hər il anılır, hər il izdiham yeriyir Şəhidlər Xiyabanına - heç bir təhriksiz, zor-gücsüz. Bəlkə , millət olaraq birgəlik nümayiş etdirə biləcəyimiz yeganə gün vahid məsələdir 20 Yanvar qırğını. Mənim bu fikrimlə çoxları razılaşar ki, azərbaycanlıların əsl həmrəylik günü elə 20 Yanvardır. Özümüzə qayıdış günümüz , köləlikdən qurtuluş günümüz elə 20 Yanvardır. O tarixin, bizim unutmağa haqqımız olmayan bir gündür.

 

 

Samirə Səma

 

Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 8.