O gecəyə
şifahi məktub...
20 il əvvəlin
20 Yanvarı...
Adətən, illəri
«quş qanadlı» deyə təşbeh edirik. Milli yaddaşımızın ən
yanıqlı olayı
olan o tarixçədən
- «20 Yanvar»dan bəri isə illər «qış qanadlı» kimi keçir ömrümüzdən.
Ancaq o qanlı
tarixçə bizi şanlı tariximizə -
müstəqillik tariximizə
yaxınlaşdıran ən
iri, ən diri bir addım
oldu. 20 ildir ki, bu barədə
hamı düşünür,
hamı yazır, hamı danışır.
Bu haqda dünən Azərbaycan radiosu daha çox
danışdı və
biz o verilişlərdən
birini yazıya alıb dərc etdik.
Bu «məktub»u yalnız
elə eşitməklə
kifayətlənmə, əziz
dinləyicim, hörmətli
həmvətənlim. Eşitdiklərinə baxmağa
da çalış, dinlədiklərini görməyə
də cəhd elə. Bu, «tapşırıq» deyil. «Göstəriş» də deyil. Bu, qəribə
bir istəkdir, özü də 20 yaşadək olanlara aiddir. Nədən ki, mən gördüklərimi
20 yaşından o yana hamı görüb, bu yana isə heç
kəs görməyib...
Bəli, heç də
təəccüblənməyin ki, mən 20 il qabaq baş
vermiş o müsibətin şahidliyində o vaxtın
uşaqlarını, körpələrini, hətta hələ
“ana bətni” vətənində olanları belə istisna etmirəm.
Bəli, bəli, o Gecənin dəhşət payından həmin
vaxt hələ ana bətnində olanlar da
dadmışdılar və mən bir az da onların xatirinə
bu radio-söhbətimi “şifahi məktub”
adlandırıram...
Mən ötən həftənin
sonunda ağlıma gələn bu süjet-söhbəti -
«şifahi məktub»u arxayınca lentə də ala bilərdim
və indi operatorumuzun bir düyməbasımı ilə sizlərə
çatdırardıq. Ancaq bu gün 20 yaşı tamam olan o
qara Gecə, o yara Gecə, o dinsiz, imansız, qansız Gecə
elə qanlı idi ki, onu efirə yalnız canlı vermək qərarına
gəldim. O gurultu-guppultulu, ölüm-itimli,
ağrı-iniltili Gecəni sər-səliqəli,
ütülü-qutulu lent yazısında təqdim etməyi rəva
bilmədim...
Budur, divarlarına həmin
müdhiş Gecənin də təlaş səsləri,
hüzn və səksəkə sədaları hopmuş
studiyamızda mənəm, qarşımdakı səskeçirməz
lay şüşənin o tərəfində isə redaktor,
rejissor və operatorumuz. Canlı yayım nə qədər
çətin olsa da, onlar da bu işə ürəklə qol
qoydular. Dedik, qoy lap hərdən texniki qüsur da olsun, musiqi
keçidlərində yubanma, yanlış-yanılmalar da
olsun, təki o Gecənin bir parçasını canlı
canlandıra bilək...
Rejissorumuz Anar Məmmədovdan
xahiş etmişdim ki, mənim səsimdə-sözümdəki
hüzn-kədər sovuşanadək fonda şaqraq musiqi
versin. O Gecənin canlı hərb “simfoniyası”nın
acığına, Fikrət Əmirovun «Azərbaycan
kapriççiosu»nu səsləndirsin. O isə mənə
demişdi səs-sözümün kədər-minoru qurtaran
kimi, işarə edim ki, o da işini bilsin, öz
rejissurasına başlasın. Hə, indi mən işarə
edirəm, Anar isə öz yaradıcı fantaziyasına
uyğun səs-fon düzəninə başlayır...
Aha, eşitdiyiniz kimi,
Anar fonda sözü avtomat, pulemyot, tank-top səslərinə
verir.
“Salam, o vaxtlar yalnız
müsibət, məşəqqət
adlandırdığımız Gecə! Zülmətindən zülm
tökülən, ciknəsindən
qulaq tutulan vəhşi Gecə! Yuxusuz, sükutsuz, sevgisiz, toysuz, musiqisiz, yaradıcılıqsız,
mədəniyyətsiz Gecə!
Qan yaddaşını,
qanlı yaddaşını,
bütün bəşəri
dəyərlərə yadlaşmış
yaddaşını oyat,
beş-on sözüm
var Sənə...
Mənim qanlı
və şanlı Gecəm, yadındamı,
«qəhrəman sovet ordumuz»un saldatları Biləcəridən «Şamaxı
yolu»na qalxarkən
çəkmələrini... yox, «çəkmə» sözü incə-mincə
səslənir, sapoqlarını
(!) necə taqqıldadırdılar
asfalt üstündə?!
O vaxtacan «Şamaxinka»
dediyimiz o «Şamaxı
yolu»na çatanda
onların qarşısına
əliyalın çıxan
gənclərə xəbərdarlıq
etmədən necə
atəş açmaları
yadındamı? Qaçıb
ağaclar arxasında
daldalanmaq istəyən
bir yeniyetmə oğlanın qarasına bütöv bir avtomat darağı boşaldıb, dəlmə-deşik
etmələri yadındamı,
20 il bundan əvvəlin «20» damğalı
Yanvar Gecəsi?!.
«XI Qızıl
Ordu»... ( “Qızıl”a
bax, a! Özləri qırmızı ordu - «krasnoe armiya» deyirdilər, biz isə qızıl (!) ordu! Hə, «XI Qızıl Ordu” meydanında «təcili yardım» maşınından düşüb,
yerdə çapalayan
nəhəng gövdəli
bir cavana yaxınlaşan şəfqət
bacısının böyür-başına
güllə yağışı
yağdıraraq, o zəif
qızcığazı, o vətənpərvər
xanımı necə yağır-bağır etdiklərini
necə, unutmamısan?
Sübh tezdən
prezident aparatı qarşısına toplaşan xalqın
üstünə şığıyan BTR-in qabağına
atılan bir gənci filarmoniyanın qarşısıyla necə
sürütlədikləri necə, yaddaşında yer
alıbmı?
Dəmir yol
vağzalında gecələmiş bir gülsatan
oğlanın asfalt üstündə qərənfillərlə
«Elnən gələn vay” sözlərini necə yazması,
güllələndiyinə görə fikrini tamamlayıb
«toy-bayramdır» yaza bilməməsi gözlərin
önündən getməyib ki?.. O bir əsər, bir dram idi, tragediya Gecəm! Xalqı ruhdan düşməməyə
çağıran meydan
epopeyası idi o!..
Əvvəlki bir çox «həmkarlarını»
da xatırla, müdhiş və mübarək Gecə! Səndən düz 70 il əvvəl «parlaq» süngülərlə
Bakıya soxulan «XI qırmızı ordu»lu zireh-qatarını xatırla. Cəllad qələmindən çıxmış
«37»li, «ÇK»lı,
«NKVD»li sibirləri xatırla. Cavidləri, Müşfiqləri aparan gecələri, gündüzləri,
axşamları, səhərləri,
vaxt-bivaxtları yada sal, mənhusTiranlıq və möhtərəm Azadlıq Gecəsi!..
O illərin
qırmızı şüarlarından
kor, həmin saatların güllə-baranlarından
kar olan Gecə! Qulağını
bəri elə, mənim də beş-üç şüarım
var, bir Vətənlik faciəmizə
bir bəndəlik öygüm var...
Hə, lap yerinə
düşdü - yenə
«Azərbaycan kapriççiosu»su gurladı! Təşəkkür, Anar!
... Gün
aydın, güllə
çil-çırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında, buz qoynunda elədən-belə,
belədən-elə çovuyan
o işıldaquş, o bayquş
güllələr olmasaydı,
bu xalq ayağa
daha cəsarətlə
qalxmaz, əsarətdən
qurtulmazdı. Heç
mən özüm də - bu bir
sözü ağlar, bir sözü gülər söhbətimlə
heç bir senzordan, heç bir redaktordan keçib, efirə çıxa bilməzdim!
Salam, öncəsi
yaralı, nəticəsi istiqlallı Gecə! İllər uzunu sinəni istehsalat orden-medalları ilə bəzəyən sovetlər
mərkəzi o gecə
o əlvan metalları
al-qırmızı qurşunlara
çevirib, səhərə
qədər bu xalqın üstünə
çilədi. Amma itirən o oldu - məsafəcə uzaq, «qardaşlıqca» «yaxın»
Mərkəz oldu. Qazanan isə bu «ucqar» - Azərbaycan
oldu.
Sən ən böyük bir milli dövran idin, ey bir
anlıq 20 Yanvar Gecəsi! Pəpə yeyəndən, məmə
deyənə qədər
hamı əzəmətli
«Müstəqillik Simfoniyası»nın ifaçılarına
çevrildi Səndə.
Sürücülər maşınlarını
zirehli qan-qadalar üstünə sürürdü.
Təbiblər xalqın
həbibinə çevrilmişdi.
Şəfqət bacıları
«Aslanın erkəyi, dişisi olmaz» zərb-məsəlinin mülki-hərbi
abidəsini yaratdılar.
Hətta oğrular, cibgirlər belə, sənin qırxın, bəlkə də ilin çıxanadək əllərini dinc qoyub, mayalarından yedilər.
Sən ən maarifçi, ən maarifpərvər gecə idin, Universitet Gecə! Sən uzun illərin semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu tələbə
xalqı əsl dövlət imtahanına çəkdin. Milli dövlət imtahanına çəkdiyin bu tələbə-xalq 1991-ci ilin
18 oktyabrında - əsasən
sənin hesabına - əla qiymət, ali qiymət alaraq, bütün universitetlərin fövqündə
dayanan Müstəqil Milli Şərəf Universitetini bitirib, «öz əli, öz başı» dövranına qədəm
qoydu.
Sən ən dini, ən
mömin, şəhid-şühəda, qazi-mücahid
meydanı idin, Tanrısal Gecə! Məlum və «məşhur» allahsızlıq
dövranının təbliğatına
uyanlar belə, sənin o zülüm-zülmət
qaranlığında əllərini
göylərə qaldırıb
dua etdilər, millətə nicat dilədilər. Süfrələri
həftələr-aylarla ət
görməyənlər xeyir
işlər üçün
saxladıqları toy toğlularını
belə kəsib, sənin mübarək şəhidlərinin ruhuna
ehsanlar verdilər...
Sən həm də bizim ən
siyasi-elitar anımız
idin, ictimai anlaq Gecəsi! Bütöv bir millətin açıq havada toplanmış Milli Məclisi idin. Hər kəs özlüyündə
bir millət vəkili idi. Hər kəs öz qafasında, düşüncəsində qərarlar
qəbul edir, öz ürəyində, qəlbində onların icrasına başlayırdı.
Bu təbii, bu özəl-doğal milli məclis o dövrün, o
illərin rəsmi milli məclisindən - Ali
Sovetindən daha qeyrətli mövqe tutmuşdu. Bu «şifahi-məktub»umun milli-müqəddəs
ab-havasına xələl
gətirmək istəmirəm,
yoxsa həmin günün səhərisi
bu qan-qadaya siyasi qiymət vermək üçün
güc-bəla ilə
parlament binasına toplandırılmış... bəli,
bəli, toplanmış
yox, toplandırılmış
deputatların xalqı
qapıdan itələyərək
çıxıb qaçmaq
cəhdlərindən də
bir-iki kəlmə deyərdim. O olay haqda - dar gündə
millətini qoyub qaçan millət «vəkilləri»nin «marafon»unun qarşısını
necə kəsmələri
barədə radiomuzun
busaatkı rəhbərindən
müsahibə alıb
bu söhbətimə
daxil etmək fikrində idim. O isə mənə bircə cümləlik - özü də mikrofonsuz - musahibə verdi. Dedi ki,
bizim nəsil bu barədə çox yazıb, çox danışıb,
indi siz cavanlar yazın, siz gənclər danışın.
...Belə.
Əvvəli qaranlıq,
sonu işıqlı Gecəmiz! Sözüm burda bitdi. Adətən,
məktuba cavab gözlənər, amma narahat olma, mənim
Milli Gecəm! Sən bu cavabı
çoxdan veribsən.
İstiqlal mayalı, müstəqil sayalı cavabı. «Mən müstəqil ölkə
vətəndaşıyam!» qürurumuzdan, çil-çiraqlı
paytaxtımızdan, çiçəklənən
Azərbaycanımızdan ibarət
bir cavab...
Üzeyir Abbas
Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 6.