Qəhrəmanlıq yolu

 

Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarovun həyatı gənclər üçün örnəkdir

 

«Milli Qəhrəman» qəzeti və C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə təşkilatçılığı ilə kitabxananın akt zalında Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarovun xatirəsinə həsr edilmiş geniş tədbir keçirilib. Tədbirdə şəhid milli qəhrəman ailələri, Elxan Zülfüqarovun ailə üzvləri və yaxın qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə C.Cabbarlı adına kitabxananın direktoru Tahir Sadıqov açıb. O, çıxışında xarici havadarlarından dəstək alaraq Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş erməni təcavüzkarlarını pisləyib.

«Milli Qəhrəman» qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə Elxan Zülfüqarovun döyüş yolu, igidliyi, cəsurluğu haqqında məlumat verərək, onun əsl vətənpərvər olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb: «Azərbaycan xalqı Qarabağ müharibəsi dövründə 22 mindən artıq şəhid verib, 40 mindən artıq insan əlil və şikəst olub, fiziki sağlamlığını itirib. Bu gün əsir girovluqda olan vətəndaşlarımız var. Elxan da vətən uğrunda, torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyi uğrunda canını qurban verərək, igidlik, kişilik, qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinə ucalıb. O, bugünkü gənclərimizə örnək olan bir həyat yolu, qəhrəmanlıq yolu keçdi. Bu gün Azərbaycan cəmiyyətində Elxanlar, Fazillər, Asiflər, Cavanşirlər var. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının dediyi kimi, işğalçı Ermənistanla sülh danışıqları bir nəticə verməzsə, biz öz torpaqlarımızı hərb yolu ilə düşməndən azad edəcəyik».

Döyüş yoldaşı Rafiz Kərimov Elxanla bağlı xatirələrini danışıb: «1994-cü il yanvarın 5-də dəstə xüsusi tapşırıq aldı. Düşmən işğal etdiyi Horadiz qəsəbəsində mövqeyini möhkəmləndirmək üçün Hadrutdan böyük miqdarda canlı qüvvə texnikasını Alıxanlı Şükürbəyli kəndlərindən keçməklə Horadizə göndərməyi qət etmişdi. Həmin karvanın hərəkətini pozmaq, Horadiz əməliyyatının uğurlu olmasını təmin etmək məqsədini qarşımıza qoyduq. Elxan onun dəstəsi yaxşı bilirdi ki, Horadiz qəsəbəsi çox vacib strateji əhəmiyyət kəsb edir. Nəyin bahasına olursa-olsun, Horadizə gedən erməni karvanı pərən-pərən salınmalıdır. Düşmən qüvvələri həm canlı qüvvə, həm hərbi texnika cəhətdən bizdən üstün, vəziyyət olduqca təhlükəli idi.

Düşmən texnikasının keçəcəyi ərazi vaxtında minalandı. Elxan dəstənin bir hissəsini düşmən arxasına keçirdi. Bu çox riskli təhlükəli addım idi. Minalanmış ərazidən keçən düşmən texnikası güclü partlayışa məruz qaldı. Əlverişli mövqe seçən kəşfiyyatçılar arxadan düşmənə zərbə endirdilər. Ermənilər çaş-baş qalaraq vahiməyə düşdülər. Texnikanın çox hissəsi məhv edildi. Düşmən qüvvələrinin cüzi bir hissəsi Horadizə çatdı. Oraya çatan qüvvələr isə Milli Ordumuzun əsgərləri tərəfindən darmadağın edildi. Bu döyüşdə Elxan on bir döyüşçümüz qəhrəmancasına həlak oldu».

Elxanın cəbhə yoldaşlarından Xalid Balakişiyev, Hafiz Yusifov qəhrəmanla bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarovun həyat yoldaşı Lyudmila Zülfüqarova çıxış edərək təşkilatçılara və iştirakçılara ailəsi və yaxınları adından minnətdarlığını bildirib.

 

 

Naim VƏLİYEV

 

Mədəniyyət.- 2010.- 20 yanvar.- S. 3.