“Sən adını qoru - ömür Allahındır”
Akif Məhərrəmovun
qəfləti ölümünə
heç kim
inanmadı. Çünki
onu tanıyan hər kəs Akifi ölümdən güclü hesab edirdi. Ölümdən güclü olanın ölümünə inanmazlar
axı! Heç inanmırıq da. Amma fiziki yoxluğu
bütün xülyaları
divara qısıb, hər gün dağ çəkir adama. O, daha yoxdu. Nə evdə-eşikdə, nə
ofisdə - heç tərəfdə gözlərimiz
onu görmür. Toy-düyünlü yığnaqlarda, dostların, qohumların, iş adamlarının əhatəsində ona məxsus koloritli, haylı-haraylı, ötkəm,
amiranə söz-söhbətləri,
hayqırtıları, şaqqanaxlı
gülüşləri, bahar
şimşəkləri kimi
tez guruldayıb, tez də ötən
hirsi-hikkəsi yoxdu daha. Harada olursa olsun, həmin anda nəzər-diqqət mərkəzinə
yönələn, ünsiyyətin
aparıcı tərəfinə
çevrilən qeyri-adi,
fenomen şəxsiyyətin
- ünlü iş adamının, gözəl
şairin, təmənnasız
səxa sahibi mükəmməl insanın
yeri görünür.
Və bu boşluq onu tanıyanları göyüm-göyüm
göynədir. Uzun müddət, yəqin ki, elə ömrümüz
sanı bu göynərtidən qurtulmaq
olmayacaq. Nədən ki, artıq bir ilə yaxın
zaman ərzində istəsək də, istəməsək də için-için etiraf etmək zorundayıq: ey gidi dünya,
Akif də ölərmiş!.. Hanı
o günlər ki, bir də
görəsən gecəyarı
210 31 00-dan zəng gələ,
ürəyinə yatan
təptəzə şeirini
şövq ilə oxuya: “hə, şair, necədi, nətəəri demişəm?”-deyə!
Ölümündən on ay sonra, yanvarın 26-da 55 yaşı tamam olur. Arzularımız varıydı. Ancaq sən saydığını say... Akifin qoşa
“5”-lərini özünə verə bilmədik. Ruhuyla danışıb, ona ərməğan edirik.
Bir də təzə kitabına baxıb, az
da olsa təskinlik
tapırıq. Bu günlərdə «Azərbaycan»
nəşriyyatının qrifiylə
İstanbulda, İMAK OFSET-də
çox yüksək
tərtibatla və keyfiyyətlə çapdan
çıxan, özünün
dillər əzbəri
olan “Sən adını qoru - ömür Allahındır”
deyimi ilə adlanan kitabı artıq əlimizdədi.
Əvəzsiz poliqrafiya nümunəsi
olan bu kitabda
Akif Məhərrəmovun,
demək olar ki, bütün yaradıcılığı toplanıb.
Təəssüflər olsun ki, özü görmədi bu mübarək kitabı. Nə bilim, kaş deyilənlər düz olaydı, heç olmasa, ruh deyilən
doğrudan da var olaydı, diri olaydı, kitabı görüb bəyənəydi, gəlib
yuxumuza girəydi, “sağ ol” deyəydi!
Elə sevinərdim ki...
Kitabın araya-ərsəyə gəlməsində
heç nə əsirgəmədən, sonsuz
sevgilərlə etdiklərinə
görə şairin ailəsinə, xüsusilə,
şeirə, ədəbiyyata
daha yaxın olan Elçinə kitabın redaktoru kimi, atasının könül dostu kimi öz minnətdarlığımı
bildirirəm. Bir də «Azərbaycan» nəşriyyatının direktor
müavini Allahverdi Məmmədova, türkiyəli
həmkarlarımıza “çox
sağ olun”
deyirəm.
Mərhum şair dostumun ofisindəki arxivindən kitab çıxandan sonra bir neçə
bütöv və xeyli yarımçıq şeirləri, aforizmləri
tapıldı. Akif Məhərrəmovun yaşamını görənlar
yaxşı bilirlər.
O, eyni zamanda bir-birindən fərqli, təzadlı iki ömrü - qayğılı
iş adamı, sahibkar ömrünü və azad şair
ömrünü yaşayırdı.
Və hər dəfə də birindən o birinə köklənmək,
bir səmtdən o birinə yönəlmək
lazım gəlirdi.
Müxtəlif səbəblərdən onun xeyli şeiri
yarımçıq qalıb.
Əlyazmaların taleyi elə
belə olur.
Həmin yarımçıq şeirlərin
bir qismini olduğu kimi təqdim edirəm. Ola da bilər ki, A. Məhərrəmov bu yazıları tamamlamağı,
ya da üzə
çıxarmağı lazım
bilməyib. Ancaq
bu misralar onun könlündən və əlindən keçdiyi üçün,
hər necə olsa da, diqqətinizə
çatdırmaq niyyətində
bulundum...
...O dünyan
da bu dünyan
kimi nurlu olsun, Akif!
Balaların torpağın sanı
yaşasın.
55-in mübarək!
Rəfail İNCƏYURD
Mədəniyyət.- 2010.- 22 yanvar.- S. 12.