İşığa tərəf
Esse
Bütün
qapıların iki tərəfi var - açan və
bağlayan tərəf. Qapıları açanın üzündəki
təbəssüm qapını
döyənin yorğunluğu
ilə tərs-mütənasib
olur çox vaxt, (adətən, axşamlar) ona görə bütün narazılıqlar, bütün
ailə-məişət davaları
gecə doğulur, bütün sülhlərsə
gündüz. Gündüz
də işıqlıdır,
göyərçinlər də
ağ. Allah gecəni nələrisə
gizlətmək üçün
yaradıb, deyirlər,
insanın ürəyi
insanın gecəsidir,
deməli, insanın içi görünmür
və orda həmişə nələrsə
gizlənir.
Bütün
ağrılar, bəlkə də, bizi sınamaq
üçündür, biz bəlkə də, laboratoriya
dovşanından özgə bir varlıq deyilik? Yalnızlıq insanın təkliyidir, yalnız olmaq istəyirik, amma insan çoxluğunu
heç vaxt dəyərləndirə bilmirik.
Çünki çoxluqda
düşünmə, dəyərləndirmə
imkanımız olmur.
… Dilənçilər
bizim üçün
dua edirlər: “Allah sənə kömək olsun”. Gərək bu sözü pul verərkən biz də onlara
söyləyək, çün
əsl kömək onlara lazımdır. Hər ağızda bir dua var,
deyirlər, biz də hər qəpiklə bərabər,
onlara bir dua etsək, daha yaxşı olar. Şəhərdə
papağını yerə
qoyub tütək çalan uşağın
aqibəti məni daha çox düşündürür. Sanki
biz sənətin küçə səviyyəsinə
enməyinə görə
ona pul ödəyirik,
o da bunu
qəbul edir,”əsl sənətkar” kimi.
Bütün yollar
bir-birinə birləşir, bütün ağrılar bir-birinə
oxşayır, sanki biz kiminsə yarımçıq
qalmış ömrünü tamamlayırıq. Və bir gün
Əzrail “Dünya” restoranına gəlib bizi sifariş verir. Və bu da son.
Son sözünün
arxasına üç nöqtə qoyan adamların ümidlərinin
böyüklüyü məni təəccübləndirir (bu
hal mənə də aiddir), nöqtə daha çox tamamlamadır.
Amma həm də onlara haqq qazandırıram, bəlkə də,
onlar sonun sonrasını düşünürlər.
Ana bətnindən
düşdük bazara,
Bir kəfən aldıq
endik məzara.
“Qızıl balıq”
nağlılı, yəqin, yadınızdadır, əvvəl
kasıb, sonra varlı, sonra yenə kasıb. Biz də beləyik.
Dünyaya lüt gəlirik, sonra varlanırıq və bütün, pulumuzu yığıb kəfən
alıb gedirik qara torpağa. Bəzi varlılarsa sanki daha bahalı
kəfən almaq üçün çalışırlar.
Yunus Əmrənin yuxarıdakı misrasındakı
bu məna bizim həyatımızın
həllidir. Gedək üzü it hürən tərəfə,
ən azından həyat öz mövcudluq aktını orda səslə sübuta yetirir.
Uşaqlar kağız gəmilərinin
suda cırıldığına təəccüblənir,
amma suyun böyük gəmilər
batırdığını xatırlamırlar. Uşaq təmizliyi və ümidi ilə yenə dəftərindən vərəq
çıxarıb, yeni
gəmi düzəldirlər.
Kağızlarına və
suya güvənərək.
Böyük otaqlardan
balaca adamların çıxması, həmin adamların
içindən bəzən adamların çıxmaması
hallarını gördüm həyatda. “Kinderin”dən hədiyyə
çıxmayan uşaqlar sayaq təəccübləndim.
Çırtdan nənəsinin
yaxmacını yeyə-yeyə gedir. Odun
qırıb qayıdacaq,
odununa dostları kömək edəcək.
Hərdən qorxaq nağıl tiplərinə
də “nağıl qəhrəmanı” deyirlər.
Təəccüblüdür, bu qədər qorxaq adama da
qəhrəman deyərlər?
Görünür, adamın
canı çıxınca,
adı çıxsın
da lazımlı ifadədir. Koroğlunun dəlilərini şizofrenik
olduğunu zənn edən “ölü canlar” tanıyıram. Adamları silkəliyin, bəlkə, içlərindən
adam töküldü.
Baxmayaraq ki, təzə
gün gecə saat 12-dən sonra başlayır, amma hamı
bunu səhər oyandığı vaxtdan hesablayır,
çünki işıq o vaxtdan dünyaya yayılır. Deməli, işıq başlanğıcdır. Nə
isə gedək işığa tərəf.
… Ah Puşkin,
Puşkin, şairlər
ölürlər e... şairlər! Dueldə ölmək necə də maraqlıdır, içində, daxilində
ölməkdən. Bəlkə,
sən sözü udmuşdun, Puşkin, sözü udanlar silaha “təslim” olurlar axı.
Qəhrəmanlar iki
cür olur, söz və qol qəhrəmanı. Hər gün
bu dünyada “bir, iki, üç deyib” özünü mənən
öldürən adamları görəndə, onların necə
balaca olduğunu, bizlərdən nələri umduğunu
görəndə elə bilirəm ki, bura “Liluputstandır”, mən
də Qulliver.
Ümumiyyətlə,
dünyanın 371 mln kv/km-dir deyənlərinin də səmimiyyətinə
tam inanmıram. Çünki dünya bizim dəyərləndirdiyimiz, qavradığımız
miqyasdadır. Adamların
bəzilərinin içlərindəki
“xəritələr” cırılıb.
Kaş bütün dərdləri
də ürəyimizdən siqaret tüstüsü kimi buraxa
biləydik. Amma bizim
daxili samovarımızın
düdkeşi qapalıdır.
Tüstü içəri
vurur. Bax bu da adlanır
ürək yanğısı.
Yanmaq həm də işıq salmaqdır, gedək işığa sarı...
Qəribədir ki, heyvanlar güzgüyə
baxanda heyvan olduqlarını anlayıb
qorxurlar. Amma hər səhər güzgüyə baxıb
saçlarını darayan
adamlar insan olduqlarını xatırlamayaraq
qeyri-insani işlər
görürlər. Aynada
əclaf da, idiot da, vicdanlı
da görə bilərsiniz. İçimizdəki
adamı tanısaq, çölümüzdəki (əksimizi)
adama salam verməyin nə dərəcədə doğru
olduğunu başa düşərik. Nə isə yazmaqla qurtaran deyil, yazmaqla qurtarmaq olsaydı, daha biz yazmazdıq, bizdən əvvəlkilər
yazıb qurtarardılar
çoxdan. Gedək işığa sarı.
Fərid Hüseyn
Mədəniyyət.- 2010.- 22 yanvar.- S. 12.