Ağac üzərində
möcüzə
Vüqar Məmmədovun əl
işləri İran və Türkiyənin müxtəlif sərgi salonlarında saxlanılır
Sənətkarlar yaratdıqları əsərlərdə
mənsub olduqları xalqın incəsənətini,
tarixini peşəkarlıqla
qoruyub saxlayırlar. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir desək, yanılmarıq. Çünki
ölkəmizin elə
bir regionu yoxdur ki, oranın
özünəməxsus sənətkarlığı
olmasın. Bu gün sənət adamları da onlardan bəhrələnir,
müasirliyi və qədimliyi özündə
birləşdirən dəyərli
sənət nümunələri
yaradırlar. Öz əsərlərində bu
meyarları əsas götürən, bir sıra yerli və beynəlxalq sərgilərdə iştirak
edən belə sənət adamlarından
biri də Vüqar Məmmədovdur.
Biz də onunla görüşüb
maraqlı sənət
dünyası haqqında
danışdıq. Müsahibimiz
söhbətə həyat
və sənət yolundan danışmaqla başladı.
- 1969-cu ildə
Ordubadda anadan olmuşam. 1984-cü ildə
Bakı şəhərində
yerləşən 45 saylı
orta məktəbi bitirmişəm. 1988-ci ildə
A.Zeynallı adına Bakı Musiqi Texnikumunda, 1998-ci ildə isə Bakı Musiqi Akademiyasında ali musiqi təhsili
almışam. Dağlıq
Qarabağda erməni hərbi birləşmələrinə
qarşı gedən döyüşlərdə iştirak
etmişəm. Eyni zamanda Çin döyüş sənəti
- uşu və yapon döyüş sənəti ciu-citsu üzrə məşqçi-müəlliməm.
Hazırda “Mövlanə”
uşaq musiqi qrupuna rəhbərlik edirəm. 1997-ci ildən bədii xəttatlıqla,
2004-cü ildən isə
ağac üzərində
Quran ayələrinin yazılması ilə məşğulam. Hazırda
Bakı şəhəri
28 saylı Uşaq Musiqi Məktəbində tədris işləri üzrə müdir müavini vəzifəsində
çalışıram və
yaradıcılıq işimi
də davam etdirirəm.
- Sizi möcüzəli və qeyri-adi sənət aləminə gətirən
yol hardan başladı?
- Döyüş
sənəti ilə məşğul olduğum
dövrdən bu sahəyə marağım
artdı. 1990-cı ildə
SSRİ-nin müxtəlif
şəhərlərində (Bişkek, Aluşta, Moskva) Pekin UŞU Akademiyasının professorları
tərəfindən keçirilən
praktik seminarlarda uğurla iştirak edərək, məşqçi
diplomuna layiq görülmüşəm. Pekin
UŞU Akademiyasında təhsil
almaq üçün
Pr.Li Çzi Şen tərəfindən
dəvət aldım.
Bu dəvət Azərbaycanın
müharibə dövrünə
düşdüyünə görə imtina etməli oldum. Praktik seminarlarda eyni zamanda Çin
kalliqrafiyası ilə
yaxından maraqlandım
və bu təsirdən 7 il sonra bədii xəttatlıqla məşğul
olmağa başladım.
- Daha çox hansı materiallardan istifadə edirsiniz?
- Ağac
üzərində işə
«Allah və Bismillah» yazmaqla başlamışam.
Daha çox ağac üzərində
Quran ayələrini yazıram. Material kimi ən çox qoz ağacından istifadə edirəm. Bu ağacın əldə olunmasında böyük çətinlik çəkirəm.
Ümumiyyətlə, bu
işin hər addımı böyük çətinliklərdən keçir.
Məsələn, emalatxanam
yoxdur. Ev şəraitində də
hər zaman çalışmaq olmur. İş prosesində texniki alətlərdən
və ən çox da xüsusi
iskənələrdən istifadə
olunur. Bu işin əsas mexanizmi isə Allah kəlamına
ehtiram və sənətə böyük
bir sevgi ilə yanaşmaqdır.
- Beynəlxalq
sərgilərdə iştirak
edirsinizmi? Bunlar dəvətlər əsasında
reallaşır, yoxsa şəxsi təşəbbüsünüzlə?
- Həm
yerli, həm də beynəlxalq sərgilərdə tez-tez
iştirak edirəm.
2004-cü ilin noyabr ayında Təbriz şəhərində keçirilən
sərgidə bədii
xəttatlığa aid 4 işim
nümayiş etdirilib.
2006-cı ildə Tehranda
keçirilən 14-cü Beynəlxalq
Quran Sərgisində Azərbaycanı təmsil
etmişəm, 9 işim
nümayiş etdirilib.
2-ci dəfə daha kamil işlərlə
2009-cu ildə Tehranda keçirilən 17-ci Beynəlxalq
Quran Sərgisində iştirak etmişəm.
2007-ci ilin yanvar ayında Təbriz şəhərində keçirilən
Beynəlxalq Kalliqrafiya
Festivalında bədii
xəttatlığa aid bir
neçə işim nümayiş etdirilib. Ümumilikdə İranda
4 sərginin iştirakçısı
olmuşam. Bu sərgilər
yüksək səviyyədə
təşkil olunub.
- Sizi tez-tez ölkəmizdə keçirilən sərgilərdə
görürük. Ötən
il neçə sərgidə iştirak etmisiz?
- Yerli sərgilərin demək olar ki, əksəriyyətində
iştirak edirəm. Aprelin 18-də Bakı İslam mədəniyyəti
paytaxtı çərçivəsində
Qobustan Dövlət Tarixi Qoruğunda 16, həmin ayın 27-də isə Qala qoruğunda
16 işim nümayiş
etdirilib. Azərbaycan Turizm İnstitutundakı əksər sərgilərə
dəvət edilirəm.
May ayında burada keçirilən sərgidə
isə 17 işim nümayiş etdirildi. Ötən ilin iyun ayında İranın Azərbaycandakı
Mədəniyyət Mərkəzi
Bakıda böyük
bir tədbir təşkil etmişdi. Həmin tədbirə məni də dəvət etmişdilər.
Burada nümayiş etdirilən 16 işim iştirakçıların böyük
marağına səbəb
oldu. 2009-cu il oktyabr ayının 5-də
Əl Oyunlari İdman Sarayında keçirilən Beynəlxalq
Kulinariya Festivalında
təşkil olunan sərgidə də 12 işim seyrçilərin
ixtiyarına verildi. Ötən ilin noyabrında Mədəniyyət
və Turizm Nazirliyinin Muzey Mərkəzində təşkil
etdiyi sərgidə
13, yenə həmin ünvanda təşkil olunan I Respublika Dekorativ-tətbiqi sənət
sərgisində isə
20 işim sərgilənib.
Həmin sərgi I dərəcəli diploma layiq
görülmüşəm. 2009-cu il dekabr ayının
4-də Muzey Mərkəzində
təşkil olunan “Ağ-qara” sərgisində
3, dekabrın 9-da Turizm
İnstitutunda 34, həmin
ayın 22-də Muzey Mərkəzində təşkil
olunan I Ümumrespublika
dekorativ-tətbiqi sənət
festivalının yekun
sərgisində 4 işim
nümayiş etdirilib.
Bundan əlavə,
2009-cu ilin avqust ayında Misirin Mədəniyyət Nazirliyindən
fərdi sərgimin keçirilməsinə dair
dəvət almışdım.
Maliyyə problemi ucbatından bu sərgidən imtina etdim. Sərgi üçün yalnız
yol xərci tələb olunsa da, əlaqədar təşkilatlardan heç
biri müraciətimə
müsbət cavab vermədi.
- Azərbaycan
və ya hansısa xarici ölkənin sərgi salonlarında işləriniz
saxlanılırmı?
- Bir neçə ölkənin
sərgi salonunda əl işlərim var. Məsələn, Tehranda və Türkiyədə müxtəlif sərgi salonlarında işlərim
saxlanılır.
Fəxriyyə ABDULLAYEVA
Mədəniyyət.- 2010.- 22 yanvar.- S. 7.