Televiziyamızın mogikanı

 

«Azərbaycan televiziyasının ən nadir tapıntısı Elşad Quliyevdir. Bu adam necə yetişib, hardan gəlib - mən indiyə qədər anlaya bilmirəm».

 

Rəşid Behbudov

 

Böyük Azərbaycan şairi Xaqani demişdir: «Xəyal gəmisini quraqlıqlarda qovma, onu tufanlarda sınamağa çalış». Məşhur televiziya nəzəriyyəçisi, praktiki və teletənqidçisi, ssenarist, Azərbaycanın əməkdar incəsənət xadimi, professor Elşad Heybət oğlu Quliyev hələ çox gənc yaşlarından xəyal gəmisini reallaşdıraraq sıravi tərcüməçidən tutmuş (1966) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədrinədək (1983-1990) bütün vəzifələrdə düşdüyü tufanlardan alnıaçıq çıxıb, peşəkar yaradıcılığını sarsılmaz iradəsi ilə davam etdirib.

 

1992-ci ildə o, yenidən AzTV-nin sədri təyin edilərkən hamını heyrətə salan bir iş görür: televiziyanın əməkdaşları «yuxarılar»ın diktəsi ilə fəaliyyət göstərdiklərinə görə efirdə xalqdan üzr istəyirlər. Lakin AXC-nin hakimiyyətə gəlişi sədrin növbəti istefası ilə nəticələnir.

Qiyabi də olsa bir-birimizi yaxşı tanıyırdıq. Məhz televiziyaya qayıtdığı ilk günlərin birində Elşad müəllim məni yanına çağırıb televiziyada yenicə açdığı Xarici filmlərin dublyaj redaksiyasına müdir vəzifəsini təklif etdi. Razılığımı alandan sonra o, istər dublyaj, istərsə də kino haqqında çox maraqlı fikirlər söylədi, tapşırıqlar verdi.

Elşad müəllim işıqlı şəxsiyyət idi. O, istedadı olan insanlara xüsusi hörmətlə yanaşırdı.

Musiqimizin ən gözəl tərənnümçüləri həm də müğənnilərdir.

Həm özünə, həm də digər yaradıcı adamlara qarşı hədsiz tələbkar olan Rəşid Behbudovu telestudiyaya gətirmək, onunla çəkilişlər aparmaq televiziya işçiləri üçün həmişə problem olub. Bir musiqi nömrəsini çəkmək üçün ən azı bir neçə gün lazım olurdu. Buna baxmayaraq, E.Quliyev bu sənətkarın böyüklüyünə elə məftun idi ki, bütün çətinliyi gözünə alıb, nə olur-olsun, onun çıxışlarını çəkib göstərmək istəyirdi. Elşad müəllim danışırdı ki, həcmi bir saatdan çox olan «Rəşid Behbudov» filmini, eləcə də ayrı-ayrı musiqi nömrələrini çəkmişdik. Film başdan-başa musiqi nömrələrindən ibarət idi. Buna baxmayaraq nə ondan bir müğənni kimi doymaq olurdu, nə də o özü bizə ondan doymağa imkan verirdi.

Daha bir maraqlı misal. E.Quliyevin dediklərindən: «Mən Vaqif Səmədoğlu ilə həmişə fəxr etmişəm. Bu fəxri mənə gətirən qollardan biri onun televiziyada veriliş aparmasıyla bağlıdır. «Caz klubu» verilişinin məşhur aparıcısı Vaqifin bir şair kimi tanınmasında mənim də bir balaca rolum olub.

Bir dəfə Rüstəm İbrahimbəyov zəng edib çağdaş şairlər - Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Bayatlı haqqında ssenari yazmaq istədiyini söylədi. Beləliklə, «Üç çinar yarpağı» adlı film ortaya çıxdı və geniş kütlədə bu üç şairin yaradıcılığı haqqında az da olsa təsəvvür yaratdıq. Əslində «Üç çinar yarpağı» çəkiləndə Vaqif Səmədoğlu yarpaq yox, çinar qədər möhtəşəm idi».

E.Quliyev telestudiyada böyük təşkilati işlər aparmaqla yanaşı, «Azərbaycantelefilm» Yaradıcılıq Birliyində televiziya filmlərinin həm kəmiyyət, həm də keyfiyyət baxımdan yaxşılaşmasına bir sədr kimi xüsusi diqqət yetirirdi. Onun rəhbərliyi dövründə istər respublika, istərsə də ümumittifaq televiziyası üçün onlarla dəyərli film istehsal olunmuşdur. Həmin filmlərin yaradıcı qruplarının üzvlərinin əksəriyyətini vaxtilə Elşad müəllim işə götürmüşdür.

E.Quliyev özünün dediyi kimi, televiziyaya gəldiyi gündən teleməkanın «qaynar qazan»ında qaynayıb. İlk gündən başlayaraq bütün dövrlərdə televiziyanın inkişafında mühüm rol oynayıb. Təsadüfi deyil ki, Azərbaycan mətbuatı həmin dövrdə də, bu gün də 80-ci illəri kinonun və televiziyanın intibah, çiçəklənmə dövrü adlandırır.

Elşad müəllim vaxt tapdıqca özü də ssenarilər, hekayə və şeirlər yazır, başqa adla radioda səsləndirirdi. 1977-ci ildə Leninqradda (Sankt-Peterburq) VII Ümumittifaq televiziya filmləri festivalında tammetrajlı «Sovet Azərbaycanı» televiziya filmi mövzunun publisistik həllinə görə SSRİ Jurnalistlər İttifaqının prizinə layiq görülmüşdür.

E.Quliyevin qələmə aldığı «Şəki» ssenarisi Şəki şəhəri, onun sakinləri, nailiyyətləri və özünəməxsus mədəniyyəti haqqında lirik hekayədir. Bu ssenarini rejissor V.Babayev 1977-ci ildə lentə almışdır. Filmdə qədim Şəkinin tarixindən, Azərbaycanın inkişaf etmiş şəhərlərindən birinə çevrilməsindən, ipək sənayesinin mərkəzi olmasından, bura gələnlərin diqqətini xüsusilə cəlb edən Xan sarayından, Gələsən-Görəsən qalasının memarlıq elementlərindən, şəkililərin bugünkü qayğılarından, bu torpaqda doğulub məşhurlaşmış insanlarından məhəbbətlə söhbət açılır. Üçhissəli bu filmdə müəlliflər material bolluğu baxımından tamaşaçıda bölgə haqqında ətraflı təəssürat yarada bilmişlər.

«Şəki» filmi Vladivostokda keçirilən Ümumittifaq Televiziya filmləri festivalının (1978) prizini almışdır.

Bundan başqa, E.Quliyevin ssenariləri əsasında daha bir neçə sənədli film, o cümlədən «Xuraman» (1978), «Muğanda bir kənd var» (1978), «Qızılı yamaclar» (1984), «Nəbi Xəzri» (1986), «Oxu, tar» (1989) və s. televiziya filmləri çəkilmişdir.

Ucsuz-bucaqsız qızılı-sarı taxıl zəmiləri. Kombaynların səsi ətrafa yayılır. Ön planda durmuş qadın əlini gözünün üstünə qoyub işin gedişini izləyir. Sonra o, əlini yelləyib yaxınlıqdakı kombayn sürücüsünü yanına çağırır və deyir: «Bir bax, sən çox səliqəsiz işləyirsən. Gör bir nə qədər yığılmamış taxıl qaldı...»

Sonra biz bu qadını müxtəlif şəraitdə - bayram mərasimində, toyda və öz evində görürük. O, hər yerdə dəyişməz, qətiyyətli və işgüzardır, sevimli anadır. Bu qadın məşhur təsərrüfat başçısı, bacarıqlı təşkilatçı, Ağdam rayonundakı Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovadır.

Film-portret janrında çəkilmiş bu sənədli filmdə əmək mövzusu, vəzifə sahibinin işə canyandırması, məsuliyyəti ön plana çıxarılmışdır. 1979-cu ildə Bakıda keçirilən VIII Ümumittifaq Televiziya filmləri festivalında «Xuraman» sənədli filmi Qran-Pri mükafatına layiq görülmüşdür.

«Azərbaycantelefilm» YB-də E.Quliyevin ssenarisi üzrə rejissor N.Abbasovun lentə aldığı «Muğanda bir kənd var» rəngli sənədli film-portreti el ağsaqqalı Nuruş Əliyevə ithaf olunmuşdur.

Elşad müəllimin ssenarilərinin əksəriyyəti film-portret janrındadır. Rejissor V.Babayevin çəkdiyi «Qızılı yamaclar» filmi Azərbaycanın məşhur kolxoz sədri N.Nikitinin həyat və fəaliyyətindən bəhs edir. Lakin müəlliflər burada nəinki İsmayıllı bölgəsində, hətta bütün ölkədə tanınan bu bacarıqlı təsərrüfat rəhbərinn tərcümeyi-halı vasitəsilə, əslində, İsmayıllı rayonunun İvanovka kəndi, onun zəhmətsevər əməkçiləri barəsində məhəbbətlə söhbət açırlar.

Azərbaycanın xalq şairi Nəbi Xəzrini C.Cabbarlının ev-muzeyində tez-tez görmək olardı. Böyük dramaturqa həsr olunmuş tədbirlərdə o, məmnuniyyətlə iştirak edərdi. O vaxtlar şair Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri vəzifəsində çalışırdı. Nəbi müəllim maraqlı həmsöhbət idi. O, deyirdi ki, dünyanın hansı ölkəsində olursa-olsun, geri qayıdanda mütləq Xırdalandakı ata evinə baş çəkərdi. Valideynləri rəhmətə getsə də, bacısı Şirin həmin evin ocağını sönməyə qoymurdu. Şair hətta bacısına poema da həsr etmişdi. Bu xeyirxah və sədaqətli qadın öz həyatını qura bilmədiyi üçün ata evində qardaşının kitablarını, əlyazmalarını, saysız-hesabsız fotoşəkillərini, məktublarını, qəzetlərini göz bəbəyi kimi qoruyub saxlayırdı. Qəribə də olsa, 1941-ci il iyunun 22-də kənddə Şirin xanımın toyunu edirlər. Səhəri gün isə əri cəbhəyə yola düşür və bir daha geri qayıtmır.

Təsadüfi deyil ki, yenə də E.Quliyev və V.Babayev yaradıcılığının məhsulu olan «Nəbi Xəzri» sənədli filminin ilk kadrları şairin Xırdalandakı evində bacısı Şirinlə başlayır. Sonra qırx dəqiqə ərzində mavi ekranda biz Nəbi Xəzri poeziyasını dinləyir, onun poema və şeirlərinin qəhrəmanları ilə tanış oluruq. Çinarlı bağ, Abşeron çimərliyi, Xəzərin şıltaq dalğaları, pambıq tarlaları. Sumqayıtın qaynar həyatı, əfsanəvi Neft Daşları biri digərini əvəz edir. Bütün bunları görkəmli şair öz əsərlərində böyük məhəbbətlə vəsf etmişdir. Nəbi Xəzrinin yaradıcılıq ab-havasına qatılaraq düşüncələrə dalmasını, şeirin yaranması prosesini müəlliflər sənətkarlıqla lentə köçürə bilmiş və ekranda şairin obrazını uğurla yaratmışlar.

Tanınmış şairlərdən Ysayev, R.Həmzətov, Oestinski və Msmayılın qələm dostları Nəbi Xəzri haqqında hər cür imtahandan, sözçülükdən uzaq fikir söyləmələri, səmimi, ürəkdən gələn söz demələri filmin ən qiymətli kadrlarıdır.

Filmin diqqəti cəlb edən cəhətlərindən biri də Mərkəzi Televiziya ilə gəstərilməyinə baxmayaraq, şairin öz şeirlərinin doğma ana dilində söyləməsidir. Həmin şeirlər eyni zamanda tərcümədə rusca da səslənir.

«Nəbi Xəzri» filminə baxarkən və şairi, onun şerlərini dinləyərkən bu insanın, onun düşüncə və hisslərinin sənə nə qədər yaxın və doğma olduğunu bir daha yəqin edirsən.

Kinodramaturq E.Quliyevin «Oxu,tar» ssenarisində, adından da göründüyü kimi, Azərbaycanın qədim musiqi alətini ustalıqla dilləndirən məşhur tarzən Ramiz Quliyevin yaradıcılığından, onun qastrol səfərlərindən, ifaçılıq sahəsində qazandığı böyük uğurlarından söhbət açılır.

Rejissor B.Ağayevin çəkdiyi bu filmin kompozisiyası çox tutumludur. Yəni 4 hissədən ibarət olan sənədli filmdə virtuoz ifaçının məharəti bütün əlvanlığı ilə açılıb göstərilir.

Deyirlər, böyük istedadlı insan hərtərəfli istedada malik olur. Bu, həqiqiətən belədir. E.Quliyev ADU-nun (indiki BDU) filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. Tarix elmləri namizədidir (1991). 1990-2008- ci illərdə «Bilik» Cəmiyyətinin sədri olmuşdur. Maarifçilik sahəsindəki uğurlu işi akademik Vavilov adına Beynəlxalq medala layiq gbrülmüşdür. Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü idi. Onun «Telekamera və mikrofonla» (1985), «Televiziya iki əsrin ayrıcında» (1993) və «Televiziya: nəzəriyyə, inkişaf meyilləri» (2004) kitabları çap olunmuşdur.

Təsadüfi deyil ki, zəmanəmizin böyük bəstəkarı Qara Qarayev E.Quliyevlə görüşlərinin birində uzaqgörənliklə onun barəsində demişdir: «Çox məmnun oldum ki, Azərbaycan Teleradio Komitəsində sənin kimi gənc bir kadr yetişib və sabah idarə etməyə hazırdır».

Sədr olandan sonra günlərin birində digər görkəmli sənətkarımız, böyük dramaturq və yazıçı İlyas Əfəndiyev ilk dəfə E.Quliyevlə rastlaşarkən diqqətlə üzünə baxıb dedi:

- Televiziyanın Elşad Quliyevi səniymişsən?

- Bəli, mənəm, - deyə Elşad müəllim cavab verir.

- İgidin adını eşitmişdim, amma özünü görməmişdim. İndi görürəm ki, adın özünə, özün də adına yaraşırsan...

Bu igidin - Elşad Quliyevin adı Azərbaycan mədəniyyət və incəsənət tarixinə əbədi həkk olunub. Onun haqqında «Telefenomen Elşad Quliyev ilə 16 saat söhbət» adlı sanballı kitab işıq üzü görüb, Az.TV-də onun həyat və fəaliyyətinə həsr olunmuş «Ömrün teleformatı» sənədli filmi çəkilib. İllər ötüb keçsə də, Elşad Quliyev fenomeni yazdığı əsərlərdə, çəkdiyi filmlərdə, xalq üçün gördüyü böyük əməllərdə daim yaşayacaqdır.

 

 

Aydın Kazımzadə,

əməkdar incəsənət xadimi,

kinoşünas

 

Mədəniyyət.- 2010.- 22 yanvar.- S. 6.