66 yaşın hesabatı
Hacı İsmayılov: “Amma bizim aktyor sənəti də
asılı sənətdir”
Teatrda bir çox rollar ifa etsə də,
hamımızın yaddaşında “Ad günü” və “Həm
ziyarət, həm ticarət” filmlərindən Mustafa obrazı
ilə qalmış xalq artisti Hacı İsmayılovun bu
gün 66 yaşı tamam olur. Uğurlu və keşməkeşli
yaradıcılıq yolu keçmiş sənətkarımıza
“Mədəniyyət” qəzeti olaraq daha böyük
uğurlar arzu edir, ad gününüz mübarək olsun,
deyirik!
- Necə oldu ki, “mən
aktyor olmalıyam” qərarını qətiləşdirdiniz?
- Mən hələ məktəbdə
oxuyarkən (190 N-li) dram dərnəyinin üzvü idim. Rəhbərimiz
kinorejissor, xalq artisti Tofiq İsmayılov idi. Sənətə
ilk addımlarım o dövrdən başladı. Sonra
Lütfi Məmmədbəyovun rəhbərliyi altında Xalq
teatrına getdim və 1963-cü ildə Mirzağa Əliyev
adına Azərbaycan Teatr İnstitutunun kino və dram
aktyorluğu fakültəsinə daxil oldum.
- Bu vaxtadək həm kinoda,
həm teatrda bir çox rollar ifa etmisiniz. Kinoda
debütünüz olan Mustafa rolu Sizə böyük uğur
gətirdi. Bu obraz öz ifaçısına başqa nə
verdi?
- O vaxt mən Milli Akademik
Dram Teatrının aktyoru idim. Bu illər ərzində C.
Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dublyajla,
filmlərin səslənməsi ilə məşğul
olmuşam. Elə o vaxt da kinoya çəkilməyə
böyük həvəsim var idi, lakin o dövrün filmlərində
çəkilən aktyorlarla müqayisə edəndə
özümü bir qədər kinoya uyğun
görmürdüm. Bir dəfə təsadüfən görkəmli
rejissorumuz Rasim Ocaqov mənə yaxınlaşdı və “Ad
günü” filminin sınaq çəkilişlərinə dəvət
etdi. Təbii ki, o an çox sevinmişdim. Sınaq çəkilişləri
uğurlu oldu və mən təsdiqləndim. 1976-77-ci illərdə
film çəkiləndən sonra mənim şəxsi və
aktyor həyatımda böyük dəyişikliklər oldu,
tamaşaçılar tərəfindən hüsn-rəğbətlə
qarşılandım.
- Elə o ictimaiyyət
arasında sizə münasibətdən danışın.
- Əlbəttə, mən sənətə
şan-şöhrət üçün gəlməmişəm.
Bu sənəti uşaqlıq illərindən sevmişəm.
Bu sənətin çətinlikləri var; ola bilər ki,
bütün ömrünü bu sənətə həsr edən
tamaşaçı rəğbəti qazanmasın. O dövrdə
hamı istərdi ki, onu küçədə, nəqliyyatda
gedəndə tanısınlar. Amma mən bunu istəsəm də,
gözləmirdim. “Ad günü” filmində 2 əsas rol var:
Mustafa və Əli. Əlini ifa edən gürcü aktyorudur,
bəzən tamaşaçılar elə bilirdi ki,
gürcü mənəm, azərbaycanlı o.
- Jurnalistlərlə
aranız necədi? Sizi ictimaiyyətə olduğunuz kimi təqdim
edə biliblərmi?
- (gülür) Aram
yaxşıdı. Elə “Ad günü” filmindən sonra o qədər
müsahibə alıblar ki... Hətta filmin şəkilləri
o vaxt məndə elə də çox deyildi. Mənə əziz
olan bir neçə şəklim var idi ki, onları da
jurnalistlərdən biri qəzet üçün alıb
aparmışdı. Sonra məqalə dərc olundu, amma o
şəkillər geri qayıtmadı. İndi də o şəkillərin
həsrətindəyəm.
- Yeni çəkilən
filmlərə dəvət alırsınız?
- Keçən il Maqsud
İbrahimbəyovun ssenarisi əsasında, rejissoru Murad
İbrahimbəyov olan “Qardaşım əvəzsizdir” filminə
dəvət aldım. Bu filmdə baş qəhrəmanın
yaxın dostlarından biri olan yaşlı poçt
işçisi rolunu ifa edirəm. Maraqlı, yaddaqalan roldur.
Film artıq, bitmək üzrədir, yəqin ki,
tamaşaçılar onu bu il izləyə biləcəklər.
- Səhv etmiriksə, bu filmdən
öncə də “Mosfilm” və “Tacikfilm”in birgə istehsal
etdiyi “Silah” filmində baş rollardan birini yaratmısız. Bu
filmin aqibəti necə oldu?
- “Silah” filmində
alverçilər sərhəddən silah aparmasın deyə
kəndin keşikçisi rolunda oynayıram. Film müəyyən
qədər uğurlu alındı. Artıq satışda da
var, əldə etmək olar.
- Teatr və kino. Bu iki
ayrılmaz sənətin həyatınızda tutduğu yeri
bir cümlə ilə necə ifadə edərsiz?
- Teatr mənim canım, kino
isə gözümdür.
- Hacı müəllim,
müsahibələrinizdən birində qeyd etmisiniz ki, aktyor
futbolçu kimidir. Bu gün biz topu olub, meydanı olmayan
futbolçulara bənzəyirik. Necə
düşünürsünüz, bu günə qədər
qapıya çox qol vurmusunuz, yaxud istədiyiniz qolları
qapıdan keçirə bilmisiniz?
- (gülür)
Teatrımız hazırda möhtərəm prezidentimizin qərarına
əsasən təmirdədir. Bu gün müsahibə
aldığınız şəraiti də
görürsünüz. Belə bir şəraitdə yüksək
sənət əsərləri ərsəyə gətirmək
son dərəcə çətindir. Çünki teatr
başqa aləmdir.
Bu müddət ərzində
teatrımızın gördüyü işlər az
olmayıb. Uğurlu tamaşalar qoymuşuq. Məsələn,
2009-cu il bizim teatr üçün əlamətdar oldu. Bir
neçə xarici ölkəyə səfərə getdik.
Türkiyəyə iki səfərdə mən də
iştirak etmişəm. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin
“Özümüzü kəsən qılınc” əsərində
Çin şahzadəsinin elçisi Yanq Çunq rolunu ifa
etdim. Bu tamaşayla biz ötən ilin əvvəlində
Ankara və Kayseridə, sonra yayda Tarsus şəhərində
teatr festivalında iştirak etdik. Daha sonra Ceyhan, Mersin və
Karaman şəhərlərində bir daha o tamaşanı
nümayiş etdirdik. Çox uğurlu səfər oldu.
Daha sonra teatrımız H.
Cavidin “Şeyda” əsərini tamaşaya qoydu. Burda da mən
alman rəssamı Maks Müller rolunu ifa etmişəm.
- Eşitdiyimizə görə,
Akademik Milli Dram Teatrında islahatlar keçiriləcək.
Buna münasibətiniz. Ümumiyyətlə, bu islahatlar nələri
əhatə edəcək?
- Düşünürəm
ki, bu islahatlar bir o qədər də geniş olmayacaq.
Çünki teatrımızın aparıcı qüvvələri
əsasən xalq və əməkdar artistlərdən ibarətdir.
Onları işdən azad etmək olmaz, onlar əvəzsizdir.
Ola bilsin ki, islahatlar yeni tamaşalarla, onların bədii tərtibatı
və s. bu kimi hallarla bağlı olsun. Mənə belə gəlir
ki, bütün hallarda teatrımızın xeyrinə ola biləcək
islahatlar aparılacaq.
- Nostalgiyaya tez-tezmi
qapılırsınız və belə hallarda nələr,
kimlər haqda düşünürsünüz?
- Bir müddət olub ki,
filmlərə hər il çəkilmişəm. Müəyyən
bir durğunluq dövrüm də oldu - “Sarı gəlin”
filmindən sonra filmlərə çəkilmədim. Arzu edirəm
ki, bu il filmlərimizin sayı artsın, çünki
tamaşaçı aktyordan yeni rollar gözləyir. Kino sahəsində
ötən illərin, keçmiş günlərin yenidən
geri qayıtmasını, həmin o aktyorlar, rejissorlarla bir daha
yenidən işləməyi çox arzulayıram. Teatrda isə
işim həmişə olub, rollar ifa etmişəm. Belə
baxanda mən bəxti gətirən aktyoram. Teatrda işim
olmayanda kinoda çəkilmişəm. Kinoda olmayanda televiziya
tamaşalarında, filmlərin dublyajında yaxından
iştirak etmişəm. Bu barədə şikayətim yoxdu.
- Bugünkü gənc
aktyorlara münasibətiniz, teatrlara göndərilən kadrlar
ümidvericidirmi?
- Bunun gərək
kökünə nəzər salasan. Bayaq da söhbətimizin əvvəlində
də qeyd etdim ki, mən hələ məktəb vaxtından
artıq dram dərnəklərində rollar ifa edirdim. Bu
gün isə dərnəklər, xalq teatrları
olmadığı üçün cavanlar bu sənətə
birbaşa, bir qədər hazırlıqsız gəlir. Yeri gəlmişkən,
bu ildən mən artıq Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə
məşğulam. Bugünkü gənclərdə hiss edirsən
ki, onların bazaları, bünövrələri əvvəldən
qoyulmayıb. Ona görə də daha çox işləməli
olursan. Əlbəttə, teatrımızın gələcəyi
onlardır, amma onlarda həyati qayğılar çoxdur, hərdən
teatrdankənar işlərə də meyillənirlər. Maddi
vəziyyət yaxşı olsa, sözsüz ki, onlar teatra daha
çox istiqamətlənərlər. Biz özümüz gənclikdə
tərbiyəni özümüzdən əvvəlki nəsil
aktyorlardan götürmüşük. Nizam-intizamsız, zəhmətsiz
heç nə əmələ gəlmir.
- Teatrlarımızda klassik əsərlər
üzərində edilən yeniliklərə münasibətiniz...
- Sözsüz ki, dövr,
zaman dəyişib. İnternet, mobil telefonlar, bir sözlə
texniki tərəqqi dövründə yaşayırıq.
Texnika o qədər inkişaf edib ki, bunlar mütləq teatr,
tamaşalara da sirayət etməlidir.
Klassik əsərlər
teatrın bünövrəsi, təməl daşıdır.
Aktyorların yetişməsi üçün böyük bir
məktəbdir. Təbii ki, yazılan əsəri olduğu
kimi səhnəyə qoymaq da doğru deyil. Əgər əsəri
başqa formada dəyişirlərsə, bu, ifrat dərəcədə
olmamalıdır. Elə olmalıdır ki,
tamaşaçı o tamaşanı qəbul edə bilsin.
- Səhnədə demək
istədiyiniz sözlər qalıb?
- Əlbəttə. Həmişə
bir şeyi bilmək lazımdır ki, tamaşaçı səndən
də ağıllıdır. O, zaldan hər şeyi hiss edir.
Tamaşaçını aldatmaq olmaz. Ona görə də bu
məsuliyyəti dərk etmək lazımdır.
Çalışıram yaşa dolduqca daha dolğun rollar
oynayım. Amma bizim aktyor sənəti də asılı sənətdir.
Rol verəcəklərsə, ifa edəcəksən, verməyəcəklərsə...
- 66 yaşına qədəm
qoyan Hacı İsmayılovun özünə arzusu...
- Adım da Hacıdı,
özüm də Allaha bağlı adamam. Hər bir işimdə
birinci Allah yadıma düşür. Ömrü verən də
odur, alan da. Hərdən cavan rəhmətə getmiş
aktyorları yada salıram. Heç 40-50 yaşı tamam
olmamış bu dünyadan köçüb gedənlərimiz
olub. İndi 66 yaşındayam. İstərdim ki, qalan
ömrümdə - nə yaşayacağamsa televiziyada, teatrda,
kinoda elə rollar ifa edim ki, daha çox yaddaşlarda iz sala
bilsin. Ən böyük arzum budur. Ömür vəfa etsə,
yəqin ki, arzularım həyata keçər...
Söhbətləşdi: Yeganə CANSAİL
Mədəniyyət.- 2010.- 22 yanvar.- S. 5.